ELM VƏ TƏHSİL
Professor Əlimusa İbrahimov: Vətən müharibəsi şanlı tariximizin ən parlaq səhifəsidir
Bakı, 27 sentyabr, AZƏRTAC
Bu gün Vətən müharibəsindən şanlı tariximizin ən parlaq səhifəsi kimi danışırıq. Vətən müharibəsi bizim parlaq tariximizin ən müqəddəs səhifələrinə çevrilib. Cəmi iki il əvvəl, 2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Ermənistan silahlı qüvvələrini işğal olunmuş Vətən torpaqlarından çıxarmaq, erməni faşistlərinin ölkəmizin ərazisinə uzanan əllərini birdəfəlik kəsmək üçün bütün cəbhəboyu əks-hücum əməliyyatına başladı. Sonradan “Dəmir yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi. O zaman hamı bir nəfər kimi düşünürdü ki, bu döyüş həlledici olacaq və millətimizin gələcək taleyi məhz bu döyüşlə sıx bağlıdır. Buna görə də hamımız yalnız Qələbə naminə cəbhəyə atılmışdıq - hərə öz sahəsində. Xalqımız Ali Baş Komandanın ətrafında daha da sıx birləşdi.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib. Ə.İbrahimov bildirib ki, 44 gündən sonra isə düşmən üzərində Qələbəmizin ikinci ildönümünü qeyd edəcəyik. Qələbə bizim üçün heç də asan olmadı. Bu günlərə çatmaq üçün 30 illik uzun, qanlı-qurbanlı yol keçdik. Bizi Qələbə zirvəsinə şəhidlərimiz, qazilərimiz gətirib çıxardı. Bu gün biz Anım Gününü qeyd edirik. Allah bütün şəhidlərimizə rəhmət etsin. Biz şəhidlərimizə həmişə borcluyuq.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncamı xalqımızın ürəyindən gələn ülvi və müqəddəs arzularının həyata keçirilməsi istiqamətində atılan mühüm addımlardan biridir. Bu Sərəncam bir daha göstərdi ki, Azərbaycan xalqı 30 ilə yaxın erməni işğalı ilə barışmadığı kimi bundan sonra da yağı düşmənin torpaqlarımızı tapdağa çevirməsinə imkan verməyəcək. Bu Sərəncamla ölkə rəhbəri 44 günlük Vətən müharibəsi zamanı və ondan əvvəlki dövrlərdə qəddar düşmənə qarşı döyüşlərdə şəhid olmuş vətəndaşlarımızın rəşadətinin heç zaman unudulmayacağını, şəhidlərimizin, qazilərimizin qəhrəmanlığının gələcək nəsillərə nümunə olacağını bir daha təsdiq etmiş oldu.
Bu gün Vətəndə hamımız Qələbədən danışırıq. Buna haqqımız var və biz bu Qələbəni başda Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla, cəbhədə hər zaman irəli getməyə hazır olan igid oğullarımızla qazanmışıq. Bu Qələbə, eyni zamanda, bizi yeni-yeni uğurlara ruhlandırır.
Qələbə heç zaman asan başa gəlmir. Azərbaycan xalqının 44 günlük müharibədə Qələbəsi müzəffər Azərbaycan Ordusunun, qəhrəman əsgərinin rəşadəti sayəsində əldə olunub. Millətimizin ən şücaətli oğullarının bir çoxu şəhid oldu, düşmənlə çarpışmalarda sağlamlığını itirdi. Bu, çox ağır itkidir. Amma torpaqlarımızın işğalda qalması bizim üçün daha ağır itki olardı. Erməni işğalçılarının tənəli sözlərini eşitmək gündə yüz dəfə ölüb-dirilməkdən daha ağır idi.
“Bu gün biz tarixi günlərimizi yaşayır və tarixi Qələbəmizlə, əldə etdiyimiz nailiyyətlərlə qürur duyuruq. İşğaldan azad olunmuş torpaqlarımız yenidən qurulur, doğma el-obasından didərgin düşmüş soydaşlarımız öz torpaqlarına dönür... Bütün dünyanı erməni faşistlərinin torpaqlarımızda törətdikləri vəhşiliklərlə tanış edirik.
Vətən naminə, gələcək nəsillərimizin azad, xoşbəxt yaşamaları naminə həmişə bir olmalı və qarşımızda ermənilər və onların havadarları kimi düşmənlərin olduğunu bir dəqiqə belə unutmamalıyıq!”,- deyə professor Əlimusa İbrahimov bildirib.