Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Qafqaz İslam Ordusu və Azərbaycanın xilası

Qafqaz İslam Ordusu və Azərbaycanın xilası

Bakı, 14 sentyabr, AZƏRTAC

Qafqaz İslam Ordusunun dörd aydan bəri Azərbaycanın istiqlalı uğrunda çarpışaraq verdiyi şəhid və məcruhların qanları ilə sulanan bu qardaş məmləkətin torpağı üzərində – Gəncədə, Göyçay-Ağsu-Şamaxı-Bakı şosesinin hər iki tərəfində, Müsüslü-Kürdəmir-Karrar-Hacıqabul-Bakı dəmir yolu boyunda, Qarabağda və Kür çayının sahillərində xalqın ziyarətgah yerinə çevrildiyi bir çox mütəvazi və həzin məzarlara təsadüf olunur. Bunlar irqinin imdadına gələn Anadolu mehmetciklərinin (əsgərlərinin) mübarək məzarlarıdır. Əksər yerlərdə onlarla bərabər baş-başa yatan azəri türkləri də vardır. Türk zabit və əsgərləri Azərbaycanda əmsalsız bir fəraqəti-nəfsilə və yüksək bir duyğu ilə çalışmış və çarpışmışlar. Eyni irqə mənsub bu iki millət arasındakı rabitə və münasibət axıdılan qanlara bir qat daha rəsanət peyda etmişdir. Əminəm ki, Anadolu türklərinin Azərbaycanın istiqlal və istiqbalı uğrunda yapdıqları çətin və qanlı müharibələr və mücadilələr nəsildən-nəslə nəql ediləcək və unudulmaz bir dastan halında qalacaqdır.

Bu cümlələrin sahibi Beşinci Qafqaz diviziyasının qərargah rəisi Rüşdü bəyə məxsusdur və bizə çox mətləbləri anladır.

Bu fikirlər Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərovun “Qafqaz-İslam Ordusu və Azərbaycanın xilası” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

1920-ci ilin bolşevik işğalı, təkcə Azərbaycan Xalq Cümhuriyyətinin
süqutu ilə başa çatmadı

1920-ci ilin bolşevik işğalı, təkcə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə başa çatmadı. Yeni ideologiyaya sahib olan sovet quruluşu Azərbaycan xalqının, hətta çar Rusiyası dövründən qoruyub saxladığı çox şeyi ya məhv etdi, ya da onu xalqın həyat tərzindən və mənəviyyatından çıxardı. Sovet dönəmində ən çox ziyan çəkən tarix elmi oldu. Sovet cəmiyyətinin uğurlarını tərənnüm və onun üstünlüklərini sübut etmək üçün tarix elmi dövlət siyasətinə tabe edildi. Son nəticədə Azərbaycan tarixində xidməti olan şəxsiyyətlər 70 illik sovet dönəmində Vətən tarixindən silinərək düşmən obrazında təqdim olundular.

Əslində, Azərbaycan tarixi ilə bağlı həqiqətlər, təkcə təhrif olunmadı, bu hadisələrin çoxu ört-basdır edildi. Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətai, Əfşarlar sülaləsinin banisi və görkəmli azərbaycanlı sərkərdə, dövlət başçısı Nadir şah, çar qoşunlarının komandanı Sisiyanova qarşı son damla qanına qədər vuruşan gəncəli Cavad xan, 1918-ci ilin türk-müsəlman soyqırımı, Azərbaycan Xalq Cümhuriyyəti və onun qurucuları, Azərbaycanda milli şüurun formalaşmasında və milli demokratik hərəkatın inkişafında müstəsna xidmətləri olan Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev və başqaları, 1917-ci ilin fevralında çarizmin devrilməsindən sonra acı taleyin ümidinə qalan Azərbaycan xalqının harayına çatan türk ordusunun xilaskarlıq yürüşləri zaman-zaman təhrif olunaraq düşmən bir tarixə çevrildi.

Uzun müddət təhriflərə məruz qalmış belə tarixi hadisələrdən biri də Qafqaz İslam Ordusunun
Azərbaycana yürüşü və onun nəticələridir

XX əsrin 90-cı illərinin əvvəllərində SSRİ adlı nəhəng bir dövlət süqut etdi. Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan tarixi ilə bağlı bir çox hadisələrin tədqiqinə başlandı. Uzun müddət təhriflərə məruz qalmış belə tarixi hadisələrdən biri Qafqaz İslam Ordusunun Azərbaycana yürüşü və onun nəticələridir. Qafqaz İslam Ordusu ilə bağlı obyektiv tədqiqatın aparılması bir tərəfdən sovet Rusiyasını və onun bölgədəki dayağı olan Bakı Sovetinin bolşevik-daşnak qüvvələrinin, habelə alman və ingilis qoşunlarının Azərbaycanın müstəqilliyinə qarşı necə böyük cəbhə qurduqları və bu cəbhəyə qarşı uğurlu mübarizə aparılmasında İslam Ordusunun fəaliyyətini düzgün qiymətləndirməyə imkan verir.

Məlum olduğu kimi, 1914-cü ildə dünyanı yenidən bölüşdürmək üstündə imperialist dövlətləri arasında I Dünya müharibəsi başlandı. Qərb dövlətlərinin bu müharibədə maraqlarının əsas hissəsini yeni ərazilərin və yeni bazarların ələ keçirilməsi təşkil edirdi. İmperialist müharibəsinin iştirakçısı olan Osmanlı dövlətinin müharibə planlarında iki taktiki gediş diqqət mərkəzində idi. Camal paşanın rəhbərlik etdiyi planın tərəfdarları iddia edirdilər ki, Osmanlı dövləti öz keçmiş qüdrətini qaytarmaq üçün itirilmiş xilafət torpaqlarını yenidən özünə birləşdirməyə səy göstərməlidir. İkinci planın tərəfdarı olan hərbi nazir Ənvər paşa Rusiyanı məğlub etmək və Qafqaz, Orta Asiya ərazilərini Osmanlıya birləşdirməklə Böyük Turançılıq hərəkatını uğurla başa çatdırmağa ümid bəsləyirdi.

Ənvər paşa Qafqaz cəbhəsindəki rus ordusunu birdəfəlik məğlub etmək üçün 1914-cü il dekabrın axırlarında hücuma keçdi. Tarixdə Sarıqamış hərəkatı adlanan bu yürüş Osmanlı ordusuna uğur gətirmədi. Çətin hava şəraiti, qış geyimi əvəzinə əsgərlərə verilən nazik və keyfiyyətsiz yay geyimi, dağlıq bölgələrdə ordunun soyuqdan, aclıqdan və tifdən qırılması Osmanlı ordusu üçün fəlakətlə nəticələndi. Ardıcıl əlavə qüvvə ilə təmin edilən rus ordusu güclü hücum nəticəsində Osmanlının 90 min əsgər və zabitini əsir götürərək Sarıqamış əməliyyatını uğurla başa çatdırdı. Beləliklə, Camal paşanın Sina cəbhəsindəki panislamizm hərəkatı kimi Ənvər paşanın Qafqaz cəbhəsində panturanizm hərəkatının ilk mərhələsi də uğursuzluqla nəticələndi.

Osmanlı dövləti yaranmış tarixi fürsətdən maksimum istifadə etmək üçün
Qafqaz yürüşünü gündəlik planına daxil etdi

1917-ci ildə Rusiyada baş verən Fevral inqilabı və Oktyabr çevrilişi Birinci Dünya müharibəsinin mühüm hadisələrindən oldu. Çünki 1918-ci ilin martında Sovet Rusiyası ilə Almaniya başda olmaqla müttəfiq dövlətlər arasında Brest-Litovskda sülh müqaviləsi imzalandı. Müqavilənin şərtlərinə görə rus ordusu qısa müddət ərzində Şərqi Anadolunu tərk etməli, Ərdəhan, Batum, Qars şəhərləri ruslar tərəfindən boşaldılmalı idi. Beləliklə, Brest-Litovsk müqaviləsi Ənvər paşanın Qafqaz planının reallaşması üçün münbit bir şərait yaratdı. Digər tərəfdən, I Dünya müharibəsi illərində rus ordusunun köməyindən yararlanan erməni silahlı dəstələri Anadoluda 100 minlərlə türkün həyatına son qoyaraq “Böyük Ermənistan” planını reallaşdırmaq üçün Azərbaycanın qərbində, şimalında və cənubunda türk-müsəlmanlara qarşı soyqırımı siyasəti həyata keçirirdi. Bütün bunlar, müəyyən qədər özünə gələn Osmanlı dövlətini məcbur edirdi ki, din, dil və qan qardaşı olan Qafqaz xalqlarını, o cümlədən azərbaycanlıları daşnak-bolşevik qırğınlarından qurtarsın. Ona görə də 1918-ci ilin əvvəllərindən başlayaraq Osmanlı dövləti yaranmış tarixi fürsətdən maksimum istifadə etmək üçün Qafqaz yürüşünü gündəlik planına daxil etdi.

Doğrudur, Cənubi Qafqazda mövcud dövlət qurumu olan Zaqafqaziya Seyminin Osmanlı dövlətinə münasibəti isti deyildi. Həm Trabzon, həm də Batum konfranslarında məlum oldu ki, erməni və gürcü nümayəndə heyəti Brest-Litovsk müqaviləsinin şərtlərini yerinə yetirmək fikrində deyil. Erməni və gürcü nümayəndə heyətləri müqavilənin şərtlərindən doğan nəticələr ilə barışmaq istəmir və Osmanlı dövlətinə düşmən münasibətdə olduqlarını açıq şəkildə bəyan edirdilər. Yalnız Azərbaycan nümayəndə heyəti Osmanlı dövlətinin ona göstərə biləcəyi yardımın nə qədər böyük əhəmiyyət daşıdığını açıq-aydın hiss edirdi.

Azərbaycan Xalq Cümhuriyyətini yaşatmaq və onu real dövlət qurumuna
çevirmək dövrün ən çətin problemlərindən biri idi

Məlum olduğu kimi, Tiflisdə 1918-ci il mayın 26-da Gürcüstan, mayın 28-də isə Azərbaycan və Ermənistan öz dövlət müstəqilliklərini elan etdilər. Yeni elan olunan üç dövlətdən Gürcüstanın paytaxtı Tiflis, Ermənistanın paytaxtı Yerevan oldu. Bakı şəhəri Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti tərəfindən işğal edildiyindən Gəncə Azərbaycanın müvəqqəti paytaxtı oldu. Elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətini yaşatmaq və onu real dövlət qurumuna çevirmək dövrün ən çətin problemlərindən biri idi. Əvvəla, Azərbaycan dövləti özgə bir ərazidə elan olunmuşdu. İkincisi, Azərbaycan Xalq Cümhuriyyətinin öz torpaqlarını qoruya biləcək ordusu yox idi. Üçüncüsü, Azərbaycan xalqına düşmən olan, Azərbaycan torpaqlarını işğal edən və Bakını özünə paytaxt seçən Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin 20 mindən artıq nizamlı silahlı qoşunu var idi. Dördüncüsü, Azərbaycandakı mövcud siyasi, iqtisadi və hərbi durum o qədər mürəkkəb idi ki, qısa bir zaman kəsiyində bu problemlərin öhdəsindən gəlmək qeyri-mümkün idi. Beşincisi, Sovet Rusiyası Bakı neftindən yararlanmaq üçün, nəyin bahasına olursa-olsun, Azərbaycanı əlində saxlamağa cəhd göstərirdi. Altıncısı, I Dünya müharibəsində bir-birinə düşmən olan İngiltərə və Almaniya Azərbaycanla bağlı müxtəlif planlara malik idilər. Yeddincisi, çar Rusiyasından Azərbaycana qalan miras hərbi xidmətdən və silah daşımaqdan məhrum edilən əhali və primitiv qaydada mövcud olan dağınıq təsərrüfat idi.

Bütün bunları nəzərə alan Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi 1918-ci il iyunun 4-də Batumda Osmanlı dövləti ilə sülh müqaviləsi imzaladı. Gürcüstan və Ermənistanla imzalanan müqavilədən fərqli olaraq Azərbaycanla bağlanan müqavilə daha səmimi və xalqımızın xeyrinə idi. Müqavilədə vurğulanırdı ki, Azərbaycan ərazisində təhlükəli vəziyyət yaranacağı təqdirdə Osmanlı dövləti burada intizam və asayişi təmin etmək üçün Azərbaycana əsgəri yardım göstərə bilər. Bu müqaviləni Osmanlı dövləti adından ədliyyə naziri Xəlil Məntəşə və 3-cü Ordunun komandanı Mehmet Vəhib paşa, Azərbaycan Xalq Cümhuriyyəti adından isə Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə və xarici işlər naziri Məmməd Həsən Hacınski imzaladılar.

Çarizmin milli ayrı-seçkilik siyasətinin nəticəsi olaraq azərbaycanlılar
hərbi xidmətə cəlb olunmurdular

Hələ 1917-ci ilin fevralında çarizmin devrilməsindən sonra Rusiyada Müvəqqəti hökumətin dövründə ermənilər və gürcülər öz milli qüvvələrini təşkil edərkən heç bir çətinliklə qarşılaşmadılar. Çünki çar Rusiyası dövründə rus ordusunun tərkibində kifayət qədər erməni və gürcü əsilli əsgər və zabit var idi. Bunu azərbaycanlılara şamil etmək mümkün deyildi. Çarizmin milli ayrı-seçkilik siyasətinin nəticəsi olaraq azərbaycanlılar hərbi xidmətə cəlb olunmurdular. Hələ aprel ayının əvvəlində Osmanlı dövlətinin hərbi naziri Ənvər paşa Batum şəhərinə gələrək burada Azərbaycan nümayəndələri ilə görüşdü. Azərbaycan nümayəndə heyətinin Ənvər paşadan yardım istəməsi ilə Ənvər paşanın Qafqaz siyasəti üst-üstə düşürdü. Ənvər paşanın Qafqazda islam dövləti qurmaq və Osmanlı ilə Sovet Rusiyası arasında bir bufer dövlət yaratmaq siyasəti Qafqaz türklərinin, o cümlədən azərbaycanlıların müdafiə olunmasını zəruri edirdi. 1918-ci il mayın 11-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından bir az əvvəl Şimali Qafqaz Cümhuriyyəti elan edildi. Ənvər paşa Qafqaz maraqlarını təmin etmək məqsədilə Şimali Qafqaz Cümhuriyyətini tanıdı və bu dövlətə hərbi yardım göstərilməsi ilə bağlı tapşırıq verdi. Şimali Qafqazın və az sonra Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı dövləti tərəfindən tanınması Sovet Rusiyasını təsirli dərəcədə qıcıqlandırdı. Sovet Rusiyası yaxşı başa düşürdü ki, Osmanlı nüfuzunun Azərbaycanda və Şimali Qafqazda yayılması bu torpaqların Rusiyanın nəzarətindən çıxması demək idi. Xüsusilə, Sovet Rusiyasının Bakı neftindən məhrum olunması Rusiya iqtisadiyyatına ağır zərbə vurmuş olardı. Ona görə də, Sovet Rusiyasının xarici işlər komissarı Çiçerin 1918-ci il mayın 30-da Osmanlı dövlətinə nota göndərərək Qafqaz dövlətlərinin tanınma qərarına öz etirazını bildirdi.2 Lakin Osmanlı dövləti qərarından dönmək və Qafqaz yürüşünü təxirə salmaq fikrində deyildi.

Əlverişli şəraitin yaranması Ənvər paşaya tarixi fürsəti
həyata keçirməyə imkan verdi

Rusiyanın Birinci Dünya müharibəsindən yarımçıq çıxması, başsız qalan rus ordusunun bir neçə cəbhədə başıpozuq vəziyyətdə fəaliyyət göstərməsi, ermənilərin Şərqi Anadoluda törətdikləri vəhşilikləri və soyqırımını Azərbaycanda da həyata keçirmələri burada yaşayan türkləri Osmanlı dövlətindən yardım istəməyə sövq etdi. Bu məqsədlə Qafqaz türklərindən təşkil olunan nümayəndə heyəti 1917-ci ilin oktyabrında Mosul şəhərində 6-cı Ordunun rəhbərliyi ilə görüşdü. Altıncı ordunun rəhbərliyi Qafqazdakı vəziyyəti yerində öyrənmək məqsədilə 3 zabitini həmin nümayəndə heyəti ilə Azərbaycana göndərdi. Qafqazdan qayıdan zabitlər Osmanlı qüvvələrinin bu əraziyə əlverişli yürüşü üçün münbit şəraitin yarandığını təsdiq etdilər. Beləliklə, bolşevik çevrilişinin Rusiyada yaratdığı sarsıntı, Qafqazda rus hakimiyyətinin iflasa uğraması, Azərbaycanın demokratik qüvvələrinin Osmanlıdan yardım tələb etməsi, burada hərbi hərəkata başlamaq üçün əlverişli şəraitin yaranması Ənvər paşaya müharibənin əvvəlindən bəri gözlədiyi tarixi fürsəti həyata keçirməyə imkan verdi.

1918-ci il fevralın 16-da Ənvər paşa Qafqaz, Dağıstan, Türküstan və Rusiyaya tabe olan müsəlman ölkələrinə ehtiyac hiss etdikləri yardım və köməyi göstərmək məqsədilə qərargahı Tehranda yerləşən bir təşkilatın yaradılması haqqında əmr imzaladı. Əmrdə qeyd olunurdu ki, adıçəkilən bölgələrə dəyanətli və vətənpərvər zabitlərin göndərilməsi məqsədəuyğundur. Əmrə görə podpolkovnik Nuru bəy (Ənvər paşanın ögey qardaşı) Tehran Mərkəzi Heyətinin rəhbəri, podpolkovnik Şövkət bəy Dağıstana, minbaşı Nazim Cavad bəy Əfqanıstana və Xəlil paşanın məsləhət gördüyü digər zabitlər isə Qafqazın digər bölgələrinə və Türküstana göndərilməli idi. Qafqazda türk və müsəlman əhalinin yaşadığı bölgələrdə təşkilatların yaradılması və bu xalqların nümayəndələrindən ibarət İslam ordusu təşkil etmək üçün podpolkovnik Nuru bəyin təşkil etdiyi nümayəndə heyətinin Azərbaycana göndərilməsi Ənvər paşa tərəfindən məsləhət görüldü. Belə bir orduya Nuru bəyin podpolkovnik rütbəsi ilə rəhbərlik edə biləcəyinə olan şübhələri yox etmək üçün ona fəxri general rütbəsi verildi. Eyni zamanda, Nuru paşa ilə birlikdə Qafqaz İslam Ordusunu təşkil etmək üçün Azərbaycana gedən zabitlərə də bir üst rütbə verildi.

1918-ci il aprelin 5-də Ənvər paşa Qafqaz İslam Ordusunun təşkili və vəzifələrinə aid təlimatnaməni təsdiq etdi. Bu təlimatnamə Qafqaz İslam Ordusunun qarşısında duran vəzifələri və fəaliyyət istiqamətlərini müəyyənləşdirirdi. Təlimatnaməyə görə, Qafqaz Ordusunun təşkilində məqsəd qafqazlıların təşkil edəcəyi ordunun əsasını vücuda gətirmək və bu əsası tədricən genişləndirmək və qafqazlı əsgərlərə təlim vermək və Qafqazda yüksək İslam mənfəətlərini və hüquqi-müqəddəsi-xilafəti və dövləti-Osmaniyyə ilə rəvabiti-siyasiyyə və əsgəriyyəni təsis etmək idi.

Qurulan orduya Qafqaz İslam Ordusu adının verilməsi Almaniyanı
şübhələndirməmək üçün seçilmiş bir fənd idi

Ənvər paşa son dərəcə gizli saxladığı Qafqaz əməliyyatını Osmanlının əsas müttəfiqi olan alman dövlətinə və onun qərargahına da bildirməməyə çalışırdı. Çünki, Almaniyanın Bakı nefti ilə bağlı siyasi planları Osmanlı qüvvələrinin Azərbaycanla bağlı Qafqaz yürüşünün həyata keçirilməsi üçün ciddi əngəllər yaradırdı. Buna görə də, Ənvər paşa Qafqaz yürüşünü Osmanlı Ordusunun hərbi əməliyyatı kimi yox, qurulacaq ordunun azərbaycanlılardan təşkil edilməsi kimi təbliğ edirdi. Qurulan orduya Qafqaz İslam Ordusu adının verilməsi Almaniyanı şübhələndirməmək üçün seçilmiş bir fənd idi.

Nuru paşanın dəstəsi Azərbaycanın Zəngəzur bölgəsinə daxil oldu və ilk gündən
yerli əhalinin böyük sevinci və rəğbəti ilə qarşılaşdı

Nuru paşanın 300 nəfərlik zabit heyəti çətin yol şəraitini dəf edərək mayın 9-da Təbrizə çatdı (Cənubi Azərbaycanın böyük bir hissəsi, o cümlədən Təbriz şəhəri o vaxt Osmanlı qüvvələrinin nəzarəti altında idi – A.İ.). Urmiya gölü ətrafında erməni silahlı dəstələrindən canını qurtaran yerli əhali türk qoşunlarından kömək istədilər. Osmanlı qoşunları yerli əhaliyə əllərindən gələn köməyi etdilər. Hələ Təbrizdə ikən Nuru paşa Bakıya can atan ingilis qoşun hissələri barədə məlumat toplamaq üçün zabit heyətinə xüsusi tapşırıq verdi. Nuru paşadan bu tapşırığı alan İbrahim Kamal bəy Urmiya gölü ətrafından geri çəkilən ingilislərin vəziyyəti haqqında mümkün məlumatı topladıqdan sonra Gilan məntəqəsinin hakimi Kiçik xanla görüşərək, İslam Ordusu hissələri ilə Kiçik xanın silahlı dəstələrinin birgə fəaliyyətinin nizamlanması imkanlarını müzakirə etdilər. Nuru paşanın zabit heyəti mayın 12-də Savucbulaq-Təbriz-Alacücə yolu ilə hərəkət edərək, mayın 20-də Araz çayına çatdı. Nuru paşanın dəstəsi Azərbaycanın Zəngəzur bölgəsinə daxil oldu və ilk gündən yerli əhalinin böyük sevinci və rəğbəti ilə qarşılaşdı. Dəstənin Zəngəzura çatdığı vaxt erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı təcavüzkarlığı amansız bir şəkil almışdı. Bu təcavüzkarlığın qarşısını almaq və yerli əhalidən müqavimət dəstələri yaratmaq üçün Nuru paşa bir neçə türk zabitini həmin bölgədə saxladı. Bir neçə türk zabiti isə Naxçıvan və Ordubad bölgələrinə göndərildi.

Nuru paşa Cəbrayıl-Ağdam-Tərtər marşrutu ilə Yevlaxa gəldi. Mayın 24-də Nuru paşanın Yevlaxda böyük təntənəli qarşılanma mərasimi oldu. Nuru paşa Qafqaz İslam Ordusunun qərargahının Nuxada yaradılmasını qərara almışdı. Lakin bir tərəfdən Nuxa ətrafında erməni dəstələrinin fəallığı, digər tərəfdən isə oranın əsas nəqliyyat xətlərindən kənarda qalması Nuru paşaya qərargahının Gəncədə təşkil olunmasını məcbur etdi.

Azərbaycandakı mövcud vəziyyəti diqqətlə öyrəndikdən sonra Osmanlıdan əlavə
qüvvə gəlmədən Bakı üzərinə yürüşün heç bir nəticə verməyəcəyi bəlli oldu

Nuru paşa mayın 25-də Gəncəyə gəldikdən sonra Azərbaycanın müxtəlif bölgələri ilə əlaqə yaratdı və həmin bölgələrdə müqavimət dəstələrinin təşkilinə başladı. Az vaxt ərzində Gəncə, Qazax, Zaqatala, Nuxa, Ağdam, Ağdaş, Cəbrayıl, Qarabağ və Zəngəzurun şərq hissəsini əhatə edən ərazilərdə asayişin təmini üzrə idarə və komandalar təsis edildi.

Nuru paşa Azərbaycana gəlməmişdən bir az əvvəl Azərbaycanın müxtəlif bölgələrində ermənilərə qarşı mübarizə aparmaq üçün könüllü silahlı dəstələr təşkil edilmişdi. Bu dəstələrin başında I Dünya müharibəsi illərində əsir düşmüş və Azərbaycana gətirilən türk zabitləri dayanırdı. Nuru paşanın Azərbaycana yürüşü ərəfəsində azərbaycanlılardan təşkil olunmuş korpusda şəxsi heyətin sayı həddən ziyadə az idi. Korpusda cəmi 1000 nəfərə qədər əsgər və zabit var idi və onların da yarısı türk əsirləri idi. Beləliklə, Nuru paşa Azərbaycandakı mövcud vəziyyəti diqqətlə öyrəndikdən sonra Osmanlıdan əlavə qüvvə gəlmədən Bakı üzərinə yürüşün heç bir nəticə verməyəcəyinə əmin oldu. Bununla bağlı o, Ənvər paşaya müraciət edərək Azərbaycanda mövcud olan qüvvələrlə Qafqaz İslam Ordusunun komandanlığı qarşısında qoyulan vəzifələrin həllinin qeyri-mümkün olduğunu bildirdi.

Nuru paşa Azərbaycanda siyasi vəziyyətin nə qədər ağır olduğunu Gəncəyə gəldikdən sonra daha müfəssəl anlamışdı. Azərbaycan xalqı bolşevik, rus və erməni təcavüzünə qarşı müdafiəsiz bir vəziyyətdə idi. Azərbaycan milli korpusunun adı nə qədər böyük səslənsə də, əslində, nizami ordu deyilən qoşun hissələri hələ yaradılmamışdı. Digər tərəfdən, Osmanlıdan köməyə gələn türk zabitlərinin səyi ilə yerli əhalidən təşkil ediləcək qüvvələrlə Azərbaycanın daşnak-bolşevik zülmündən xilas edilməsi mümkün deyildi. Bütün bunları diqqətlə izləyən Ənvər paşa Şərq orduları qrupunda yerləşən Beşinci Qafqaz diviziyasının Qafqaz İslam Ordusunun tərkibinə daxil edilməsi əmrini verdi. Beşinci Qafqaz diviziyasının tərkibində 257 zabit, 5575 süvari var idi. Artıq Nuru paşanın əmrində iş görə biləcək nizamlı bir qüvvə mövcud idi. Ancaq Nuru paşa onu da dərk edirdi ki, Azərbaycanda mövcud olan daşnak-bolşevik qüvvələri ilə müqayisədə bura göndərilən Osmanlı qüvvələri kifayət etmir. Buna görə də, 1918-ci il iyunun 20-də Ənvər paşaya göndərdiyi növbəti məktubunda əlavə olaraq 20 min tüfəng, hərbi sursat, bundan başqa nizamlı qüvvə və süvari qoşun təşkil etmək üçün zabit kadrlarına ehtiyacı olduğunu bildirmişdi. Bütün bunları nəzərə alan Ənvər paşa Qafqaz hərəkatının tam uğurlu alınmasını təmin etmək məqsədilə 15-ci piyada diviziyasını da Qafqaz İslam Ordusunun sərəncamına göndərdi.

On beşinci piyada diviziyasında 157 zabit və 7636 sıravi var idi. On beşinci piyada diviziyasına podpolkovnik Süleyman İzzət bəy komandanlıq edirdi. Həm 5-ci Qafqaz diviziyası, həm də 15-ci piyada diviziyası Birinci Dünya müharibəsi illərində özünü doğrultmuş və Osmanlı ordusunun ən şərəfli və döyüşkən ordusu adına layiq görülmüşdür. Düşmən qüvvələrinin say çoxluğunu bir daha önə çəkən Nuru paşa Ənvər paşanı inandırdıqdan sonra 36-cı diviziyanın 106 və 107-ci alayları da Bakı cəbhəsinə göndərildi. Müqayisə üçün onu qeyd etmək lazımdır ki, 1918-ci il iyunun axırlarında Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti qüvvələrinin sayı 20 min nəfərdən çox idi.

Qafqaz İslam Ordusunun say tərkibi ilə bağlı rəqəmlər müxtəlifdir

1918-ci il iyulun 9-da Şərq Ordular qrupunun quruluşunda aparılan dəyişikliklərdən sonra 5-ci Qafqaz diviziyası 3-cü Ordunun tabeliyindən çıxarıldı. Şərq Ordular qrupunun rəhbərliyində dəyişikliklər edilərək Vəhib paşanın yerinə Xəlil paşa təyin edildi. İstanbulda olarkən baş qərargahda Xəlil paşanın qarşısında belə bir vəzifə qoyulmuşdu ki, Batum-Tiflis dəmir yolundan faydalanaraq Xəzər dənizinə çıxsın, burada Bakıdan Ənzəliyə gedən dəmir yolunu nəzarət altına alsın ki, sonra Qəzvin-Həmədan yolundan istifadə edərək Bəsrə körfəzinə çıxmaq və İrandakı ingilis qüvvələrini məhv etmək mümkün olsun. Həmin vəzifənin yerinə yetirilməsi üçün əvvəlcə Bakının ələ keçirilməsinin zəruriliyi vurğulanırdı. Xəlil paşanın nəzərinə o da çatdırıldı ki, Bakıda ermənilərdən və ruslardan təşkil edilmiş silahlı dəstələr Gəncəyə doğru hərəkətə başlamışdılar. Ənvər paşa Şərq Ordular Qrupu Komandanlığına Xəlil paşanı təyin etməklə, heç şübhəsiz ki, Qafqazda və yaxın bölgələrdə cərəyan edən hərbi proseslərə rəhbərliyi daha çox etibar etdiyi bir şəxsə tapşırmış və Qafqaz İslam Ordusunu da birbaşa onun tabeliyinə vermişdi.

Qafqaz İslam Ordusunun say tərkibi ilə bağlı rəqəmlər müxtəlifdir. Bir çox mənbələrdə Azərbaycana gələn türk qoşun hissələrinin ümumi sayının 6 min və az sonra onlara qatılmış olan azərbaycanlı qüvvələrin 10-12 min nəfər olduğu vurğulanır. Bəzi mənbələrdə Qafqaz İslam Ordusuna qoşulan azərbaycanlıların sayı 4 min, türklərin isə 10 min nəfərdən ibarət olduğu iddia olunur. Belə bir reallığı inkar etmək olmaz ki, təkcə 5-ci Qafqaz diviziyasındakı əsgər və zabitlərin sayı 7733 nəfər olmuşdur. Hadisələrin bu rəqəm ətrafında cərəyan etdiyini nəzərə alsaq, onda azərbaycanlıların sayının 4 min nəfərdən bir az çox olduğu real görünür.

Türk qoşun hissələri Azərbaycana gəldiyi gündən qaynar döyüş şəraitinə düşdülər. Bolşevik-daşnak qüvvələri həm Şamaxı yolu, həm də dəmir yolu xətti ilə Qərbə doğru irəliləməkdə idi. Bakı Sovetinin rəhbəri Stepan Şaumyan Gəncədə fəaliyyətə başlayan Azərbaycan Xalq Cümhuriyyəti hökumətini məhv etmək üçün bütün gücü ilə hücuma keçmişdi. Qafqaz İslam Ordusunun belə bir vaxtda hər hansı bir ləng hərəkəti neçə-neçə kəndin itirilməsi, 100 minlərlə insanın öz ev-eşiyindən didərgin düşməsi demək idi. Ona görə də Qafqaz İslam Ordusu komandanlığı Şərqə doğru hərəkətin başlanmasına qərar verdi. Nuru paşa yaxşı dərk edirdi ki, Gəncə ətrafında mövcud olan təhlükəni aradan qaldırmaq, buradakı erməniləri tərksilah etmək və azərbaycanlı əhalinin təhlükəsizliyini təmin etmək onun birinci vəzifəsi idi.

Gəncə şəhərində Qafqaz İslam Ordusu üçün mövcud
olan təhlükə aradan qaldırıldı

Həmin vaxt Gəncədə 20 mindən artıq erməni yaşayırdı. Şübhəsiz, şəhərin şərq hissəsində yerləşən ermənilər türk qoşunlarının Azərbaycana gəlməsi və Gəncədə qərargah yaratmaları ilə razılaşa bilmirdilər. Onlar Bakı Soveti qüvvələrinin Gəncəyə doğru sürətli hərəkətinin intizarında idilər. Gəncənin şərq hissəsində yaşayan ermənilər 600 nəfərlik silahlı dəstəyə malik idilər. Həmin silahlı dəstənin ixtiyarında hər cür atıcı silahlar, o cümlədən pulemyotlar və hərbi təchizat var idi.

Gəncə ermənilərinin tərksilah edilməsinə Nuru paşanın əmri ilə iyunun 10-da başlandı. İyunun 11-də Nuru paşa tərəfindən yaradılan Gəncə dəstəsi erməni məhəlləsini mühasirəyə aldı. Türk süvari alayının əsgər və zabitləri döyüşqabağı mövqe tutaraq 4 erməni müşahidəçisini və keşikçisini əsir götürdülər. İki türk zabiti erməni məhəlləsinə gedərək onlara tərksilah olunmağın zəruriliyini anlatdı. Ermənilər heç bir təklifi qəbul etmədilər və zabitləri atəşə tutdular. Sonra da bütün gücü ilə hücuma keçərək türk qüvvələrini mühasirəyə almağa cəhd göstərdilər. Baş verən ağır döyüşün gedişində Gəncə dəstəsindən 13 nəfər öldürüldü, 7 nəfər isə yaralandı. Gəncə dəstəsinin bölmələri bir qədər geri çəkilsə də, etibarlı mövqe tutaraq erməni hücumunun qarşısını aldı. Türk Ordusu rəhbərliyi Yelenendorfdan olan bir alman vasitəsilə ermənilərə xəbər göndərdi ki, əgər atəşi dayandırıb təslim olmasalar, erməni məhəlləsi toplardan bombardman ediləcək. Bu xəbərdarlıqdan sonra saat 11 radələrində bir keşiş, 1 erməni zabiti və bir komissar əllərində ağ bayraq Gəncə dəstəsinin qərargahına gəldilər. Danışıqlardan sonra ermənilər tərksilah olmağa razılıq verdilər. Lakin ermənilər bu vədlərinə də əməl etmədilər. Axşam düşdüyü üçün əməliyyatın iyunun 12-də davam etdirilməsi qərara alındı. İyunun 12-də türklər tərəfindən atılan top atəşləri erməniləri təslim olmağa məcbur etdi. Türk qoşun hissələri 3 gün ərzində erməni məhəlləsini mühasirədə saxlayaraq tərksilahı başa çatdırdılar. Beləliklə, Gəncə şəhərində Qafqaz İslam Ordusu üçün mövcud olan təhlükə aradan qaldırıldı.

Azərbaycan Xalq Cümhuriyyətinin dəvəti ilə türk qoşun hissələrinin Gəncəyə gəlməsi, Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun təşkil edilməsi, Azərbaycanın milli qoşun hissələrinin yenidən qurulmasına başlanması, Şaumyan başda olmaqla, Bakı Xalq Komissarları Sovetinin rəhbərliyini ciddi təşvişə salmışdı. Gəncədə fəaliyyətə başlayan və Qafqaz İslam Ordusu tərəfindən müdafiə olunan Milli Azərbaycan hökumətinin fəaliyyətinə birdəfəlik son qoymaq üçün 1918-ci il iyunun 4-də 20 minlik Bakı Soveti qüvvəsi hərbi və dəniz işləri üzrə komissar Korqanovun 8 saylı əmri ilə Hacıqabuldan qərb istiqamətində hücuma başladı. Qırmızı ordunun tərkibindəki əsgər və zabitlərin böyük əksəriyyətini ermənilər təşkil edirdi. Gəncə istiqamətində hücuma keçən ordunun dörd komissarından üçü erməni idi.

Gəncəyə doğru hərəkətə başlamazdan əvvəl iyunun 6-da Korqanov əsgər və zabitlərə müraciətində deyirdi: “Siz Zaqafqaziyada fəhlə-kəndli inqilabının taleyini həll etməlisiniz. Əgər türk generalları qoşunları ilə Bakıya gələrlərsə, sovet hakimiyyətini məhv edəcəklər. Ona görə də siz neft sənayesi mərkəzi Bakını sovet respublikası üçün qorumalısınız. Sizə Şimali Qafqazdan və Rusiyadan mümkün olan lazımi kömək gəlir və gələcəkdir”.

İyunun 10-da Bakı Soveti qüvvələrinin Hacıqabul stansiyasından hücumu başlandı. Bir neçə gün ərzində Ucar və ətraf ərazilər, Kürdəmir və ətraf stansiyalar Qırmızı ordu tərəfindən işğal olundu. Doğrudur, müsəlman və gürcü korpuslarının müştərək qüvvələri Bakı Soveti qoşununa müqavimət göstərməyə cəhd etdi. Lakin qüvvələr nisbəti bərabər olmadığına görə Bakı Sovetinin silahlı dəstələri heç bir çətinlik çəkmədən Gəncə istiqamətində yürüşlərini davam etdirirdilər. İyunun 16-da düşmən Qaraməryəm ətrafında İslam Ordusu ilə üz-üzə gəldi. Səhər saat 9-da başlanan döyüşdə düşmən qüvvələri azərbaycanlı, gürcü və dağıstanlılardan ibarət dəstənin üzərinə hücuma keçdi. Yeddi saat davam edən döyüşdə milli qüvvələr düşmənin Qaraməryəmə can atan hissələrinin qarşısını almağa səy göstərsələr də, buna nail ola bilmədilər. Böyük strateji əhəmiyyətə malik olan Qaraməryəm kəndi bolşevik-daşnaklar tərəfindən işğal edildi. İyunun 18-də Qaraməryəm ətrafında həlledici döyüşlər yenidən başlandı. Ciddi bir hazırlıq görmədən hücuma keçən milli qüvvələr bu döyüşdə də müvəffəqiyyət qazana bilmədilər.

Müqavimət göstərən əliyalın əhali yerindəcə güllələnirdi

Qaraməryəm ətrafındakı ağır döyüşdən sonra bir neçə gün cəbhədə sakitlik yarandı. Bu sakitlikdən hər iki tərəf öz planlarına uyğun istifadə etməyə çalışırdı. Bakı Soveti qüvvələri Azərbaycan kəndlərinə daxil olaraq əhalidən bütün silahları toplayır, ərzaqlarını müsadirə edir, qoşqu heyvanlarını isə əllərindən alırdılar. Müqavimət göstərən əliyalın əhali yerindəcə güllələnirdi. Eyni zamanda, işğal altına alınan kəndlərin əhalisini türk qoşunları əleyhinə qaldırmaq üçün onların arasında xüsusi təbliğat dəstəsi fəaliyyət göstərirdi. Bolşeviklər Qırmızı ordunun canlı qüvvələrinin sayını artırmaq məqsədilə 1893-1897-ci illərdə anadan olan qeyri-müsəlmanların çağırışını elan etdilər.

Qaraməryəm ətrafındakı döyüşün nəticələri Qafqaz İslam Ordusu komandanlığında da ciddi təhlil olundu. Vəziyyətlə daha yaxından tanış olmaq, qüvvələri yenidən qruplaşdırmaq, mövcud imkanları bütünlüklə səfərbər etmək üçün Qafqaz İslam Ordusu komandanı Nuru paşa, Müsəlman korpusunun komandanı Əliağa Şıxlinski, 5-ci Qafqaz diviziyasının qərargah rəisi Rüşdü bəy cəbhə xəttinə yola düşdülər. Göyçaya gələn Nuru paşa, təkcə hərbiçilərlə deyil, yerli əhalinin nümayəndələri ilə də görüşdü və onları türk-Azərbaycan qoşun hissələrinə hərtərəfli yardım göstərməyə çağırdı. Nuru paşa Göyçay əhalisinə müraciətində deyirdi: “Azərbaycanı və azərbaycanlıları düşməndən qurtarmaq üçün Osmanlı Ordusu məmləkətinizə gəldi. Bu orduya canla-başla yardım etməyiniz lazımdır. Silahla yardım edilə bilmirsə, heç olmazsa, əsgərlərə ərzaq və su daşıyın. Bu dəhşətli istidə müharibə edən əsgər və zabitlərdən bir çoxu susuzluqdan ölmüşdür.”

Döyüşün nəticələri göstərdi ki, bolşevik-daşnak qüvvələri
heç də məğlubedilməz deyil

Cəbhədəki vəziyyətlə hərtərəfli tanışlıqdan sonra Nuru paşa şübhə etmirdi ki, ilk uğursuzluğa baxmayaraq türk-Azərbaycan qoşunları mövcud imkanları tam səfərbərliyə almaqla hərbi təşəbbüsü ələ keçirə bilərlər. Ona görə də Nuru paşa Göyçaya əlavə köməyin göndərilməsinin zəruriliyini istisna etmədən həlledici döyüşə hazırlaşmaq üçün əmr verdi. İyunun 27-nə qədər cəbhə xəttində hazırlıq işləri aparıldı. Qafqaz İslam Ordusu hissələrinin döyüşə hazırlıq üçün həyata keçirdiyi tədbirlər iyunun 26-da bolşevik-daşnak qüvvələrinin kəşfiyyatçılarına məlum oldu. Qırmızı ordu komandanlığında bu məlumat alınan kimi dərhal hücuma keçmək, türk-Azərbaycan qoşun hissələrinin hücumunu qabaqlamaq və bununla da hərbi təşəbbüsü ələ almaq qərara alındı. Bakı Soveti qoşunları iyunun 27-də hücuma başladı. Bakı Soveti qüvvələri ilk dəfə olaraq başladıqları hücumu uğurla başa çatdıra bilmədilər. Düşmən yerində saymağa başladı. İyunun 27-də qəfildən başlanmış bu döyüşün Qafqaz İslam Ordusu üçün böyük hərbi-psixoloji əhəmiyyəti var idi. Döyüşün nəticələri göstərdi ki, bolşevik-daşnak qüvvələri heç də məğlubedilməz bir qüvvə deyil və düzgün qurulmuş döyüşlə onların bütün niyyətlərini alt-üst etmək olar.

İyunun 28-də cəbhədə nisbi sakitlik hökm sürürdü. İyunun 29-da isə səhər tezdən Qafqaz İslam Ordusu hissələrinin böyük uğurla nəticələnən hücumu başlandı. Qafqaz İslam Ordusu komandanlığının göstərdiyi operativlik və çeviklik, Göyçayın müdafiəsi üçün zəruri olan qüvvələrin vaxtında bura gətirilməsi, türk-Azərbaycan qoşunlarının mübarizliyi daşnak Əmirovun rəhbərliyi altında olan bolşevik qüvvələrinin bütün cəhdlərini nəticəsiz qoydu. Göyçay ətrafında məğlub olan Bakı Soveti qüvvələri geri çəkilərək şəhərdən 5-6 kilometrlik bir məsafədə qərar tutdular. İyulun 1-də düşmən əks hücumun heç bir nəticə verməyəcəyini yəqin etdikdən sonra geri çəkilməyə başladı.

Döyüşlər Qafqaz İslam Ordusunun qələbəsi ilə başa çatdı

Beləliklə, Göyçay və Qaraməryəm ətrafında iyunun ortalarından başlamış və iyulun əvvəlinə qədər davam edən döyüşlər Qafqaz İslam Ordusunun qələbəsi ilə başa çatdı. Daşnak-bolşevik qüvvələri Ağsuya tərəf sıxışdırıldı. Bolşevik qüvvələri bu döyüşlərdən sonra bir daha hərbi təşəbbüsü ələ ala bilmədilər. Döyüşlərə uğursuzluqla başlayan Qafqaz İslam Ordusu hissələri və əməliyyatlara qoşulan Azərbaycan könüllüləri Göyçay ətrafındakı döyüşdən sonra müdafiəni hücumla əvəz etdilər. Göyçay ətrafında milli qüvvələrin qələbələrinin səbəbi qarşılarına qoyduqları vəzifələrin xarakteri ilə bağlı idi. Cəbhə xəttinin bir tərəfində Azərbaycanı bolşevik-daşnak hakimiyyəti altına gətirmək istəyən və əsasən qeyri-azərbaycanlılardan ibarət olan bir qüvvə dayanırdısa, digər tərəfində isə Azərbaycanı bolşevik-daşnak talanlarından, Bakı, Şamaxı Quba qırğınlarının təkrarlanmasından qorumağa çalışan Azərbaycanın milli qüvvələri və onlara qardaş yardımına gəlmiş türk hərbi qüvvələri dayanırdılar. Birincilər Azərbaycan əhalisinə divan tuturdusa, ikincilər öz yurddaşlarını bu faciələrdən qorumağa çalışırdı.

Göyçay ətrafında döyüşlər davam etdiyi vaxt Kür çayı boyunca, Salyan yaxınlığında da bolşevik-daşnak qüvvələri ilə türk-Azərbaycan qoşunları arasında həyəcanlı anlar yaşanırdı. Hər iki tərəf bu bölgəni öz nəzarəti altında saxlamağa böyük əhəmiyyət verirdi. Bu istək Muğanın bol taxıl ehtiyatlarından bəhrələnməkdən irəli gəlirdi. Bakı bolşevikləri, habelə bolşevik-daşnak qoşunlarının rəhbərləri Gəncəyə doğru başladıqları hücumda Yevlaxa çatıb Kür çayı üzərində körpünü ələ keçirə bilmədiklərinə görə başqa vasitələrə əl atdılar. Onlar ixtiyarında olan gəmiləri Xəzər dənizindən Kür çayına çıxararaq, bu yolla Yevlaxa xüsusi dəstələr çıxarmaq və onların vasitəsilə Yevlax körpüsünü partlatmaq istəyirdilər. Salyan ətrafında Bakı Soveti qüvvələri ilə türk-Azərbaycan qüvvələri arasında döyüşlər iyunun 16-dan – iyulun 2-nə qədər davam etdi. Salyan istiqamətindəki döyüşlərdə Bakı Soveti qoşunlarının tərkibində 2 mindən çox piyada, 12 pulemyot, 6 ədəd top, Kür çayında üzən 2 hərbi gəmi və bir nəqliyyat gəmisi var idi. İyulun 2-də daşnak-bolşevik birləşmələrinin əsgər və silah cəhətdən üstünlüklərinə baxmayaraq, türk-Azərbaycan qoşun birləşmələri onları geri çəkilməyə məcbur etdilər.

Qafqaz İslam Ordusunun əldə etdiyi uğurlar bölgədə marağı olan Sovet Rusiyasını, İngiltərəni,
Almaniyanı da ciddi narahat edirdi

Qafqaz İslam Ordusunun əldə etdiyi uğurlar və onun Bakıya doğru irəliləməsi, təkcə Şaumyanın rəhbərlik etdiyi Bakı komissarlarını deyil, bölgədə marağı olan Sovet Rusiyasını, İngiltərəni, Almaniyanı da ciddi narahat edirdi. Sovet Rusiyası Bakı Sovetinə hərtərəfli maliyyə və hərbi yardım göstərməklə Bakıda sovet hakimiyyətini və Bakı neftini qoruyub saxlamağa çalışırdı. İngiltərə də İranda olan qoşun hissələri vasitəsilə Bakıya müdaxilə etmək və çıxarılan neftə ortaq olmaq istəyirdi.

Almanlar da bu mübarizədə heç kimdən geri qalmaq istəmirdilər. Onların birbaşa Azərbaycana müdaxilə etmək niyyəti Osmanlı dövlətinin müqaviməti ilə rastlaşırdı. Almaniya həm Osmanlıya, həm də Sovet Rusiyasına təzyiq göstərməklə Bakı neftindən pay almaq istəyirdi. Almanlar hər vasitə ilə Qafqaz İslam Ordusunun Bakıya doğru hərəkətini dayandırmağa cəhd göstərirdi. Əks təqdirdə onlar türk ordusunda çalışan alman zabitlərini geri cağıracaqları ilə hədələyirdilər.

Almaniya Osmanlıya diplomatik təzyiqi də gücləndirirdi. Bu təzyiq almanların Qafqaz İslam Ordusunun tərkibinə bir alman hissəsinin daxil edilməsi təklifinə rədd cavabı verildikdən sonra daha da artdı. Osmanlıya qarşı onun müttəfiqi Almaniya tərəfindən təzyiqlər elə bir xarakter aldı ki, Ənvər paşa Qafqaz İslam Ordusunun Bakıya doğru hərəkətini açıq şəkildə müdafiə edə bilmirdi. Onun bütün yazışmaları almanların nəzarəti altında olduğu üçün rəsmi əmrlərində Bakıya doğru hücumların dayandırılmasını tələb edirdi. Əslində isə Qafqaz yürüşünün ideoloqu və təşkilatçısı olduğu üçün o, belə bir mövqedən uzaq idi və Qafqaz İslam Ordusunun Bakı yürüşü ilə bağlı zəruri göstərişlərini gizli yolla Nuru paşaya çatdırırdı. Almaniyanın bu təzyiqləri nə qədər güclü olsa da, Qafqaz İslam Ordusunun Bakıya doğru hərəkətini saxlamaq iqtidarında deyildi.

Göyçay və Salyan ətrafındakı döyüşlərdən sonra tərəflər qarşıda duran vəzifələrə nail olmaq üçün verilən itkiləri bərpa etmək, qarşı tərəflə müqayisədə daha böyük qüvvə üstünlüyü yaratmaq üzərində düşünürdülər. Bolşevik-daşnak qoşunları hərbi təşəbbüsü ələ alaraq Qafqaz İslam Ordusu qüvvələrinin müqavimətini qırmaq məsələsini həll etməyi, Qafqaz İslam Ordusu komandanlığı isə əldə olunan uğurları genişləndirərək bolşevik-daşnak qüvvələrinin müqavimətini qırmaq üçün əlavə qüvvələr əldə etmək məsələsi üzərində düşünürdülər.

İyulun 5-də türk-Azərbaycan qoşun birləşmələri Ağsu istiqamətində yürüşə başladılar. Günortadan sonra başlayan hücum axşam qaranlıq düşənə qədər davam etdi. Havanın həddən çox isti olması, içilən suyun təminatı ilə bağlı problemlər, malyariya, dizenteriya və vəba kimi dəhşətli xəstəliklər qələbənin tezləşməsinə mane olurdu. Nəhayət, iyulun 6-da yenidən hücuma keçən türk-Azərbaycan birləşmələri daşnak-bolşevik qüvvələrini məğlub edərək Ağsunu azad etdilər. Ağsudan geri çəkilən Bakı Soveti qüvvələrinin bir hissəsi Kürdəmirdə sığınacaq tapdı.

Mürəkkəb coğrafi şəraitdə yerləşən Şamaxının azad edilməsi
həm qoşunlardan böyük şücaət tələb edirdi

1918-ci il iyulun 7-8-də türk-Azərbaycan qoşun birləşmələri Kürdəmir istiqamətində çətin döyüşlərə başladılar. Bolşeviklərin əlindəki zirehli qatar və avtomobillərə malik olması, silah-sursat baxımından üstünlükləri milli qüvvələri qorxutmadı. Nəhayət, iyulun 10-da axşama doğru Kürdəmir daşnak qüvvələrindən azad edildi və Şərq istiqamətində geri çəkilən bolşeviklərin təqibi başlandı.

Şamaxının azad edilməsi Qafqaz İslam Ordusunun əldə etdiyi ən əhəmiyyətli uğurlardan biri idi. Mürəkkəb coğrafi şəraitdə yerləşən Şamaxının azad edilməsi həm qoşunlardan böyük şücaət tələb edirdi, həm də yerli əhalidəki erməni xofunu birdəfəlik silib atmalı idi. Şamaxı, eyni zamanda, Bakıya doğru hücum üçün başlıca strateji baza hesab olunurdu. Ona görə də Qafqaz İslam Ordusu komandanlığı Şamaxı üzərinə kifayət qədər hazırlıq görülməsini və bu hücumun qısa vaxt ərzində başa çatdırılmasını lazım bilirdi.

1918-ci il iyulun 19-da Mürsəl paşa Şərq Cəbhəsinin komandanı kimi Şamaxı üzərinə hücum əmrini imzaladı. Döyüş əmrini alan türk-Azərbaycan qüvvələrini şiddətli yağış müşayiət edirdi. Güclü yağış və palçıqlı yollar döyüş texnikasının dağ şəraitində irəliləməsini xeyli çətinləşdirirdi. Bütün bunlara baxmayaraq, Şamaxı üzərində hücumu həyata keçirən 10-cu və 13-cü alayların şəxsi heyəti böyük fiziki dözüm və fədakarlıq nümayiş etdirərək, düşmənə ağır zərbələr endirdilər. Artıq günün ikinci yarısında bolşevik-daşnak qüvvələri kütləvi şəkildə Şamaxıya tərəf geri çəkilməyə başladılar.

İyulun 19-da Şamaxı ətrafındakı döyüşün nəticələri Qafqaz İslam Ordusunun komandanı Nuru paşanı razı salmamışdı. Nuru paşa yazırdı: “Şamaxı ətrafındakı hərəkatın nəticəsi məni məmnun etməmişdir. Çünki mən düşmənin əsarət və imhası və dolayısı ilə Bakıya çəkilməkdə müvəffəq olmamasını istəyirdim. Bolşevik qüvvələrinin, ümumən, sağ-salamat geri çəkilməsi, onların Bakı ətrafında cəmləşməsi Bakının müdafiəsinin möhkəmləndirilməsi ilə nəticələnə bilərdi”.

İyulun 20-də döyüşlər davam etdirildi. Gün ərzində gedən döyüşlərdə Şamaxı düşmən qüvvələrindən azad edilərək türk-Azərbaycan birləşmələrinin əlinə keçdi. Bakı bolşeviklərinin liderlərindən olan və Şamaxı istiqamətindəki 3-cü briqadanın komissarı A.Mikoyan Şamaxının müdafiə olunmamasında 3-cü ordunun komandiri Hamazaspı günahlandırırdı. Bakı Soveti rəhbərliyinin Leninə və Stalinə yolladığı təcili teleqramlar və onlara köməyə göndərilən qüvvələr də erməni-daşnak qüvvələrindən azad edilən Şamaxının taleyində heç bir dəyişiklik yarada bilmədi.22 Bakı Soveti qüvvələri iyulun 22-də Şamaxı uğrunda yeni bir cəhd göstərsələr də, bu bir nəticə vermədi.

Geri çəkilən düşmən yol boyunca körpüləri partladır
və dəmir yolu xəttini sıradan çıxarırdı

İyulun 23-nə aid olan döyüş məlumatında bildirilirdi ki, dəmir yolu boyunca fəaliyyət göstərən Bakı Soveti qüvvələri Hacıqabula doğru geri çəkilmişdir. Geri çəkilən düşmən yol boyunca körpüləri partladır və dəmir yolu xəttini sıradan çıxarırdı. Nuru paşa Şimal qrupuna göndərdiyi məktubunda Hacıqabuldan Bakıya gedən dəmir yolu xəttinin qorunmasını, habelə Cənub qrupunun irəliyə hərəkət etməsinin və Hacıqabulun azad edilməsinin zəruriliyini vurğulayırdı. Hücum edəcək qüvvələrin vəziyyətini və imkanlarını daha yaxşı bilən Mürsəl paşa Nuru paşaya göndərdiyi məktubunda Bakıya doğru dayanmadan irəliləməyin tərəfdarı olmaqla bərabər, ordunun təminat və təchizat məsələlərinin həllinə vaxt verilməsini xahiş edirdi. Mürsəl paşa Nuru paşaya göndərdiyi məktubunda onun diqqətinə çatdırırdı ki, Mərəzə kəndi bütünlüklə tərk edildiyindən yerli əhalidən kömək almaq mümkün deyil. Çünki, taxıl biçilsə də hələ döyülməmişdir. Qısa vaxt ərzində burada ərzaq ehtiyatı toplamaq mümkün deyil. Ona görə də, həm ərzaq ehtiyatı, həm də silah-sursat arxadan göndərilməlidir. Mürsəl paşa onu da əlavə edirdi ki, Mərəzədən Bakıya qədər olan ərazidə, demək olar ki, əhali yaşamır və su mənbələri yoxdur. Buna görə də arxa cəbhə lazımi şəkildə möhkəmlənəndən sonra Bakıya doğru yürüşə başlamaq mümkündür.

Cəbhədə yaranmış nisbi sakitlikdən daşnak-bolşevik qüvvələri öz xeyrinə istifadə etməyə cəhd göstərirdilər. Qırmızı ordu hissələrindəki böhran Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti qurumunu dağılma həddinə çatdırmışdı. Bu bolşevik qurumunu və onu təmsil edənləri məhv olmaqdan, yalnız cəbhədə Qafqaz İslam Ordusu hissələrinin qarşısının alınması xilas edə bilərdi. Yaxınlaşan süqutdan xilas olmaq üçün əsas ümid isə Sovet Rusiyasından gələn köməyə bağlanırdı. Leninin göstərişi ilə Petrovun komandanlığı altında 780 nəfərlik yaxşı silahlanmış Sovet qoşun dəstəsi Ukrayna cəbhəsindən Bakıya göndərildi. İyulun 19-da öz dəstəsi ilə Bakıya gələn Petrov Bakı rayonunun hərbi komissarı təyin edildi. S.Şaumyan yaxşı başa düşürdü ki, təkcə Petrovun dəstəsi ilə Qafqaz İslam Ordusunun Bakı üzərinə başlanan yürüşünün qarşısını almaq mümkün deyildir. Bu məqsədlə Bakı Soveti yerli əhaliyə müraciətlər edir, qeyri-azərbaycanlılarda millətçi-şovinist hissləri qıcıqlandırmaqla, bolşevik-daşnak cəbhəsinə əlavə qüvvələrin cəlb olunmasına cəhdlər göstərirdi.

Qafqaz İslam Ordusu hissələri Bakıya yaxınlaşdıqca Bakı komissarlarının ətrafına
toplaşmış siyasi qüvvələr arasında parçalanma baş verirdi

Qafqaz İslam Ordusu hissələri Bakıya yaxınlaşdıqca Bakı komissarlarının ətrafına toplaşmış siyasi qüvvələr arasında parçalanma baş verirdi. Azərbaycan xalqı ilə heç bir əlaqəsi olmayan bu qurum Bakının azad ediləcəyi təqdirdə törətdikləri faciələrə, qanunsuzluqlara görə cavab verməli olacaqlarını dərk edərək vəziyyətdən çıxış yolu axtarır və bunu ingilis qoşunlarının Bakıya gətirilməsində görürdülər.

Uzun müddət Bakı Sovetinin təmsilçiləri olan eserlər və daşnaklar güman edirdilər ki, ingilislər Bakıya gəlməklə həm Qafqaz İslam Ordusunun qarşısını alacaq, həm də onların Bakıda mövqelərini möhkəmləndirəcəklər. İyulun 25-də Bakı Sovetinin fövqəladə iclasında bolşeviklər ağır məğlubiyyətə məruz qaldılar. İclasda bolşeviklərin bütün səylərinə baxmayaraq, sağ eserlər, daşnaklar və menşeviklər ingilis qoşunlarının Bakıya dəvət olunması lehinə səs verdilər.

Qafqaz İslam Ordusunun komandanı Nuru paşa kəşfiyyatın, habelə Bakıdan qaçıb gəlmiş azərbaycanlıların verdiyi məlumatlar əsasında cəbhədə cərəyan edən prosesləri öz nəzarətində saxlayırdı. Düşmən cəbhəsində yaranmış təlaşdan mümkün qədər çox yararlanmaq üçün Nuru paşa iyulun 24-də Mürsəl paşaya göndərdiyi teleqramda iyulun 26-da Bakı üzərinə qəti hücuma başlamağı tövsiyə edirdi. Ancaq Mürsəl paşa Nuru paşaya göndərdiyi məktubunda Bakı üzərinə qəti hücumun başlanması vaxtının dəyişdirilməsini xahiş edirdi. Mürsəl paşaya görə, ordu hissələri üçün zəruri olan silah-sursat onlara çatdırılmamış, dəmir yolu xəttinin sökülməsi, körpülərin partladılması Cənub qrupunun hərəkətini xeyli ləngitmişdir. Bu qrup Bakı ətrafına gəlib çatmadan qətiyyətli və uğurlu hücumu həyata keçirmək mümkün deyildi. Mürsəl paşa Bakı üzərinə hücumun iyulun 28-də həyata keçirilməsini xahiş edirdi.

İyulun 28-də verilən döyüş əmrinə görə, Şimal qrupu Bakı istiqamətində hücumunu davam etdirərək Bakı ətrafına çatmalı idi. İyulun 29-u və 30-da Qafqaz İslam Ordusu hissələrinin Bakıya doğru irəliləməsi davam etdi. Türk-Azərbaycan qoşun birləşmələri Bibiheybət və Xırdalan istiqamətinə gəlib çatdılar. Düşmənin müqaviməti nəticəsiz başa çatırdı.

Ermənilər və onların ətrafında toplaşanlar bütün ümidlərini
ingilis qoşunlarının Bakıya gəlişinə bağlamışdılar

Qafqaz İslam Ordusu qüvvələrinin Bakı ətrafında ciddi müqavimətə rast gəlməməsi və milli qüvvələrin Bakıya sürətlə yaxınlaşması şəhərin tezliklə süqut edəcəyinə bir inam yaratmışdı. Döyüşlərdə yersiz itkilərə yol verməmək üçün iyulun 31-də Qafqaz İslam Ordusu adından Bakıya nümayəndə heyəti göndərildi. Nümayəndə heyəti şəhər təslim ediləcəyi təqdirdə ermənilərin oradan istədikləri yerə çıxıb getmələri üçün şərait yaradacaqlarına təminat verirdi. Bu nümayəndə heyətinin göndərilməsi, onun apardığı məktuba verilən cavab ilə Ənvər paşa şəxsən maraqlanırdı. Ənvər paşadan alınan teleqramda deyilirdi ki, ermənilər dincliklə Bakını təhvil versələr, onların Ermənistana keçməsi üçün hər cür şərait yaradılacaqdır. Ancaq ermənilər və onların ətrafında toplaşanlar bütün ümidlərini ingilis qoşunlarının Bakıya gəlişinə bağlayır və vəziyyətin onların xeyrinə tamamilə dəyişəcəyinə əmin idilər.

İyulun 30-dan 31-nə keçən gecə bolşeviklər öz hakimiyyətini qoruyub saxlamaq üçün sonuncu dəfə cəhd göstərdilər. Bakı Soveti rəhbərliyi və Daşnaksütyun partiyasının liderləri belə razılığa gəldilər ki, bütün silahlı dəstələrini cəbhəyə yola salsınlar. Lakin nəzərdə tutulan 1300 silahlının əvəzinə, 320 nəfər əsgər və zabit cəbhəyə yola düşdü. Qafqaz İslam Ordusu hissələrinin güclü hücumlarına davam gətirə bilməyən və məğlubiyyətlə barışmalı olan Şaumyan hakimiyyətdən əl çəkdiyini elan etdi. Avqustun 1-də yeni hökumət – “Sentrokaspi” diktaturasının yaradıldığı elan edildi. Bu hökumətin eser, menşevik və ermənilər tərəfindən təşkil edildiyi bildirilsə də, əsas hakimiyyət Daşnaksütyun partiyasının əlində idi.

Əgər şəhər təslim edilməsə, şəhər alınandan sonra axıdılan qan və dəyən ziyanın
məsuliyyəti sizin üzərinizdə qalacaqdır

Avqustun ilk günlərində Qafqaz İslam Ordusu qüvvələrinin Bakı üzərinə yürüşü davam etdirildi. Avqustun 3-də Xırdalanla Biləcəri arasında Qafqaz İslam Ordusu qüvvələri ilə “Sentrokaspi” qoşunları arasında döyüşlər yenidən başladı. Bu döyüşlər milli qüvvələrin qələbəsi ilə başa çatdı. Avqustun 3-də Şərq cəbhəsi komandanı Mürsəl paşa yenidən şəhərdəki qüvvələrə məktub göndərdi. Məktub rus və türk dillərində yazılaraq Bakıdakı Erməni Milli Şurasının sədrinə və “Sentrokaspi” ordusunun komandanına ünvanlanmışdı. Məktubda deyilirdi: “Cənab Erməni Milli Şurasının sədri, sizə aydındır ki, Bakı ətrafında türk qoşunu dayanır. Əgər siz şəhəri döyüşsüz təslim etməyə razı olsanız, milliyyətindən və dinindən asılı olmayaraq hamının hüquqlarının qorunmasına zəmanət verirəm. Əgər şəhər təslim edilməsə, şəhər alınandan sonra axıdılan qan və dəyən ziyanın məsuliyyəti sizin üzərinizdə qalacaqdır”. Lakin Erməni Milli Şurasının və Daşnaksütyun partiyasının liderləri məktuba cavab verməyərək Qafqaz İslam Ordusu qoşunlarına qarşı mübarizəni davam etdirməyi qərara aldılar.

Avqustun 4-də polkovnik Stoksun rəhbərliyi altında Ənzəlidəki ingilis qoşunlarının kiçik bir dəstəsi Bakıya gəldi. Alınan hərbi yardım “Sentrokaspi” diktaturasının liderlərində ümidverici bir əhval-ruhiyyə yaratdı. Heç şübhəsiz ki, ingilislərin “Sentrokaspi” qüvvələrinə köməyə gəlməsi daşnak ordusunun fəaliyyətində bir canlanma yaratdı. “Sentrokaspi” rəhbərliyi Bakıda təbliğat apararaq, hamını inandırmağa çalışırdı ki, guya qısa bir vaxtda ingilislər türk ordusuna qarşı 30 minlik qoşun göndərəcəklər. Bu təbliğat öz nəticəsini verdi.

Bakı üzərinə qətiyyətli hücum avqustun 5-nə təyin edildi

Bakı üzərinə hücumun Şimal qrupu tərəfindən icra edilməsi nəzərdə tutulmuşdu. Cənub qrupu isə daha çox yardımçı rol oynamalı idi. Bakı üzərinə qətiyyətli hücum avqustun 5-nə təyin edildi. Səhər saatlarında başlayan döyüşlərdə Qafqaz İslam Ordusu hissələri hərbi təşəbbüsü ələ aldılar. Onların üstünlüyü bütün cəbhə boyu hiss edilməkdə idi. İlk zərbədən sonra “Sentrokaspi” qoşunları geri çəkilməyə başladı. Bayıl ətrafındakı yüksəkliklər, “Qurd qapısı” təpəlikləri boyunca uzanan müdafiə xətti Qafqaz İslam Ordusu qüvvələrinin əlinə keçdi. Lakin düşmənin müdafiə xəttinin ləğv edilməsinə və ikinci müdafiə xəttinə yaxınlaşmasına baxmayaraq, kifayət qədər top mərmisinin tədarük olunmaması artilleriya hücumlarının dayandırılmasına gətirib çıxardı. Artilleriya hücumundan məhrum olan piyadalar müdafiəyə keçmək məcburiyyətində qaldılar. Düşmən Qafqaz İslam Ordusu hissələrini 4 kilometr geri çəkilməyə məcbur etdi. Avqustun 5-nə qədər davam edən qanlı vuruşmalarda düşmən tərəf 2 min nəfər itki vermiş, Qafqaz İslam Ordusundan isə 139 əsgər, 9 zabit şəhid olmuş, 463 nəfər isə yaralanmışdı.

Qafqaz İslam Ordusunun Bakı üzərinə hazırladığı hücumun boşa çıxması düşmən cəbhəsində ruh yüksəkliyi yaratdı. Erməni və rus birləşmələri ingilis generalı Denstervillin qüvvələri ilə möhkəmlənəndən sonra avqustun 6-da Bakıda əli silah tutan 16-65 yaş arasında olan kişilər məcburi surətdə orduya çağırıldı. Bu tədbirə qarşı çıxan müsəlmanlardan 600 nəfər edam olundu.

Bakı üzərinə hücumun uğurla başa çatdırılması üçün bura, təkcə yeni qüvvələr gətirmək deyil, həm də mövcud qüvvələrin mənəvi–psixoloji durumunu bərpa etmək, onlara qələbə inamını qaytarmaq lazım idi. Beş avqust uğursuzluğundan bir neçə gün sonra Qafqaz İslam Ordusu döyüşçüləri arasında yayılmış bir müraciətnamənin məzmunu da bu məqsədə xidmət edirdi. Türk əsgərinə ünvanlanmış həmin müraciətnamədə deyilirdi: “Türk Ordusuna! Əgər siz bu sərvət və altun şəhərini zəbt etməsəniz, sevgili Vətənimizə ən qiymətli bir hədiyyə etmək fürsətini qaçırmış olacaqsınız. Əgər siz yaşıl dənizin bu məşhur şəhərini zəbt etməsəniz, Qafqaz türkləri və Türküstan müsəlmanlarının qəlbinə saplanmış olacaq zəhri-xəncərin üzərinə: “Eyvah ki, türk bizə imdada gəlmədi” cümləsi yazılmış olacaqdır. Qafqaz fəryad edəcək, Türküstan ağlayacaqdır… Ey türk əsgəri! Əgər sən bu şəhəri almasan, Bakıda sənin üçün hazırlanan süfrələr müsafirsiz qalacaq, sənin üçün tikilən əlbəsəni düşmən geyəcəkdir. Sənin ayağına kəsiləcək qurbanlar düşmənə qalacaqdır. Əgər sən bu şəhəri almasan, İslam gəlinlərinin duvaqlarını kafirlər yırtacaq, mübarək İslam qanı qırmızı şərab kimi axacaqdır. Sənin zəfərin üçün duaya qalxan əlləri zalımlar kəsəcəkdir. Əgər sən bu sarı işıqlı altun şəhəri almasan, qadınlar saçlarını yolacaq, ağıllarını itirəcəklər. İndiyə qədər axan qanlar boş yerə axmış olacaq.

Fəqət sən, ey türk əsgəri, ingilislərin gücünü kəndi zorunla Çanaqqalada qırdın. Ən böyük hərb gəmilərinin böyük güllələrinə aylarca doğuş gərdin. Kutulamaredə 14 minini əsir aldın. Türk adını böyüdən Çanaqqala, Kutulamare, Qalisiya, Rumıniyadan sonra Qafqaz gələcək və Bakı şəhəri də igidlik tacının bir almazı olacaqdır. Al Bakını! Vətəninə bir altun ərməğan apar!”.

Azərbaycan xalqı Bakının azad edilməsini və bu şəhərin müstəqil Azərbaycan dövlətinin paytaxtına
çevrilməsini səbirsizliklə gözləyirdi

Azərbaycan xalqı Bakının azad edilməsini və bu şəhərin müstəqil Azərbaycan dövlətinin paytaxtına çevrilməsini səbirsizliklə gözləyirdi. Bakının azad edilməsi Azərbaycan xalqının ölüm–dirim məsələsi idi. İstanbulda olan M.Ə.Rəsulzadə xarici işlər naziri M.Hacınskiyə göndərdiyi məktubunda yazırdı: “Hansı yolla, nəyin bahasına olursa-olsun, Bakı tezliklə tutulmalıdır. Əks təqdirdə, baş vermiş fakt qarşısında çətin vəziyyətdə qalarıq. Əgər Bakı alınmasa, hər şey bitdi. Əlvida, Azərbaycan!”.

Beş avqust döyüşündən sonra Bakı ətrafında bir müddət nisbi sakitlik yarandı. “Sentrokaspi” və ingilis qoşunları həmin gün qazandıqları hərbi uğuru genişləndirməyə cəhd göstərsələr də, Qafqaz İslam Ordusu hissələri onlara lazımi cavabı verdi. “Sentrokaspi” rəhbərliyi şəhər əhalisi arasında həm səfərbərlik aparır, həm də təbliğat işlərini genişləndirirdi. “Sentrokaspi” rəhbərliyi keçmiş Bakı Soveti qüvvələrinin əlində olan silahları və hərbi qüvvələri də Qafqaz İslam Ordusuna qarşı mübarizəyə cəlb etməyə çalışırdı. Lakin bütün bunlar Bakının azad edilməsi ilə bağlı Qafqaz İslam Ordusunun ikinci hücumuna mane ola bilmədi. Üç tərəfdən mühasirəyə alınan Bakı artıq qurudan yardım almırdı. Yalnız ordunun ehtiyacını ödəmək üçün Ənzəli və Lənkərandan dəniz yolu ilə “Sentrokaspi” diktaturasına yardım gəlirdi. Avqustun 25-dək iki tərəf arasında top və pulemyot atəşləri açılır, bəzən isə mövqe döyüşləri baş verirdi.

Qafqaz İslam Ordusu komandanlığı Abşeron yarımadasının şərq və şimalında yerləşən müsəlman kəndlərində könüllü qüvvələr təşkil etməyə, Sabunçu, Balaxanı və Binəqədi tərəfdən yeni cəbhələr təşkil edib Bakının mühasirəsini daraltmağa başladı. Avqustun 25-də Qafqaz İslam Ordusunun Bakı üzərinə ikinci hücumunu uğurla başa çatdırmaq və şəhəri azad etmək məqsədilə Nuru paşa polkovnik Süleyman İzzət bəyin komandanlığında olan 15-ci diviziyanı Qafqaz İslam Ordusunun tabeliyinə keçirdi. Beləliklə, ikinci Bakı hücumu ərəfəsində 5-ci Qafqaz diviziyasına Mürsəl paşa, 15-ci piyada diviziyasına Süleyman İzzət bəy, Cənub qrupu birliklərinə isə polkovnik Cəmil Cahid bəy başçılıq edirdi. Bir neçə gün davam edən uğurlu döyüşlərdən sonra Novxanı, Görədil, Pirşağı, Kürdəxanı və Fatmayı kəndləri Qafqaz İslam Ordusunun nəzarətinə keçdi. Maştağa və Höküməli kəndlərində mövqelərini möhkəmlədən Qafqaz İslam Ordusu yerli əhalini də Bakının azad edilməsi işinə cəlb etdi. Avqustun 25-dən sentyabrın 13-nə qədər davam edən döyüşlərdə Qafqaz İslam Ordusu böyük uğurlar qazanaraq Bakıya yaxınlaşdı.

Bakı üzərinə hücumu uğurla başa çatdırmaq üçün Qafqaz İslam Ordusunun
əsgər və zabitlərinin sayı 14 minə çatırdı

Qafqaz İslam ordusunun hücumu sentyabrın 13-dən 14-nə keçən gecə səhər saat 4-də başladı.

Güclü artilleriya hazırlığından sonra türk və Azərbaycan hərbi birləşmələri şəhərin əsas girişi-Qurd qapısı istiqamətində hücuma başladılar. Səhər saat 8-də artıq döyüşün taleyi demək olar ki, həll edilmişdi. Bakıda Böyük Britaniya kontingentinə rəhbərlik edən general Denstervil yazırdı: “İlk telefon zəngi ümidlərimizi duman kimi dağıtdı. Bildirildi ki, döyüş artıq başa çatıb, qalib türk əsgərləri heç bir müqavimətlə üzləşmədən mütəşəkkil dəstələrlə şəhərə doğru irəliləyir”.

Sentyabrın 14-ü səhər saat 9-da Bakı limanına polkovnik Biçeraxovun Dağıstandan göndərdiyi əsgərlərlə dolu iki gəminin daxil olması xəbəri alındı. Bu hadisə Sentrokaspi qüvvələri arasında müəyyən canlanma və ümid yaratdı.Lakin tezliklə məlum oldu ki,gəmidəkilər Biçeraxov əsgərləri deyil, şəhəri tərk etməyə tələsən mülki əhali-əsasən ermənilərdir. Saat 11-də general Denstervil “Prezident Kryuger” gəmisini tərk edib baş komandan Dokuçayevin qərargahına gəldi. Rastlaşdığı acınacaqlı mənzərə onu ingilis əsgər və zabitlərinin Bakını tezliklə tərk etmək haqqında qərar verməyə məcbur etdi. Lakin bu barədə Sentrokaspi hökumətinə məlumatı yalnız saat 16-da bildirməyi vacib bildi. Çünki həmin vaxt müqavimətin mənasız olduğunu görən əsgər və zabitlər kütləvi şəkildə və nizamsız halda döyüş mövqelərini buraxıb qaçırdılar. Artıq heç bir qüvvənin şəhərin süqutunun qarşısını ala bilməyəcəyini bütün çılpaqlığı ilə üzə çıxartdı.

On dörd saatdan artıq çəkən döyüş yalnız axşam qaranlığın düşməsi ilə dayandı. Döyüşün səngiməsi və Qafqaz İslam ordusu hissələrinin hələ şəhərə tam nəzarət etməməsi məğlubiyyətə sona qədər inanmayan Sentrokaspi rəhbərliyinin ürəyində yenidən ümid qığılcımını alovlandırdı. Təxminən axşam saat 22 radələrində Sentrokaspi rəhbərlərindən Lyamlin və Sadovski Bakı limanına gələrək “Prezident Kryuger”in göyərtəsində qərargahı yerləşən Denstervillə təcili görüşmək istədiklərini bildirdilər. Onlar Denstervildən dərhal bütün əsgərlərini döyüş mövqelərinə qaytarmaq və şəhərin müdafiəsində sonacan iştirak etməyi tələb etdilər. General Denstervil heç bir hədə-qorxu qarşısında Bakını tərk etmək ilə bağlı qərarından dönməyəcəyini bəyan etdi. Nəticədə Bakı limanının çıxışında gözətçi gəmisi ilə xırda münaqişə çıxmaq şərti ilə göyərtəsində 800 nəfərdən çox ingilis döyüşçüsü aparan “Prezident Kryuger” heç bir ciddi münaqişə ilə üzləşmədən sentyabrın 14-dən 15-nə keçən gecə saat 1 radələrində Bakı buxtasını tərk etdi.

Bakı üzərinə hücumu uğurla başa çatdırmaq üçün Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin sayı 14 minə çatırdı. Bunların 8 mini osmanlı, 6 mini isə azərbaycanlı əsgər və zabit idi.

Sentyabrın 15-də döyüşlər səhər saat 5:30-da başladı

Sentyabrın 15-də döyüşlər səhər saat 5:30-da başladı. Bütün qüvvələrin əsas vəzifəsi kimi Bakının ələ keçirilməsi müəyyənləşdirildi. Hücum planına görə, Ermənikəndin cənubundan keçmək şərti ilə şəhərin qərb hissəsinin ələ keçirilməsi 5-ci diviziyaya həvalə olunmuşdu. 15-ci diviziya isə sağ cinahı Ermənikənddən keçmək şərti ilə şəhərin şimal və şərqindən irəliləməli, Qaraşəhər ərazisini nəzarət altına almalı idi. Azərbaycan könüllü hissələri isə Sabunçudan şəhərə gələn dəmir yolu xətti boyunca hücuma keçib Keşləyə girməli və orada möhkəmlənməli idi. Milli qüvvələrin digər bir hissəsinə Əhmədli istiqamətindən şəhərə doğru hücuma keçmək həvalə olunmuşdu. Əhmədlidən irəliləməkdə olan və əsasən milli qüvvələrdən təşkil edilən süvari dəstəsinə Qarayazı süvari alayı, Ləzgi süvari alayı və digər milli süvari bölükləri daxil idi. Səhər saatlarında bütün istiqamətlərdə başlanan hücum öz uğurlu nəticəsini verdi. Qaraşəhər, Ermənikənd və Əhmədli istiqamətində düşmənin hücumu qətiyyətlə dəf edildi. Qafqaz İslam Ordusunun qarşısının alınmasının qeyri-mümkünlüyünü görən “Sentrokaspi” rəhbərliyi danışıqlara başlamağı qərara aldı. Saat 10:30-da “Sentrokaspi” ordusunun qərb cəbhəsinin komandanı üzərində ağ bayraq asılan avtomobillə 5-ci diviziyanın qərargahına yaxınlaşdı. Beşinci diviziyanın qərargahına danışıqlara gələn “Sentrokaspi” rəhbərliyinə aşağıdakı şərtlər diktə edildi:

1. Şəhərin qeyd-şərtsiz təslim edilməsi; 2. Şəhərdəki düşmən qüvvələrin təslim edilməsi; 3. Top və silahların, binaların və digər obyektlərin təslim edilməsi; 4. Nargin adasında olan türk, alman və Avstriya əsirlərinin azad edilməsi; 5. Silah anbarlarının, ərzağın, avtomobillərin, yük maşınlarının, zirehli avtomobillərin, təyyarələrin və digər hərbi mülkiyyətin təslim edilməsi.

Bu şərtlərin qəbul edilməsi ilə yanaşı, əhalini sakitliyə, onların həyatları və mülklərinin təhlükəsizliyi üçün xüsusi bəyanat hazırlanaraq, “Sentrokaspi” nümayəndə heyətinə verildi.

Azərbaycanın azadlığı uğrunda döyüşlərdə Qafqaz İslam Ordusunun
4 mindən çox əsgər və zabiti şəhid oldu

Bakı şəhəri azad edilərkən 17 erməni, 9 rus, 10 gürcü zabiti, 1151 erməni, 383 rus, 4 ingilis və 113 nəfər müxtəlif millətdən olan əsgər əsir götürüldü.

Təkcə avqust ayının əvvəllərindən sentyabrın 15-nə qədər Bakı uğrunda gedən döyüşlərdə 5-ci Qafqaz diviziyası 1130-a qədər şəhid verdi. Ümumiyyətlə, Qafqaz İslam Ordusu iyunun ortalarından sentyabrın 15-nə kimi Azərbaycanın azadlığı uğrunda döyüşlərdə 4 mindən çox əsgər və zabit şəhid verdi. Bu döyüşlərdə Azərbaycan könüllü dəstələrinin də itkiləri kifayət qədər idi.

Beləliklə, sentyabrın 15-i saat 15-dən sonra Bakı şəhəri bütünlüklə Qafqaz İslam Ordusunun nəzarəti altına keçdi. Nuru paşa Bakının ələ keçirilməsilə bağlı hərbi nazir Ənvər paşaya, Gəncədəki Azərbaycan hökumətinə təbrik teleqramı göndərdi. Nuru paşa Azərbaycan hökumətindən xahiş edirdi ki, Bakıda asayişin təmin edilməsi üçün Gəncədən polis qüvvələrinin göndərilməsini tezləşdirsin.

Sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsi
ilə başla bədən birləşmiş oldu

Bakı şəhərinin azad edilməsi həm Azərbaycan ictimaiyyətinin, həm də Osmanlı dövlət rəhbərlərinin, xüsusilə Ənvər paşanın çox böyük sevincinə səbəb oldu. O, Şərq Ordular Qrupunun komandanı Xəlil paşaya göndərdiyi teleqramda deyirdi: “Bakı başarısından dolayı gözlərindən öpərək təbrik edirəm”. Ənvər paşa Nuru paşaya göndərdiyi teleqramda yazırdı: “Böyük Turan İmperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin azad edilməsi xəbərini böyük bir sevinc və mutluluqla qarşıladım. Türk və İslam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözündən öpür, şəhidlərimizə fatihələr ithaf edirəm”. Bu tarixi günü və hadisəni M.Ə.Rəsulzadə belə dəyərləndirirdi: “15 sentyabr Azərbaycan xalqının tarixində 28 mayıs qədər böyük dəyərə malikdir. Əgər 28 mayda Cümhuriyyətin istiqlalı bütün dünyaya elan edilmişdisə, 15 sentyabrda bu istiqlal real bir təməl üzərində qurulmuş oldu. 15 sentyabrda Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsi ilə başla bədən birləşmiş oldu. Bakı baş, bədən isə Azərbaycandır”.

Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski Bakının azad edilməsi münasibətilə Nuru paşaya yazırdı: “Cəsur türk əsgərlərinin Azərbaycanın baş kəndi olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətimin adından dünyanın ən cəsur və soylu əsgəri olan türkün oğullarına minnətdar olduğumuzu ərz etməklə iftixar duyuram. Millət sizə minnətdardır”.

Bakıya daxil olan Türk Ordusunun komandanları Nuru paşa, Xəlil paşa, Mürsəl paşa və başqaları Hacı Zeynalabdin Tağıyevin dəvətini qəbul edərək onun evində qaldılar. Qoşunların Bakıya gəlib bu şəhəri azad edəcəyi təqdirdə ikimərtəbəli böyük malikanəsini (indiki Azərbaycan Tarix Muzeyi) türk qoşunları komandanlığına bəxşiş edəcəyini vəd edən Tağıyev sözünə sahib çıxdı. O, öz mülkünü türk qoşunlarının komandanlığının istifadəsinə verdi.

Bakının azad edilməsindən bir neçə gün sonra Qafqaz İslam Ordusu Qarabağ bölgəsində erməni-daşnak qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qırğınların qarşısını almaq üçün ora köməyə yollandı. Qafqaz İslam Ordusunun bir hissəsi isə Dağıstan istiqamətində xilaskarlıq yürüşünü davam etdirməyə başladı…

Qafqaz İslam Ordusunun əsgərlərinin xatirəsinə 1919-cu ildə
özülü qoyulan abidə 2000-ci ildə ucaldıldı

1919-cu ilin sentyabrında indiki Şəhidlər xiyabanında türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün möhtəşəm bir abidənin özülü qoyuldu. Təəssüf ki, 1920-ci ilin bolşevik çevrilişi bütün şəhidlərə ümumxalq məhəbbətinin və minnətdarlığının simvoluna çevrilməli olan bu abidənin tikintisinin başa çatmasına imkan vermədi. Həmin abidənin tikintisi, nəinki dayandırıldı, hətta türk və türkçülük sözü rəsmi yasağa çevrildi. Yalnız 1990-cı illərin əvvəllərində Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra Qafqaz İslam Ordusunun xilaskarlıq yürüşləri ilə bağlı mətbuatda yazılar görünməyə başladı. Qafqaz İslam Ordusunun tarixi xidmətləri nəzərə alınaraq, 1999-cu ildə onun şərəfinə Şəhidlər xiyabanında möhtəşəm bir abidə ucaldıldı. Bu gün hər bir azərbaycanlı Şəhidlər xiyabanını ziyarət edərkən Azərbaycanın istiqlalı yolunda şəhid olan türk və azərbaycanlı əsgər və zabitlərinin ruhuna dualar oxuyur və deyir: “Qəbriniz nurla dolsun. Allah sizə rəhmət eləsin!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - “Ziyarətə çevrilmiş ocaq”

Ayın üzərində il reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib