İQTİSADİYYAT
“QAZ” şirkətlər qrupu Azərbaycanda əlaqələrini möhkəmləndirmək niyyətindədir
Bakı, 14 may, AZƏRTAC
Rusiyanın “QAZ” şirkətlər qrupu Azərbaycanda əlaqələrini möhkəmləndirmək niyyətindədir.
Bunu AZƏRTAC-a müsahibəsində “TransCaspian-2016” sərgisinin iştirakçısı olan “QAZ” şirkətlər qrupunun layihə rəhbəri İqor Xaqin deyib.
O bildirib ki, Rusiyada kommersiya təyinatlı nəqliyyat vasitələrinin istehsalçısı olan “QAZ” şirkətlər qrupunun məhsulları dəfələrlə Azərbaycanda təşkil olunmuş sərgilərdə təqdim edilib. Bir qayda olaraq, bu iştirak şirkət üçün xüsusi səciyyə daşıyır. Biz bu il ekspozisiyamızda daha maraqlı hesab etdiyimiz model silsiləsini təqdim etmişik.
“Bu sərgi regional bazarın əsas tədbiridir. Biz bu il qarşımıza bir sıra məqsədlər qoymuşuq ki, bunlardan da biri məhsulun əsil simasını istehlakçılara göstərməkdir. Ola bilsin ki, heç də Azərbaycandakı bütün sifarişçilər “QAZ” brendinin yenilənmiş modellərini tanımırlar. Biz həmçinin yeni “NEXT” məhsul silsiləsi barədə ziyarətçilərə məlumat vermişik”, - deyə layihə rəhbəri bildirib.
Azərbaycan bazarının potensialının “QAZ” şirkətlər qrupu üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirən İqor Xaqin deyib ki, şirkət yerli bazardakı tərəfdaşları ilə kifayət qədər uzunmüddətli əməkdaşlıq təcrübəsinə malikdir. ““QAZ” şirkətlər qrupu istər Azərbaycanın dövlət sifarişçiləri, istərsə də özəl şirkətləri ilə sıx əlaqələrə malikdir və biz mövcud əlaqələrimizi daha da möhkəmləndirmək niyyətindəyik”, - deyə İ.Xaqin bildirib.