SİYASƏT
Prezidentin köməkçisi: Vətən müharibəsi müddətində qardaş Türkiyənin mənəvi, psixoloji, siyasi, diplomatik dəstəyi çox önəmli amillərdən idi
Bakı, 27 yanvar, AZƏRTAC
2018-ci ildə Bakının azad olunmasının 100 illiyi münasibətilə hər iki ölkənin prezidentlərinin iştirakı ilə keçirilən hərbi paradın çox böyük rəmzi mənası var idi. Belə ki, 100 il əvvəl Qafqaz İslam Ordusunun sıralarında türk əsgər və zabitləri qardaş Azərbaycana dəstəyə gəldilər və ölkəmizdə erməni daşnakları tərəfindən törədilən qırğınlara son qoyuldu, Bakı azad edildi. 100 il sonra keçirilən hərbi paradda qardaş ölkələrimizin müdafiə və təhlükəsizlik baxımından da sıx əməkdaşlığının təcəssümü idi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinardakı çıxışında bildirib.
Prezidentin köməkçisi ötən ilin iyul ayında Tovuz döyüşləri və xalqımızın Vətən müharibəsi zamanı qardaş Türkiyənin Azərbaycana verdiyi mənəvi dəstəkdən bəhs edərək deyib: “Xüsusilə xalqımızın Vətən müharibəsi müddətində qardaş Türkiyənin mənəvi, psixoloji, siyasi, diplomatik dəstəyi çox önəmli amillərdən idi. Həmçinin qardaş Türkiyə vətəndaşlarının xalqımıza verdiyi dəstək bizi daha da qürurlandırırdı”.