İQTİSADİYYAT
Pirşağı qəsəbəsində akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Bakı, 13 yanvar, AZƏRTAC
Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 112 nömrəli məktəbdə məktəbin məzunu görkəmli neftçi-alim, SOCAR-ın birinci vitse-prezidenti, geologiya-mineralogiya elmləri doktoru, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə tədbir keçirilib.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə şirkətin rəhbərliyinin nümayəndələri, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, qəsəbə sakinləri, yubilyarın yaxınları iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin “Xoşbəxt Yusifzadənin 90 illik yubileyinin keçirilməsi haqqında” 2009-cu il 19 dekabr tarixli Sərəncamına əsasən təşkil edilmiş mərasimdə yubilyarın həyat və fəaliyyəti haqqında iştirakçılara məlumat verilib, sonra yeni ekranlaşdırılmış “Azərbaycan neftçisinin rəmzi – akademik Xoşbəxt Yusifzadə” filmi nümayiş etdirilib. Filmdə akademik X.Yusifzadənin keçdiyi həyat yolundan bəhs olunub.
İlk olaraq söz akademikin məzunu olduğu 112 nömrəli məktəbin direktoru Xədicə Babayevaya verilib, o məktəbin tarixi və tanınmış məzunlarından bəhs edib, bu gün də məktəbin hər bir şagirdi üçün akademik X.Yusifzadənin bir ideal olduğunu bildirib.
SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov yubilyarın bir neftçi kimi məziyyətlərindən danışıb, qeyd edib ki, Xoşbəxt müəllimin həyatda qazandığı uğurların rəhni gündəlik fədakar əməkdir.
Yusifzadələr ailəsinin yaxın dostu Akif Quliyev, qonşuları şair Oktay Sultan, Pirşağı poliklinikasının baş həkimi Ramidə İbrahimova çıxış edərək akademiklə bağlı fikirlərini bölüşüblər.
Tədbirdə Azərbaycan klassiklərinin musiqiləri səsləndirilib.