İQTİSADİYYAT
QAZANILAN UĞURLAR DÖVLƏTİN DÜZGÜN İQTİSADİ SİYASƏTİNİN NƏTİCƏSİDİR
Keçən il Şəmkir rayonunda ümumi daxili məhsul istehsalı 7 faiz artmış, 85 min ton kartof, 57 min ton taxıl istehsal olunmuş iribuynuzlu mal-qaranın sayı 51 min 160 başa, davarların baş sayı isə 240 minə çatdırılmışdır. Bu nailiyyətlər barəsində rayonda 2003-cü ilin yekunları ilə əlaqədar keçirilən yığıncaqda məlumat verilmişdir.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, qazanılmış uğurlar dövlətin apardığı düzgün və ardıcıl siyasətin məntiqi nəticəsi kimi qiymətləndirilmiş, keçən il rayonda sosial istiqamətlərdə görülən işlərdən danışılmışdır. Bildirilmişdir ki, rayon mərkəzində akademik Zərifə Əliyevanın adını daşıyan böyük park salınmış, yollar yenidən qurularaq küçələrə bulaq suyu çəkilmişdir.
Gürcüstanda yaşayan soydaşlarımızın təhsil, səhiyyə və mədəniyyət sahəsində problemlərinin həlli ilə bağlı görülən işlərdən danışılmış, bu əlaqələrin davam etdiriləcəyi bildirilmişdir. Sonda cari ildə görüləcək işlərə dair qərar qəbul olunmuşdur.