ELM VƏ TƏHSİL
Polşanın ölkəmizdəki səfiri Azərbaycan Dillər Universitetində olmuşdur
Bakı, 7 fevral (AZƏRTAC). Fevralın 7-də Polşanın ölkəmizdəki səfiri Mixal Labenda Azərbaycan Dillər Universitetində (ADU) olmuşdur.
ADU-dan AZƏRTAC-a bildirmişlər ki, görüşdə universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov hazırda regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində ikinci xarici dil kimi polyak dilinin tədrisinin uğurla aparıldığını bildirmişdir. Rektor tələbələrin polyak dilinə böyük maraq göstərdiyini, bu dilin öyrənilməsində yüksək bilik və bacarıq nümayiş etdirdiklərini, eyni zamanda, Polşanın siyasi sistemini, tarixini və mədəniyyətini də öyrəndiklərini vurğulamışdır.
Səfir M.Labenda Polşa səfirliyi ilə ADU-nun əməkdaşlığından, ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsindən məmnunluğunu bildirmiş, bu istiqamətdə ADU ilə əlaqələrin böyük potensiala malik olduğunu vurğulamışdır. Diplomat Polşa universitetləri ilə ADU arasında əməkdaşlığın genişlənməsindən razılığını ifadə etmiş, bu ali təhsil müəssisəsində polyak dilinin tədrisinin genişlənməsində maraqlı olduqlarını diqqətə çatdırmışdır.
Sonra səfir Polşanın Sileziya Universitetindən ADU-ya göndərilmiş kitabları rektora təqdim etmişdir.
Görüşdə, həmçinin ADU-nun digər Polşa universitetləri ilə əlaqələri, universitetdə polyak dilinin tədrisinin genişlənməsinin zəruriliyi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.