ELM VƏ TƏHSİL
Qafqazda İslam memarlığı, incəsənəti və ədəbiyyatı mövzusunda müzakirələr aparılıb
Bakı, 11 iyul, AZƏRTAC
İyulun 11-də Azərbaycan İlahiyyat İnstitutu, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi və AMEA-nın Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə Bakıda işə başlayan “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu çərçivəsində “Qafqazda İslam memarlığı, incəsənəti və ədəbiyyatı” mövzusunda panel iclas keçirilib.
AZƏRTAC xəbər verir ki, Moldova Elmlər Akademiyası Tarix, Dövlət və Hüquq İnstitutunun elmi işçisi Olqa Radova və ABŞ-ın Corciya Universiteti Din kafedrasının müəllimi Alan Qodlasın moderatorluğu ilə keçirilən iclasda Qafqazda İslam sivilizasiyası mövzusu üzrə çalışan alim və ekspertlərin məruzələri dinlənilib.
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunun müdiri Aida İsmayılova “Azərbaycanda İslam dövrü keramikası” mövzusunda məruzə ilə çıxış edib. O, arxeoloji qazıntılar zamanı Azərbaycan ərazisindən tapılmış qədim keramika nümunələri barədə danışıb. Aida İsmayılovanın təqdimatında Gəncə, Beyləqan, Qəbələ və digər rayonların ərazisindən tapılan, İslam dövrünə aid keramik qablar nümayiş etdirilib. Məruzənin əsas məqsədi İslam keramikasının əsas xüsusiyyətlərini üzə çıxarmaq, onları maddi və mədəni yöndən tədqiq etməkdir.
AMEA Memarlıq və İncəsənət İnstitutunun Qafqaz Albaniyasının incəsənəti və memarlığı şöbəsinin aparıcı elmi işçisi Sehranə Kasimi “Türkdilli Qafqaz xalqlarının incəsənəti və İslam sivilizasiyası” mövzusunda çıxış edib. O, Azərbaycan xalqının insanpərvərlik, başqa xalqların dininə, mədəniyyətinə dözümlü münasibət, hörmət kimi əsas xüsusiyyətlərini vurğulayıb. Sehranə Kasiminin sözlərinə görə, məhz bu cəhət Azərbaycan mədəniyyətinin açıqlığına, onun əsrlərboyu əlaqədə olduğu fars, ərəb, slavyan xalqlarının yaradıcılığını dərk etməsinə səbəb olub.
Azərbaycan İlahiyyat İnstitutu İslamşünaslıq kafedrasının müdiri Əhməd Niyazov “Şirvani məktəbinə xas yazı mədəniyyəti” mövzusunda təqdimatla çıxış edib. O, XIX əsrdə meydana gəlmiş və İslam sivilizasiyası mədəniyyətinin bir hissəsi olan yazı mədəniyyətinə aid nümunələri nümayiş etdirib.
Daha sonra ABŞ-ın Corciya Universiteti Din kafedrasının müəllimi, dosent Alan Qodlas “Nizami, Nəsimi, Füzuli və Mirzə Əbülxaliq Yusifin poetik obrazlarında emosional zəka” mövzusunda çıxış edib. O, sufilikdən təsirlənən ədəbiyyatın müasir tədqiqat problemlərini diqqətə çatdırıb, Azərbaycan şairlərinin qəzəllərində emosional müdrikliyi təcəssüm edən poetik obrazları vurğulayıb.
Moldova Elmlər Akademiyası Tarix, Dövlət və Hüquq İnstitutunun elmi işçisi Olqa Radova “Qaqauz-Göyoğuz türkləri ilə Qafqaz türkləri arasında folklor əsərlərində əksini tapan münasibətlərin tarixi” mövzusunda məruzəsini təqdim edib. Məruzəçi Qaqauz-Göyoğuz türklərinin tarixi-coğrafi yaşayış yerləri və tarixi barədə ətraflı məlumat verib. Bugünkü Qaqauz, Qafqaz və Anadolu türklərinin dil, folklor, adət-ənənə, milli geyim və mətbəxində ortaq mədəniyyət izlərinin olduğunu bildirib.
Digər çıxışlarda İslam memarlığı, incəsənəti və ədəbiyyatı ilə bağlı maraqlı nümunələr diqqətə çatdırılıb.