CƏMİYYƏT
Qaqauz Yerini dünyaya tanıdan şərabı – AZƏRTAC-ın “Gagauz şarap yortusu”ndan reportajı VİDEO
Komrat, 7 noyabr, AZƏRTAC
Moldovanın Qaqauziya Muxtar Ərazi Qurumunun paytaxtı Komrat şəhərində “Qaqauz şərab festivalı” (Gagauz şarap yortusu) keçirilib.
AZƏRTAC xəbər verir ki, türk elində keçirilən festivalın məqsədi Qaqauz Yerinin mədəniyyətini, tarixini, dünya bazarı ilə rəqabət aparacaq şərabçılıq mədəniyyətini təbliğ etməkdir. Festivalda milli mətbəx, musiqi və geyimi təbliğ edən səhnəciklər də quraşdırılıb. Bu festival hər il noyabrın birinci həftəsinin bazar günündə keçirilir, çünki Qaqauz Yerinin iqliminə görə, həmin müddətə şərab özünün ən yüksək keyfiyyət həddinə çatır. Eyni zamanda, bu, qaqauz xalqının milli ənənələri baxımından daha düzgün hesab edilir. Ta qədimdən burada yalnız noyabrın 8-də xalqın xüsusi hörmətlə qeyd etdiyi “Kasım” milli bayramı keçiriləndən sonra təzə şərabı dadmağa başlayırlar. Həmin gün ənənəvi olaraq yay heyvandarlıq mövsümünün qurtarması, məhsul yığımının sona yetməsi və qışa hazırlığın başlanması qeyd olunur.
Festivalın rəsmi açılışında Qaqauziya Muxtar Ərazi Qurumunun Başqanı İrina Vlax, Moldova Parlamentinin deputatları, xarici ölkələrin səfirləri, diplomatları iştirak ediblər. Azərbaycanın Moldovadakı səfirliyinin diplomatlarının da qatıldığı festival Qaqauz Yerinin milli rəqslərinin keçidi ilə başlayıb.
Tədbirdə çıxış edən İrina Vlax bildirib ki, bu gün Qaqauz şərabları dünya səviyyəsində 4 min medal qazanıb. Hazırda muxtar ərazi qurumunda 5264 hektar meyvə verən, 724 hektarı gənc tarlalar olan cəmi 5988 hektar üzüm sahəsi mövcuddur.
AZƏRTAC həmin festivaldan hazırladığı video və fotoreportajı təqdim edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Komrat