CƏMİYYƏT
Professor Nəsib Quliyev Türkiyə Milli Pediatriya Dərnəyinin fəxri üzvü adına layiq görülüb
Bakı, 23 noyabr, AZƏRTAC
Türkiyənin Antalya şəhərində 61-ci Türkiyə Milli Pediatriya Konqresi keçirilib.
Azərbaycan Tibb Universitetindən (ATU) AZƏRTAC-a bildirilib ki, iki mindən çox tibb işçisinin qatıldığı tədbirdə ATU-nu I Uşaq xəstəlikləri kafedrasının professoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev, assistent Nigar Sədiyeva və həkim-rezident Aygül Şahbazova təmsil ediblər.
Konqresin açılış mərasimində Türkiyə Respublikasının Baş nazirinin müavini, professor Recep Akdağ, Türkiyə Milli Pediatriya Dərnəyinin baş katibi professor Ənvər Həsənoğlu, Beynəlxalq Pediatriya Assosiasiyası Fondunun rəhbəri professor Errol Alden çıxış ediblər. Uşaq sağlamlığı və xəstəlikləri ilə bağlı aktual mövzuları, problemləri əhatə edən konqres çərçivəsində panellər və kurslar da təşkil edilib.
N.Sədiyeva və A.Şahbazova “Diaqnozdan müalicəyə - uşaq infeksion xəstəlikləri” adlı kursda iştirak ediblər. Bununla yanaşı, onlar “Pnevmoniya diaqnozu ilə müalicə alan uşaqlarda anemiya” mövzusunda poster məruzə ediblər. Professor N.Quliyev isə konqresdə uğurlu iştirakına görə Türkiyə Milli Pediatriya Dərnəyinin fəxri üzvü adına layiq görülüb.