CƏMİYYƏT
Qanunsuz çalışan ocaqxanaların fəaliyyəti dayandırılıb VİDEO
Bakı, 24 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirləri davam etdirir.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə reydi zamanı Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində bağ və yaşayış sahələrinin yaxınlığında qeyri-qanuni yolla ağac kömürü istehsal edən iki ocaqxana aşkarlanıb.
Qanunsuz fəaliyyətlə məşğul olan işbazlar tərəfindən kustar üsulla düzəldilmiş, heç bir yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməyən ocaqxanaların istismar edilməsi ərazidə yanğın təhlükəsini yaratmaqla, baş verə biləcək yanğının qısa zamanda geniş əraziyə yayılmasına, eləcə də təbiətə, insan həyatı və sağlamlığına təhlükə riskinin artmasına münbit zəmin yaradır.
Qeyd olunanlar nəzərə alınaraq qanunsuz çalışan ocaqxanaların fəaliyyəti dayandırılıb. “Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyi Qaydaları”nın 2.1.1-ci maddəsinin tələbinə zidd olaraq bağ və yaşayış evlərinin yaxınlığında ağac kömürü istehsal etmək üçün xüsusi ocaqxanalar təşkil etmiş şəxslər barəsində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətində fakt rəsmiləşdirilib və qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər edilib.