SİYASƏT
Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Qırğızıstandakı səfirliyində hazırlıq işləri başa çatıb
Bişkek, 15 mart, AZƏRTAC
Aprel ayının 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar ölkəmizin Qırğızıstandakı səfirliyində hazırlıq işləri başa çatıb.
Səfirlikdə məntəqə seçki komissiyası yaradılıb və səfir Hidayət Orucov komissiyanın sədri təsdiq edilib.
Səfirlikdə 16 saylı Yasamal ikinci seçki dairəsinin tərkibində yaradılmış 33 saylı seçki məntəqəsində vətəndaşlarımızın sərbəst şəkildə səs vermələri üçün hər bir şərait yaradılıb.
Bişkekdə yaşayan və işləyən, səsvermə hüququ və konsulluq qeydiyyatında olan vətəndaşlarımızın siyahıları tərtib edilib. Vətəndaşlarımız seçkilərlə bağlı məlumatlandırılıb.
Səsvermə günü Bişkekdə ezamiyyətdə olan vətəndaşlarımız da səfirliyə gəlib səsvermədə iştirak edə biləcəklər.
Səfirlik tərəfindən Qırğızıstanın kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Prezidenti seçkiləri haqqında informasiya verilib, vətəndaşlarımız üçün seçki məntəqəsinin ünvanı və seçkinin keçiriləcəyi vaxt qeyd edilib.
Seçkilərdə müşahidəçilərin iştirakı da təmin olunur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek