Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 12 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

-Son görüşümüzdən uzun müddət keçib, bu, ötən il olmuşdur. Bu vaxt ərzində bir çox hadisələr baş vermişdir. Birincisi, pandemiya bütün dünyada vəziyyəti tamamilə dəyişmişdir. Bununla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdirmişdir. Hazırda regionda tamamilə yeni vəziyyət mövcuddur. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. Mən həmsədr dövlətlərin başçılarından olan Prezident Putinin dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Mən də həmin fikirdəyəm. Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir.

Beləliklə, Azərbaycan bu məsələni özü həll etmişdir. Biz Ermənistanı döyüş meydanında məğlub edərək, işğalçını məğlubiyyətini etiraf etməyə və Ermənistanın kapitulyasiyası hesab etdiyimiz Bəyanatı imzalamağa məcbur etdik. Ermənistan iqtidarından başqa ölkənin bütün siyasi qüvvələri də bununla razıdır ki, bu, kapitulyasiyadır və onlar bunu alçaldıcı kapitulyasiya adlandırırlar. Bunun tam məsuliyyəti Paşinyanın diktatura rejiminin üzərinə düşür.

Artıq qeyd etdiyim kimi, mən Prezident olaraq bu danışıqlarda 17 il ərzində iştirak etmişdim. Mənim Ermənistanın əvvəlki prezidentləri ilə də danışıqlar aparmaq təcrübəm olmuşdur. Burada hər hansı bir nəticə əldə olunmasa da, proses baş verirdi. Paşinyan prosesi məhv etmişdir. O, danışıqlar prosesinin formatını alt-üst etməyə cəhd etmişdir və onun təxribatçı hərəkətləri və bəyanatları danışıqları tamamilə mənasız etmişdir. Mən dəfələrlə onun hərəkətlərinə və söylədiklərinə istinad etmişəm. Bu, tamamilə qəbuledilməz idi. Onun Azərbaycan dövlətinə və xalqına qarşı təxribatçı və təhqiredici əməllərinə, bəyanatlarına cavab verilməli idi və biz onu ciddi şəkildə cəzalandırdıq. Beləliklə, o, öz məğlubiyyətini etiraf etməyə, atəşkəs üçün yalvarmağa məcbur oldu. Əslində o, bunu 44 günlük müharibə əsnasında hər gün edirdi və gündə bir neçə dəfə dünya liderlərinə zəng edirdi. Onun zəng etmədiyi avropalı lider tapmaq çətin olar. O, atəşkəsin təmin edilməsini xahiş edirdi. Lakin o, mənim şərtlərimə əməl etmək istəmirdi. Halbuki mənim yeganə şərtim var idi. O, isə bir neçə ay öncə mənə 7 şərt irəli sürmüşdü. Mən onları rədd etdim və dedim ki, mənim yeganə şərtim var - torpaqlarımızdan çıx! Əks təqdirdə, Azərbaycanın dəmir yumruğunu görəcəksən. Müharibə zamanı mən bir neçə dəfə bunu bəyan etmişdim. Onun hansısa naziri deyil, şəxsən Paşinyan bizə torpaqlarımızdan çıxmaqla bağlı tarix verən kimi biz dayanacağıq. Nəticədə bu, baş verdi və mən hər zaman olduğu kimi, verdiyim sözə əməl etdim. Paşinyan isə nə mənim, nə də öz xalqının qarşısında heç vaxt vədlərinə sadiq olmadı. O, yalançıdır və hesab edirəm ki, erməni xalqı artıq bunu anlayıb. O, indi də yalan danışmağa davam edir. Ancaq bunun artıq Azərbaycanla heç bir əlaqəsi yoxdur. Bu, artıq Ermənistanın daxili siyasətinə aiddir. Noyabrın 9-dan 10-na keçən gecə o, Bəyanatı imzaladığı andan biz dərhal dayandıq. Növbəti saatda biz dayandıq. Biz, həmçinin qoşunların çıxarılmasına da vaxt verdik. Bundan əlavə, Rusiya Prezidentinin müraciəti əsasında biz onlara Kəlbəcərin boşaldılması üçün əlavə 10 gün vaxt verdik. Halbuki erməni quldurları və Ermənistan qoşunları Kəlbəcərdə etnik təmizləmə apararkən azərbaycanlılara heç bir gün də vaxt verməmiş və onları qətlə yetirmişdilər. Azərbaycanlılar oradan qovulmuş, aprel ayının əvvəli, havanın çox soyuq olduğu vaxtda 3500 metr yüksəklikdə olan dağlardan keçməyə məcbur edilmişlər. Onların bir çoxu oradaca donmuşdu. Biz isə onlara əlavə vaxt verdikdə onlar nə etdilər? Onlar özlərinin tikmədiyi evləri yandırmağa başladılar. Onlar hər şeyi dağıtmağa başladılar. Mənə bir neçə gün öncə verilən məlumata görə, onlar orada bütün su elektrik stansiyalarını dağıtmışlar. Onlar bizim meşələri yandırmış və ağaclarımızı kəsmişlər. Özlərini vəhşi kimi aparmışlar - bu cür davrananlara başqa ad vermək olmaz. Ancaq biz sözümüzü tutduq. Biz müharibəni dayandırdıq. Hər kəsə bəllidir ki, bunu etməsəydik nə baş verəcəkdi. Ermənistan ordusu darmadağın edilmiş, ruhdan düşmüşdü və artıq nə isə etmək üçün heç bir imkana malik deyildi. Biz isə döyüş meydanında cəsarət, ruh yüksəkliyi və peşəkarlıq nümayiş etdirərək ermənilərin onilliklər ərzində ordularının məğlubedilməzliyi haqqında yaratdıqları mifi darmadağın etdik. Biz Azərbaycan Ordusunun məğlubedilməz olduğunu nümayiş etdirdik. Biz işğal edilmiş ərazilərin böyük hissəsini, 300-dən artıq şəhər, qəsəbə və kəndi, o cümlədən Azərbaycanın tarixi Şuşa şəhərini 44 gün ərzində işğaldan azad etdik. Biz kimin kim olduğunu göstərdik. Mən işğaldan azad olunan ərazilərə səfərim zamanı o torpaqlarımızı nə vəziyyətə saldıqlarının şahidi oldum. Bu haqda məlumatım var idi və internetdə bununla bağlı materiallarla da tanış idim. Füzulidə bir dənə də olsun salamat bina yox idi, hər şey yerlə-yeksan edilmişdir. Bir dənə də bina tapılmadı ki, orada bayrağımızı qaldıraq. Ağdamda isə tamamilə dağıdılmamış yeganə tikili məscidin binasıdır. Araşdırdıqda məlum oldu ki, onlar Ağdamda məscid binasını məsafə ölçmək üçün saxlayıblarmış. Azərbaycan Ordusu hücuma keçdiyi təqdirdə onlar bu vasitə ilə məsafəni ölçməli idilər, yəni, məscid istinad nöqtəsi kimi istifadə edilirdi. Lakin biz Ağdamdan əks-hücuma keçmədik və onların gözləmədikləri istiqamətdən irəlilədik. Biz Ağdama bir güllə atmadan gəldik. Bunları danışmağıma səbəb bunun, ilk növbədə, həqiqət olmasıdır. Bundan əlavə, siz bir ildən artıq müddətdən sonra buraya səfərə gəlmisiniz. Mən Azərbaycan xalqı ilə açıq və səmimi olduğum kimi, sizinlə də eyni dərəcədə açıq və səmimi danışmaq istəyirəm. Bütün bu 44 gün ərzində mən xalqa yalnız həqiqəti söyləyirdim. Paşinyan isə həm xalqına, həm də gündə bir neçə dəfə zəng etdiyi tərəfdaşlarına yalan danışırdı. O, bu gün də yalan danışmağa davam edir. Ancaq dediyim kimi, artıq bu məsələ narahatlıq doğurmur. Biz məsələni həll etdik. Biz ərazimizi işğaldan azad etdik. Müharibə zamanı mənə Azərbaycan Ordusunun itkiləri barədə çoxsaylı suallar verilirdi. Mən demişdim ki, biz bu məlumatı müharibə bitdikdə açıqlayacağıq. Belə də oldu, bizim qəhrəmanlarımızın - şəhidlərimizin fotoşəkilləri və onların adları televiziya vasitəsilə nümayiş etdirilir. Müharibə zamanı mən Ermənistan ərazisini işğal etmək niyyətində olmadığımızı bəyan etmişdim. Halbuki sizin də təsəvvür etdiyiniz kimi, bunun üçün bütün imkanlarımız var idi və həmin imkanlar bu gün də mövcuddur. Lakin bizim belə bir niyyətimiz yoxdur. Mənə bununla bağlı sual veriləndə dedim, xeyr, biz öz ərazimizi işğaldan azad etmək istəyirik və öz torpağımızda döyüşəcəyik. Biz sözümüzə sadiq olduq.

Eyni zamanda, bildirmişdim ki, bizim üçün Naxçıvanla quru əlaqəsinin yaradılması həyati əhəmiyyət kəsb edir. Biz buna siyasi yollarla nail olduq və Paşinyan bunu Bəyanat vasitəsilə imzaladı. Bununla da Naxçıvanın Azərbaycanın digər hissəsi ilə əlaqəsi təmin ediləcək. Bunun özü də Azərbaycan üçün vacib tarixi nailiyyətdir. Eyni zamanda, bu, regionun gələcəkdəki fəaliyyəti ilə bağlı müzakirələr üçün yeni imkanlar yaradır.

Müharibə zamanı beynəlxalq mediaya verdiyim çoxsaylı müsahibələrimdə mən bildirmişdim ki, bizim erməni xalqı ilə problemimiz yoxdur. Bizim davamız işğalçılarladır, ərazimizi işğal edən cinayətkarlarladır. Ermənilər isə hazırda ölkəmizin müxtəlif bölgələrində yaşadığı kimi, təhlükəsizlik və ləyaqət şəraitində yaşaya bilərlər. Onların güzəranları da bizim idarəçiliyimiz altında yaxşı olacaq. Biz müharibədən sonra ermənilərin əvvəl yaşadıqları kəndlərin vəziyyətini görürük. Orada səfalət hökm sürüb. İnsanlar oralarda inanılmaz şəraitdə yaşayıblar. Bəs bu işğalın məqsədi nə idi? Nə üçün ermənilər öz xalqının nümayəndələrini uzun illər ərzində orada qul kimi saxlayırdılar? Bilmirəm, görmüsünüz yoxsa yox, müharibənin ilk günlərində Azərbaycan Ordusu Ermənistan ordusunun səngərlərinə daxil olanda, orada məhv edilmiş işğalçıların bəzilərinin bir-birinə zəncirləndiyinin şahidi oldu. Bu, şokedici videolar idi. Yəni, onlar insanları səngərdə durmağa məcbur edirdilər. Qaçmaq, mövqelərini tərk etmək istəyənlərin qarşısı belə alınırdı. Müharibə zamanı onların xüsusi qrupları var idi ki, onlar Ermənistan qoşunlarının arxasında dayanaraq qaçmağa cəhd edən öz millətinin nümayəndələrini qətlə yetirirdilər. Belə hadisələr çox baş vermişdir. Onlar müharibə caniləridirlər. Gəncəni ballistik raketlə atəşə tutmaları, Bərdə və Tərtər şəhərlərinin kasetli və fosforlu sursatla atəşə məruz qalması, işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırma - bunların hamısı hərbi cinayətlərdir və onlar bununla fəxr edirdilər. Sarkisyan və Köçəryan hərbi cinayətkardırlar. Dağıdılmış Ağdam məscidi qarşısında çıxışımda dediyim kimi, biz Sarkisyan və Köçəryanı məğlub etdik. Onlar məsuliyyəti Paşinyanın üzərinə atmaq istəyirlər. Ancaq mən demişəm ki, Paşinyan heç kimdir. O, Sarkisyan və Köçəryan rejiminə qarşı etiraz dalğası üzərində hakimiyyətə gəlmiş təsadüfi insandır. Bu adamın heç bir bilik və təcrübəsi yoxdur. Onun beynəlxalq münasibətlər və ölkənin idarəçiliyi haqqında təsəvvürü yoxdur. Həyatında kiçik bir kolxoza belə rəhbərlik etməyən insandır. Yəni, təkcə onu günahlandırmaq olmaz. Düzdür, o, bizi təhrik etdi, qəbuledilməz hərəkətlər etdi və buna görə cəzalandırıldı. Lakin biz, Sarkisyan və Köçəryan ordusunu məğlub etdik. Bu ordunu 30 il ərzində yaradanlar onlar idi. Beləliklə, bu hərbi cinayətlər hazırda sənədləşdirilir. Biz artıq şəhərlərimizə qarşı törədilən əməllərlə bağlı hüquqi prosedurlara başlamışıq. Biz beynəlxalq tərəfdaşlarımızı dəvət etmişik ki, mülki əhalimiz, infrastrukturumuz, dini və mədəni abidələrimizə dəymiş ziyanın müvafiq təhlili aparılsın. Hər bir şey sənədləşdiriləcək və biz bu cür şəraitə uyğun olaraq zəruri addımlarımızı atacağıq. Qanunsuz məskunlaşdırma hərbi cinayətdir. Minsk qrupu işğal edilmiş ərazilərə rəsmi olaraq iki dəfə missiyalar təşkil etmişdir - birində bu, faktaraşdırıcı missiya adlandırılmış, digər vaxtda isə bunun adı vəziyyətin yerində qiymətləndirilməsi missiyası idi. Anji Kaspşik bunu yaxşı bilir. O, bu prosesin veteranlarından olub. O da oralarda olub.

Eyni zamanda, Minsk qrupunun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfər etmişlər və Ermənistan rejiminin hərbi cinayətlərinin şahidi olmuşlar. Şəhərlərimizin tam dağıdılmasının şahidi olmuşlar. Söhbət yalnız Ağdam və Füzulidən getmir, Cəbrayıl da eyni vəziyyətdədir. Kəlbəcər və Laçında onlar bəzi evlərdən yalnız məskunlaşmaq üçün istifadə edirdilər. Qubadlı ilə Zəngilanda onlar suriyalı erməniləri yerləşdirməyi planlaşdırırdılar və onlardan muzdlular kimi istifadə edirdilər. Əlimizdə ermənilərin istifadə etdiyi muzdlular barədə saysız-hesabsız faktlar var. Mən artıq dedim ki, oranın sakinləri əslində kimlərdir və bunu təkrar etmək istəmirəm. Lakin əlimizdə pasportlar var. Həbsxanalarımızda əcnəbilər var. Bir sözlə, bütün bunlar böyük sual doğurur. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu qədər illər ərzində münaqişə niyə həll olunmurdu? BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü öz imkanlarından, potensialından istifadə edə bilmədi ki, ermənilər çıxmağa məcbur olsun. Hətta bəzi ərazilərdən çıxara bilmədi. Onlar bacarmadı, yoxsa istəmədi? Bu, açıq sual olaraq qalır. Lakin hazırda bu, artıq fərq etmir. Münaqişə həll olunub. Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi. Tez-tez sizdən və rəhbərlərinizdən, eləcə də yüksək rütbəli rəsmilərinizdən eşidirdim ki, münaqişənin hərbi həlli yoxdur. Mən isə deyirdim: Var! Tarix göstərdi ki, mən haqlı idim. Var idi! Fikrimcə, “hərbi variant yoxdur” deyənlərin indi özləri anlayır ki, var idi, çünki onlar, sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər.

Minsk qrupunun həmsədri olan ölkələrin prezidentlərinin bəyanatları olub. Məncə, bu, təxminən on il əvvəl baş verib. Biz həmin bəyanata dəstək verdik, çünki o, müəyyən ümidlər yaratdı. Onlar birgə bəyannamə ilə çıxış etdilər və bildirdilər ki, status-kvo qəbuledilməzdir. Biz dedik: “Bəli. Yaxşı bəyanatdır. Gəlin onun üzərində işləyək”. İndi isə bunu Ermənistana deyin. Mən sizə və sələflərinizə nə qədər deyirdim ki, gedin, deyin ermənilərə çıxsınlar. Onlara təzyiq göstərin. Mən ölkələrinizin yüksək rütbəli rəsmilərinə bunu dəfələrlə deyirdim: “Gedin, deyin onlara, təzyiq göstərin, hələ ki, gec deyil!” Lakin nə baş verdi? Müəyyən vaxt keçdi, ölkələrinizin liderləri bu sözləri dəyişməyə başladılar. Onlar artıq status-kvonun qəbuledilməzliyi barədə danışmadılar. Onlar dedilər ki, status-kvo dayanıqlı deyil. Bu, o deməkdir ki, status-kvo onlar üçün qəbul ediləndir. Bunu hansı başqa formada izah edə bilərik. Onlar Akvildə, Muskokada söylədilər ki, status-kvo qəbuledilməzdir. Sonra da onlar dedilər ki, status-kvo dayanıqlı deyil. Bu, o deməkdir ki, status-kvo artıq qəbul edilir. Bir çox siyasətçilər hesab edirdilər ki, sülhün qorunması üçün yeganə yol status-kvonun qalmasından keçir. Biz isə bunu dəyişdik. Biz göstərdik ki, status-kvo güc yolu ilə, şücaət, müdriklik, siyasət, səylərin səfərbər olunması, Azərbaycan xalqının həmrəyliyi, Azərbaycan hökumətinin iradəsi, Azərbaycan xalqının əzmkarlığı, Azərbaycan əsgərinin müzəffərliyi sayəsində dəyişdirilə bilər. Haqlı olduğumuzu göstərdik.

Sonradan isə əlbəttə, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edildi. Onlar bunu heç vaxt könüllü imzalamazdılar. Biz onları məcbur etdik, Minsk qrupu yox! Biz və Prezident Putin. Bu, reallıqdır. Prezident Putinin müdaxiləsi və səyləri olmasaydı, bu gün, ehtimal ki, vəziyyət başqa cür olardı.

Lakin biz planlaşdırdığımıza nail olduq. Biz işğal olunmuş bütün yeddi rayonumuzu qaytardıq. Biz qədim Azərbaycan şəhəri Şuşanı qaytardıq. Biz Hadrut qəsəbəsini qaytardıq. Xocavəndin bir hissəsini qaytardıq. Suqovuşanı və digərlərini qaytardıq. Əslində, planlaşdırdığımıza nail olduq.

Hazırda isə Rusiya sülhməramlıları oradadırlar, öz fəaliyyətinə başlayıblar. Vəziyyət müəyyən dərəcədə sabitdir. Baxmayaraq, indi mənə məlumat verilib ki, dünən ya erməni yaraqlıları, yaxud “Ermənistan ordusu” adlandırdıqları qalıqlar tərəfindən bəzi terror aktları törədilib. Bu, əlbəttə ki, narahatlıq doğurur. Mənə elə gəlir ki, Ermənistan yenidən başlamağa heç bir vəchlə cəhd etməməlidir. İki gün öncə şanlı Qələbəmizə həsr olunmuş hərbi paradda mən söylədim ki, əgər Ermənistan faşizmi yenidən baş qaldırarsa, biz onun başını dəmir yumruqla əzəcəyik. Buna görə onlar çox diqqətli olmalıdır ki, hər hansı hərbi əməlləri planlaşdırmasınlar. Bu dəfə biz onları tamamilə darmadağın edəcəyik. Bu, heç kəs üçün sirr qalmalı deyil. Lakin ümid edirəm ki, bu, baş verməyəcək. Bir sözlə, sülhməramlıların missiyası qüvvədədir. Bilirsiniz ki, sülhyaratma əməliyyatları müzakirə olunmuş razılaşmanın, Madrid prinsiplərinin bir hissəsidir. Lakin biz bunu heç zaman ciddi müzakirə etməmişik. Anji bir veteran kimi bunu bilir. Biz həmin mövzuya hətta heç vaxt toxunmamışıq.

Biz, sadəcə, ümumi şəkildə fikir mübadiləsi etmişik. Sülhməramlıların tərkibi necə olar bilər? Onlar hansı ölkələri təmsil edə bilər? Onlar qonşu, yaxud həmsədr ölkələr olmalıdır? Fikirlər müxtəlif idi. Şəxsən mən bu haqda heç zaman fikir söyləməmişəm, çünki deyirdim, bu, hələ tezdir. Biz əvvəlcə münaqişəni həll etməliyik. Biz heç zaman sülhməramlılara etiraz da etməmişik. Biz dedik, bəli, sülhməramlılar gəlsinlər və müəyyən vaxtda mülki şəxsləri, erməniləri və azərbaycanlıları qorusunlar. Bu, elə baş verir. Hazırda sülhməramlı əməliyyatlar Rusiya tərəfindən aparılır. Ermənistan və Azərbaycan da bunu dəstəkləyib.

Eyni zamanda, bildiyiniz kimi, biz artıq Azərbaycanın Ağdam rayonunda Monitorinq Mərkəzinin yaradılması mərhələsindəyik. Bu məsələ noyabrın 10-da imzaladığımız Bəyanatda əks olunub. Türkiyə-Rusiya Monitorinq Mərkəzi atəşkəs rejiminə nəzarət edəcək. Fikrimcə, bu, regional əməkdaşlığın çox yaxşı təzahürüdür. Həmçinin Türkiyə ilə Rusiya arasında çox məqbul əməkdaşlığın rəmzidir. Bu, artıq reallıqdır.

Eyni zamanda, qaldırmaq istədiyim sonuncu məsələ, - əminəm ki, siz bu haqda eşitmişiniz, - bizim gələcəklə bağlı fikrimizdir. Yəni, regionun gələcəyi ilə bağlı demək istəyirəm. Mən artıq bir neçə dəfə ictimaiyyət qarşısında bu məsələni qaldırmışam ki, regiona yeni canlanma gətirilməlidir. Regionda yeni inkişaf olmalıdır. Azərbaycan buna hazırdır. Azərbaycan iqtisadi və hərbi baxımdan güclüdür. Ölkəmiz çox geniş beynəlxalq dəstəyə malikdir. Ölkəmiz bu gün BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilata - Qoşulmama Hərəkatına sədrlik edir. Əlbəttə, biz bunu işimizin bir hissəsi kimi icra edəcəyik ki, uzunmüddətli sabitlik və təhlükəsizlik təmin olunsun.

Lakin, əlbəttə ki, bu, həmçinin Paşinyan rejimindən, yaxud da həmin rejimi devirəcək dairələrdən asılı olacaq. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət Ermənistana birbaşa mesaj verməlidir. Birincisi, gələcəkdə heç zaman Azərbaycan xalqının hissləri ilə oynamasın, yoxsa ağır cəzadan yaxa qurtara bilməyəcəksiniz! Biz səbirliyik. Biz hazırlaşırdıq. Biz bütün işləri lazımınca apardıq. İyulda ilk erməni təxribatına cavab vermədik, yəni dövlət sərhədini keçmədik, halbuki, bunu edə bilərdik. Biz avqustdakı ikinci erməni təxribatına səbirlə yanaşdıq. O vaxt onlar insanlarımızı qətlə yetirmək üçün diversiya dəstəsi göndərdilər. Lakin üçüncü dəfə, sentyabrda biz cavab tədbirlərinə keçdik. Elə cavab verdik ki, onların Ermənistan ordusunu və demək olar ki, erməni dövlətini məhv etdik və ərazimizdə cinayət rejiminə son qoyduq, erməni millətçilərinin üzdəniraq “artsax” xülyalarını dağıtdıq. O, mövcud deyil. Paşinyan deyirdi ki, “Qarabağ Ermənistandır”. O, səhv etdi və layiqli cəzasını aldı. O, bu alçaltmaya layiqdir. Xalqımız, ölkəmiz qələbə qazandı, çünki həqiqət və beynəlxalq hüquq bizim tərəfimizdə idi.

Bununla, mən sözlərimi yekunlaşdırıram ki, sizi dinləyim, çünki buraya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər. Necə istəsəniz. Buyurun, sizi dinləyirəm.

ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti dedi:

-Cənab Prezident, biz Sizi diqqətlə dinlədik. Əvvəlcə, bu gün, xüsusi gündür, dekabr ayıdır. Atanızla görüşməyim xatirimə gəlir. Parisdə, Prezident Şirakla görüş zamanı orada idim və mən o vaxt aparılan danışıqlarda iştirak edirdim. Biz Sizi anlayırıq. Siz də indicə qeyd etdiniz ki, həmsədr ölkələr son 28 il ərzində bacardıqları qədər öz mandatını icra etməyə çalışmışlar. Bu mandat əsasında iki tərəf arasında məsələnin nizamlanmasına şərait yaratmalı idilər. Mən Sizin tərəfdən verilən maraqlı təklifləri yüksək dəyərləndirirəm. Biz bunun üzərində çalışacağıq və tərəflərin iradəsinə uyğun olan variantı tapmağa vasitəçi olaraq çalışacağıq. Mənim hökumətim qırğına son qoyan atəşkəsi alqışlayıb. Biz noyabrın 9-dan 10-na keçən gecə əldə olunmuş razılaşmanın bütün müddəalarına çox müsbət yanaşırıq. Hadisələrin cərəyan etməsinin yeni gündəliyini qavrayırıq. Siz də qeyd etdiniz ki, regiona qərəzsiz və kollektiv qaydada sabitliyin, rifahın gətirilməsi üçün tamamilə yeni bir vəziyyət yaranıb. Bütün qalan məsələlər üzərində Minsk qrupunun işləməsinə gəldikdə, bu, tam Sizdən asılı olacaqdır. Bəli, bunun üçün yaxşı zəmin var. Biz keçid mərhələsindəyik və gələcək planlar tərtib oluna bilər. Mən, əlbəttə ki, sizin indi açıq şəkildə söylədiyiniz fikirləri öz hökumətimə məruzə edəcəyəm. Əlbəttə ki, Bakıda olmağımız, belə başa düşürəm ki, dəvət əsasında olub. Dəvət olmasaydı, mən gəlməzdim. Ola bilsin, bu missiyanın təşkilində, yazışmada qeyri-aydınlıq olub. Lakin mən bizi bu görüşdə qəbul etdiyinizə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Mən sözlərinizi lazımi qaydada Prezidentimə və hökumətimizə çatdıracağam. Sağ olun.

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Endrü Şofer dedi:

-Bu gün bizi burada qəbul etdiyinizə və səmimi qonaqpərvərliyinizə görə təşəkkürümü bildirmək istəyirəm. Həmçinin mövqeyinizi çox aydın ifadə etdiyinizə görə minnətdarıq. Həmkarımın söylədiyi kimi, biz bunu öz hökumətlərimizə məruzə edəcəyik. Sizin söylədiyiniz sözlərə və açıq verdiyiniz bəyanata gəldikdə, anlayırıq ki, hazırda yeni vəziyyət yaranıb. Hamımız anlayırıq və etiraf edirik ki, indi qarşımızda yeni reallıqdır. Hesab edirəm ki, Sizinlə söhbət aparmağımın əsas səbəbi Sizin mövqeyinizi daha yaxşı anlamaq idi. Siz həmin mövqeyi açıqladınız və bir azdan biz hadisələrin sonra necə cərəyan edəcəyi ilə bağlı təfərrüatları müzakirə edəcəyik. Hazırda cari vəziyyət fərqlidir. Bilmək istərdim, Siz gələcəyi, ümumiyyətlə, necə görürsünüz? Xüsusən də Madrid prinsiplərində deyilir ki, xətlər və kommunikasiyalar açılsın, münasibətlər yenidən qurulsun, regionda bütün xalqlar üçün müsbət mühit yaradılsın. Əgər, bunlar sizin mövqeyinizin bir hissəsidirsə, onda, fikrimcə, buna nail olunmasında bizim və ölkələrimizin oynayacağı rol ola bilər. Biz bunu Sizdən eşitmək istərdik, gələcəkdə hansı addımları atmaq istəyirsiniz? Bildiyiniz kimi, bundan sonra, biz İrəvana gedəcəyik və digər tərəflə də eyni söhbət aparacağıq. Bizim daha təfərrüatlı müzakirələrimiz olacaq. Sağ olun.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov dedi:

-İcazənizlə, cənab Prezident. Minsk qrupu həmsədrlərinin Sizinlə görüşmək fürsətinə görə çox minnətdaram. Bildiyimiz kimi, Rusiya əldə edilmiş üçtərəfli razılaşmanın iştirakçısıdır, həmin Bəyanatın müddəalarının icrasına xüsusi önəm verir. Fikrimcə, bu sənədin tam icrası üçün hələ də görüləcək işlər var. Onlar Siz söylədiyiniz kimi, cənab Prezident, insanların, yəni məcburi köçkünlərin öz yerlərinə qayıtmasına, bölgənin dinc yolla yenidən qurulmasına aiddir. Əlbəttə ki, o, Sizin də təsvir etdiyiniz kimi, bölgənin sülh şəraitində dinc yolla və uğurlu şəkildə inkişafına aiddir. Minsk qrupuna gəldikdə, hökumətimiz hər zaman bu qrupun vacibliyini qeyd edib. Bu səbəbdən, biz iştirak etmişik və bu gün də qrupda iştirak edirik. Hesab edirəm ki, qrupun birgə mövqeyi bu yaxınlarda Minsk qrupu həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri tərəfindən 3 dekabr tarixli bəyanatında ifadə olunmuşdur. Bu sənəddə ümumi münasibət bildirilir və biz istənilən sahədə, eləcə də, cənab Prezident, bu gün söylədiyiniz kimi, yenidənqurma işlərinin icrasında bacara biləcəyimiz yardımdan çox məmnun olardıq. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edib YENİLƏNİB VİDEO

Paytaxtın 8 Noyabr prospektində təmir işləri həyata keçiriləcək

“Tasnim”: İran və Oman Hörmüzdə gəmiçiliklə bağlı razılığa gəliblər

Çimərlik polosu üzrə "See Breeze 2026" beynəlxalq turnirində finalçılar məlum olub

Tokayev Trampı Qazaxıstana səfərə dəvət edib

Azərbaycanın Qarsdakı baş konsulu diaspor nümayəndələri ilə görüşüb

® Mərkəzi Gömrük Hospitalı tibbi innovasiyaların tətbiq olunduğu qabaqcıl səhiyyə ocağıdır

Pərvin Əzizli: Gənclər yalnız problemlər haqqında danışmalı deyil, konkret həllər təklif etməlidirlər

Bakıda keçirilən XIV Beynəlxalq Altay Topluluqları Simpoziumu başa çatıb

Olimpiadalarda uğur qazanan gənc riyaziyyatçı: Elə gün olurdu ki, 10 saat hazırlaşırdım

Azərbaycan Premyer Liqasında V turun növbəti oyunları keçirilib

Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb

Azərbaycan ISSA-nın 15-ci Baş Assambleyasında təmsil olunub

Media: Azərbaycan-Mərakeş münasibətləri çoxşaxəli tərəfdaşlıq mərhələsinə qədəm qoyub

Qarabağa və Şərqi Zəngəzura bu il 400 mindən çox xırdabuynuzlu heyvan köçürülüb

Kəlbəcərin Zar kəndinə yaxın zamanda köç başlanacaq

Kəlbəcər şəhər parkının layihələndirilməsi yekunlaşıb

Hikmət Hacıyev: Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır

Gələn il Kəlbəcərdə 3 yeni yaşayış məhəlləsinin tikintisinə başlanılacaq

Azad edilmiş ərazilərdə 3 min hektardan çox sahədə müasir suvarma sistemləri tətbiq olunur

Bu il Kəlbəcərə 400 mindən çox heyvan köçürüləcək

Azad edilmiş ərazilərə 200 mindən çox arı ailəsi köçürülüb

Nazir: Ötən il arıçılıq məhsullarının respublika yarmarkasında 83,5 ton məhsul satılıb

Qubada 2 minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb VİDEO

Qubada 2 minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb VİDEO

Bu saata olan əsas xəbərlər

Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Assambleyasında təltif olunub

Diplomatların Qarabağa və Şərqi Zəngəzura səfəri başa çatıb

XİN: “Belem Missiyası 1.5” Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib

Prezidentin xüsusi nümayəndəsi: Kəlbəcərdə arıçılıq yeni mərhələyə qədəm qoyur

Bəşir Hacıyev: Kəlbəcər böyük quruculuq prosesinin mühüm ünvanlarından biridir

Məcnun Məmmədov: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan milli məhsula çevirmək əsas hədəflərdəndir

Nazir: Kəlbəcərə 148 mindən çox arı ailəsinin köçürülməsinə icazə verilib

Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib – YENİLƏNİB VİDEO

Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib – YENİLƏNİB VİDEO

“II LCOY Azərbaycan 2026”nın ikinci günü Qubada keçirilib, Milli Gənclər Bəyanatı qəbul olunub – YENİLƏNİB

FAO-nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər VİDEO

FAO-nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər VİDEO

Rumıniyada benzinin qiyməti tarixi maksimuma çatıb

Çin diplomatı: Şuşada və Xankəndidə hər dəfə böyük dəyişikliklərin şahidi oluram VİDEO

Çin diplomatı: Şuşada və Xankəndidə hər dəfə böyük dəyişikliklərin şahidi oluram VİDEO

Ankarada Əhməd bəy Ağaoğlunun barelyefi qoyulacaq

Moldovada Azərbaycanda vəkillik institutunun inkişafı istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verilib

Yunanıstan Aİ-də adambaşına düşən sığınacaq müraciətlərinin sayına görə birinci olub

Moldova səfiri: Şuşanın və Xankəndinin gələcək inkişaf üçün böyük potensialı var VİDEO

Moldova səfiri: Şuşanın və Xankəndinin gələcək inkişaf üçün böyük potensialı var VİDEO

ÜST-nin Baş direktoru: Dünyada hər 4 nəfərdən 1-i təhlükəsiz içməli suya çıxış əldə edə bilmir

Birinci sinfə gecikən uşaqlar üçün elektron qəbul prosesi sentyabrın 16-da yenidən aktivləşəcək

Xorvatiyada 192 mindən çox vətəndaşın bank hesabı borca görə bloklanıb

Paytaxtda yol hərəkəti qaydalarını pozan motosiklet sürücüsü saxlanılıb

Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar VİDEO

Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar VİDEO

İnfeksion xəstəliklər üzrə mütəxəssislər Şamaxıda bir araya gəlib VİDEO

İnfeksion xəstəliklər üzrə mütəxəssislər Şamaxıda bir araya gəlib VİDEO

UNEC-də tələbələr üçün myUNEC mobil tətbiqi istifadəyə verilib

Belarus səfiri: Qarabağda “Böyük Qayıdış” Proqramı real və əyani şəkildə həyata keçirilir VİDEO

Belarus səfiri: Qarabağda “Böyük Qayıdış” Proqramı real və əyani şəkildə həyata keçirilir VİDEO

Bilik Günündə 522 şagird yerlik Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbi istifadəyə veriləcək

Süni intellekt “Navye-Stoks bərabərliyi” tənliyini həll edib, amma riyaziyyatçılar narahatdır

Nazir: Kəlbəcərdə keçirilən II Bal Festivalında 40-a yaxın stend qurulub

Afina və Buxarest arasında enerji bağlantıları gücləndirilir

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti: Şuşada və Xankəndidə gördüklərim məndə böyük təəssürat yaratdı VİDEO

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti: Şuşada və Xankəndidə gördüklərim məndə böyük təəssürat yaratdı VİDEO

Akademik konfransın iştirakçıları işğaldan azad edilmiş ərazilərə səfər ediblər

İraq hökuməti Səudiyyə Ərəbistanına hücumlarla bağlı araşdırma aparır

Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksinə gəliblər VİDEO

Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksinə gəliblər VİDEO

Fəxriyyə Xələfova: “Sıfır tullantı” Azərbaycan moda sənayesi üçün real və davamlı iqtisadi modelə çevrilə bilər

Qərbi Azərbaycan İcmasında Vətən, dəyərlər və gələcək mövzusunda görüş

Suriyada həbsxanada yanğın nəticəsində 7 məhbus həlak olub

Rumıniya bütün ölkə ərazisini əhatə edən genişmiqyaslı hərbi təlim keçirəcək

“Gazelli Art House Baku”da müzakirə: “Mikayıl Abdullayev: Səyahətlər, xatirələr, irs”

Bolqarıstanda hərbi sursat anbarlarında güclü partlayışlar baş verib

Səfir: Şuşaya vurulmuşam VİDEO

Səfir: Şuşaya vurulmuşam VİDEO

Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb

BOKT vəsaitlərinin aidiyyəti şəxslərə yönəldilməsinin qarşısının alınması nəzərdə tutulur

Sabahın hava proqnozu açıqlanıb

BOKT öhdəliklərinin kapitala nisbəti üzrə üç hədd müəyyənləşdirilib

Şirvanda oğurluq edən şəxs saxlanılıb

Azərbaycan neftinin qiyməti 120 dolları ötüb

16 yaşadək Azərbaycan basketbol millisi Türkiyədə ikinci yeri tutub

Türk dünyasının ədəbi-mədəni irsi ilə bağlı araşdırmalar təqdim olunub

Bu saata olan əsas xəbərlər

Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu. BDYPİ-dən xəbərdarlıq!

Qərbi Azərbaycan İcmasında bu il ali məktəblərə qəbul olmuş bir qrup gənclə görüş keçirilib

Xarici diplomatlar Gəncəsər monastırını ziyarət ediblər VİDEO

Xarici diplomatlar Gəncəsər monastırını ziyarət ediblər VİDEO

“Ulduz” metro stansiyasının qarşısından keçən yola asfalt örtüyü döşənir

DİN: 34 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Bakıda mühüm simpozium: “Altayşünaslığın dünəni, bu günü və sabahı”

Zaqatalada yanğınla bağlı taktiki təlim keçirilib

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Fransada yanacaq bahalaşır: “Sarı jiletlilər” yenidən küçələrə çağırılır

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Sentyabrın 12-si Ümumdünya İlk Tibbi Yardım Günüdür

Bu gün Beynəlxalq Miqrenlə Mübarizə Günüdür

Britaniya Ordusu kəşfiyyat üçün kamuflyajlı atları sınaqdan keçirir

Tramp İrlandiyada Avropa liderləri ilə görüşəcək

Husilər Bab əl-Məndəb boğazındakı Perim adasını ələ keçiriblər

Tramp: Kanada avtomobil sənayesini qorumaq üçün ABŞ ştatına çevrilməlidir

Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatıb

ABŞ Rusiyanı G20 enerji nazirlərinin görüşünə dəvət edib

İsrail və Livan arasında Romada keçirilməsi planlaşdırılan danışıqlar təxirə salınıb

Səudiyyə Ərəbistanı: Şərq-Qərb neft kəmərinə İraq ərazisindən hücum edilib

İndoneziya sahillərində güclü zəlzələ baş verib

MKİ 11 sentyabr terror hücumları ilə bağlı 71 sənədi açıqlayıb

Husilər: Hava zərbələri nəticəsində son bir həftədə 44 mülki şəxs ölüb

Pezeşkian: İran ABŞ-nin təzyiqi qarşısında təslim olmayacaq

Almaniyada ifrat sağçı siyasətçinin deportasiya ilə bağlı açıqlaması kəskin reaksiyalara səbəb olub

Media: İsrail qüvvələri Dəməşqin qərbindəki kəndi atəşə tutub

Fransanın şimalında qatar relsdən çıxıb, 20 nəfər yaralanıb

Tramp ABŞ-də yetkin şəxslərə 5 min dollar veriləcəyini bir daha təsdiqləyib