DÜNYA
Portuqaliyada yenidən meşə yanğınları tüğyan edir
Lissabon, 9 oktyabr, AZƏRTAC
Portuqaliyanın mərkəzində və şimalında yenidən meşə yanğınları başlayıb.
AZƏRTAC Portuqaliyanın fövqəladə hallar idarəsinin məlumatına istinadla xəbər verir ki, hazırda 1300 yanğınsöndürən maşın yanğın ərazisindədir. Ən təhlükəli ərazi Pampilosa da Serra vilayətidir. Orada hazırda 570 yanğınsöndürən maşın mübarizə aparır. Ötən həftənin cümə günündən şənbəyə keçən gecə başlayan yanğın nəticəsində 3 əsas yol bağlanıb, 6 kənd evakuasiya olunub.
Portuqaliyanın daxili idarəçilik üzrə dövlət katibi Xorxe Qomes yanğın ərazilərində olub, ilkin açıqlamasında yanğının səbəbinin ehtiyatsızlıq və xuliqanlıq olduğunu deyib.
Digər böyük fəlakət isə hazırda Koimbra şəhəri yaxınlığındakı Mortaqu vilayətindədir. Orada hazırda 300 hərbçi işləyir. Digər yanğınlar isə Alvayazer, Braqansa, Robeyra-de-Pena və Vila-Nova de Payva şəhərlərinin ərazilərindədir.
Xatırladaq ki, iyun ayında baş verən meşə yanğınları zamanı 64 nəfər həlak olmuşdu. Ümumilikdə bu il ərzində baş vermiş yanğınlarda 215 988 hektar meşə ərazisi məhv olub. Bu il ilk dəfə olaraq Portuqaliya hökuməti yanğın təhlükəsi dövrünü sentyabrın 30-dan oktyabrın 15-dək uzadıb. Buna səbəb quraqlıqdır.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon