SİYASƏT


Politoloq: Fransa beynəlxalq hüququn normalarını və özünün beynəlxalq öhdəliklərini pozur

Bakı, 21 noyabr, AZƏRTAC

Fransa Senatının qondarma “Dağlıq Qarabağ respublikası”nın müstəqilliyini tanınması ilə bağlı təşəbbüsü Azərbaycanın ərazi bütövlüyünə zərbə vurmağa yönəlib. Fransa ATƏT-in Minsk qrupunun və BMT-nin Təhlükəsizlik Şurasının üzvlərindən biri kimi beynəlxalq hüququn normalarını və özünün beynəlxalq öhdəliklərini pozur. Bütün dünya ictimaiyyəti açıq şəkildə gördü ki, Azərbaycan BMT-nin uzun illərdir kağız üzərində qalan 4 qətnaməsini özü yerinə yetirərək ərazilərini Ermənistanın işğalından azad etdi. Bu, çox məsuliyyətli, gərgin və ağır bir vəzifə idi və Azərbaycan bu vəzifənin öhdəsindən layiqincə və şərəflə gəldi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Tofiq Abbasov qeyd edib.

Politoloq qeyd edib ki, biz öz hədəfimizə çatmışıq və ölkəmizin ərazi bütövlüyünü təmin etmişik. Lakin görünür, Ermənistanın Fransa kimi havadarları Azərbaycanın qələbəsini, uğurlarını qəbul edə bilmir. Fransa Senatı erməni lobbisinin maraqlarını deyil, Fransanın mənafelərini əsas götürməli, qonşu ölkələrin mövqeyinə nəzər yetirməli və ədalətli mövqe tutmalıdır.

Politoloq bildirib ki, Fransanın hakim siyasi dairələrinin Ermənistana “sevgisi” anlaşılandır. Bu ölkədə erməni lobbisi bir çox məsələləri həll edə bilir. Fransa Senatının qondarma qurumu tanımaq barədə qətnaməni müzakirəyə çıxarmaq təşəbbüsü bir çox məqsədə xidmət edir. Bunlardan birincisi odur ki, son 35-40 il ərzində ermənilər xaricdə və Qarabağda yaşayan soydaşlarına ümid verərək planlı şəkildə müəyyən işlər görüblər, kampaniyalar aparıblar. Bütün bunların əsasında maliyyə məsələləri durur. Təbii ki, dəstək olmadan onlar heç bir iş görə bilməzdilər. Onlar həm də çirkli pulları yumaqla məşğul olurdular. İndi ermənilərə yenidən ümid vermək, onları cuşa gətirmək məqsədilə Fransanın siyasi hakimiyyəti bu yola əl atıb. Onlar yenə də spekulyasiya və manipulyasiyaya əl atırlar. Amma artıq gözəl anlayırlar ki, Qafqaz bölgəsində geosiyasi zəmində vəziyyət dəyişilib.

Politoloqun sözlərinə görə, Fransa prezidenti bu siyasəti yürütməklə bir tərəfdən nüfuzunu geri qaytarmaq, digər tərəfdən isə himayədarlıq etdiyi erməniləri seçki kampaniyasında öz tərəfinə çəkmək istəyir. Bu, avantürist siyasətdir. Bunlar özlərini Qərb dövlətinin liderləri hesab edərək öz sələfləri tərəfindən qoyulmuş azadlıq, bərabərlik kimi prinsiplərə dönük çıxırlar. Dünyada gedən proseslərə dağıdıcı təsir göstərən qüvvə odur ki, qəbul olunmuş normalardan, hüquqi bazadan uzaqlaşmalar qeydə alınır və hərc-mərclik yaranır. Biz bu prosesi məhz Fransanın timsalında görürük.

Tofiq Abbasov bildirib ki, Fransa Senatının deputatları bu qətnaməni təklif etməklə xalqının mənafeyinə xələl gətirmiş olurlar. Onlar bununla Ermənistana dəstəklərini ifadə edirlər, amma bu düzgün yol və istiqamət deyil. Bu səylər heç bir nəticə verməyəcək.

Azərbaycan Prezidenti İlham Əliyev birmənalı olaraq bildirib ki, status məsələsi müzakirə mövzusu deyil. Əgər onlar vaxtında Azərbaycanın təkliflərini qəbul etsəydilər hər şey başqa cür olardı. Rəsmi Yerevan və onun havadarları Azərbaycanın sülhə çağırışlarını qulaqardına vurdular və indi bunun cəzasını çəkirlər. Azərbaycan 44 günlük Vətən müharibəsində öz sözünü dedi və igid oğullarımızın qanı, canı bahasına öz ərazi bütövlüyünü təmin etdi. Noyabrın 25-də Fransa Senatında müzakirəyə çıxarılacaq qətnamənin heç bir təsiri olmayacaq. Bu, erməni lobbisinin təsirinə düşmüş bəzi deputatların Qarabağda yaşayan ermənilərə mənəvi dəstək ifadəsindən başqa bir şey deyil. Heç bir qüvvə bizi yolumuzdan və haqq işimizdən döndərə bilməz. Biz öz qanımız, canımız bahasına ərazi bütövlüyümüzü bərpa etmişik. Azərbaycan haqq işində qalib gəlib. Heç kəsə imkan vermərik ki, bizim Qələbəmizə kölgə salsın.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.