CƏMİYYƏT


Qaçaqmalçılıq yolu ilə gətirilən narkotik vasitənin realizə edilməsi cəhdinin qarşısı alınıb VİDEO

Bakı, 20 oktyabr, AZƏRTAC

Azərbaycan gömrükçüləri ölkə ərazisinə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin realizə edilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komitənin Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında, İmişli rayonunun Bəhramtəpə kəndi ərazisində əməliyyat tədbirləri keçirilib. Burada yolun dairəvi hissəsi yaxınlığında yerləşən avtobus dayanacağına idarə etdiyi “VAZ 21074” markalı, 10-XV-977 dövlət qeydiyyat nişanlı avtomobillə gələn Azərbaycan Respublikasının vətəndaşı Eyvazov Mahir Hüseyn oğlu özü ilə gətirdiyi sellofan torbanın içərisindəki 15 ədəd bağlamada ümumi təmiz çəkisi 7375 qram olan həşiş qətranını İran İslam Respublikasının vətəndaşı Əxtəri Qara Qasımlı Hatef Cəmşid oğluna təhvil verib. İran vətəndaşı isə həmin narkotik vasitəni şərti alıcı kimi cəlb edilən gömrük əməkdaşına satmaq istəyərkən saxlanılıb və külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.

Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanıb.

Əməliyyat-istintaq tədbirləri nəticəsində cinayətkar qrupun iki üzvü - Azərbaycan Respublikasının vətəndaşı Eyvazov Mahir Hüseyn oğlu və İran İslam Respublikasının vətəndaşı Əxtəri Qara Qasımlı Hatef Cəmşid oğlu ifşa edilərək cinayət məsuliyyətinə cəlb olunublar. Cinayət Məcəlləsinin həmin maddələri ilə onlara ittiham elan edilib və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaqla müəyyən edilib ki, cinayətkar qrup həmin narkotik vasitənin İrandan Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsi və satışını təşkil etmək barədə bu ilin sentyabr-oktyabr aylarında sövdələşib, kriminal niyyətlərinin həyata keçirilməsinə də elə həmin vaxtdan başlayıblar.

Hazırda cinayət əməllərinin törədilməsində iştirakları istisna edilməyən digər şəxslərin müəyyən edilmələri istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.