CƏMİYYƏT
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 7,5 kiloqramadək narkotik vasitə aşkarlanaraq götürülüb
Bakı, 21 may, AZƏRTAC
Polis əməkdaşlarının narkotiklərlə mübarizə istiqamətində keçirdikləri tədbirlər nəticəsində 7,5 kiloqrama yaxın narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli xeyli sayda bitki aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Yardımlı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında Jiy kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Masallı rayon sakinləri Zaur Nuriyevdən, əvvəllər məhkum olunan Vüsal Nuriyevdən və Orxan Dəyyanovdan 3 kiloqramdan artıq tiryək aşkar edilib.
Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Musa Əliyevdən 16 qramdan artıq marixuana aşkarlanıb. Əməliyyat-axtarış tədbirləri ilə onun həyətindən isə əlavə olaraq 4,1 kiloqram marixuana götürülüb.
Daxil olmuş məlumatlar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Türkan qəsəbə sakini Rasim Həsənova məxsus həyətyanı sahədən 14, Tovuz RPŞ-nin əməkdaşları Aşağı Öysüzlü kənd sakini Samir Hüseynova məxsus həyətyanı sahədən 4, Neftçala RPŞ-nin əməkdaşları Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Murad Fərzəliyevə məxsus həyətyanı sahədən 5 ədəd çətənə kolları, Xaçmaz RPŞ-nin əməkdaşları isə Niyazoba kənd sakini Ceyhun Hacıyevə məxsus həyətyanı sahədən isə 606 ədəd çətənə toxumu və 35 ədəd çətənə kolu aşkar edərək götürüblər.
Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.