CƏMİYYƏT
Polis iri supermarketlər şəbəkələrində reydlər keçirir VİDEO
Bakı, 4 iyul, AZƏRTAC
Polis əməkdaşları koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtın küçə və prospektlərində, məhəllədaxili yollarla yanaşı, qapalı məkanlarda, o cümlədən iri supermarketlər şəbəkələrində gücləndirilmiş kütləvi nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, supermarketlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun qaydada inzibati məsuliyyətə cəlb olunublar.
Reydlər zamanı marketlərə maskasız daxil olan və buna göz yuman obyekt əməkdaşları polislər tərəfindən müəyyənləşdirilərək qanunvericiliyə uyğun şəkildə ciddi cəzalandırılıblar. Həmçinin tədbir zamanı kassalar qarşısında növbələrin yaranmasının qarşısını almaq və sosial məsafənin gözlənilməsi məqsədilə marketlərdə işləməyən kassaların da fəaliyyəti polislərin müdaxiləsindən sonra bərpa edilib. Supermarketlərə sanitar-gigiyenik qaydalara ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi barədə bir daha xəbərdarlıq olunub.
Koronavirus infeksiyasının insanlar arasında yayılmasının qarşısının alınması məqsədilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə edilməlidir. Əks halda həmin şəxslər və onların maskasız daxil olduqları qapalı məkan sahibləri ciddi cəzalandırılacaqlar.