CƏMİYYƏT
Prokurorluq orqanları əməkdaşları növbəti ağacəkmə kampaniyasında iştirak ediblər
Bakı, 6 may, AZƏRTAC
Mayın 6-da Baş Prokurorluğun, Bakı Şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə keçirilən ağacəkmə kampaniyasında iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Son illər respublikamızda yaşıllıqların artırılmasına, yeni park və xiyabanların salınmasına xüsusi diqqət yetirilir. Yaradılan parklar və yaşıllıqlar sakinlərdə xoş əhval-ruhiyyə yaradır. Əkilən ağaclar insanların sağlamlığına müsbət təsir göstərməklə yanaşı, paytaxtın ümumi mənzərəsinə yeni çalarlar əlavə edir. Əsas məqsəd paytaxtın ekoloji cəhətdən sağlamlaşdırılmasına töhfə verməkdir.
Müasir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın bütün sahələri ilə yanaşı, ekoloji mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirib. Azərbaycan Respublikası Prokurorluğu orqanlarının əməkdaşları da bu xeyirxah və nəcib tədbirdə həmişə yüksək əhval-ruhiyyə ilə iştirak edirlər. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş ekoloji siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dövlətimizin başçısının ekoloji mühitin, xüsusilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin Baş Prokurorluqda yaranmış ənənəyə uyğun olaraq keçirilən növbəti ağacəkmə kampaniyası çərçivəsində Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsinin yaxınlığında 2 hektar ərazidə 2 mindən artıq zeytun, Eldar şamı tingləri əkilib. Abşeron yarımadasının iqliminə uyğun olaraq, seçilən ağacların küləkdən qorunması üçün dirəklər basdırılıb və onların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub. Həmçinin əkilən ağacların mühafizəsi və onlara mütəmadi qulluq göstərilməsi məqsədilə bütün zəruri tədbirlər görülüb.
Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.