İQTİSADİYYAT
“QAYNAR XƏTT”Ə MÜRACİƏT EDİN, HÜQUQLARINIZI QORUYUN
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazirliyin yanında Antiinhisar Dövlət Xidmətində “Qaynar xətt” fəaliyyət göstərir.
İndiyədək “qaynar xətt”ə bazarlarda əmtəə nişanlarından qanunsuz istifadə olunması, ticarət mərkəzlərinə və kənd təsərrüfatı məhsulları yarmarkalarına giriş zamanı maneələr yaradılması, ərzaq məhsullarının və tikinti materiallarının qiymətlərinin süni şəkildə şişirdilməsi hallarına dair müraciətlər daxil olmuşdur.
Antiinhisar Dövlət Xidməti müraciətləri operativ surətdə araşdırmış, yol verilmiş qanun pozuntusu hallarının aradan qaldırılması üçün tədbirlər görmüşdür.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti əhalinin və müəssisə rəhbərlərinin nəzərinə çatdırır ki, “Qaynar xətt”ə müraciət etməklə antiinhisar qanunvericiliyinin pozulması, haqsız rəqabət və reklam sahəsində rastlaşdıqları problemlərin çevik həllinə nail ola bilərlər.
“Qaynar xətt”ə 433-63-51, 433-63-52 nömrəli telefonlarla zəng vurmaq olar.