İQTİSADİYYAT
“Qarabağ”-“Çelsi” oyunu ilə əlaqədar ekspress xətt avtobusları ilə 30 mindən çox sərnişin daşınıb
Bakı, 23 noyabr, Elvin Camalov, AZƏRTAC
Noyabrın 22-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-“Çelsi” futbol qarşılaşması günü Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma ilə bağlı nəzərdə tutulan tədbirləri tam şəkildə yerinə yetirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib ki, oyun günü Bakı Olimpiya Stadionundan müəyyən olunmuş istiqamətlərdə (metronun “Qara Qarayev”, “28 May” və “20 Yanvar” stansiyalarına) fəaliyyət göstərən ekspress xətt avtobusları ilə ümumilikdə 30 min 10 nəfər sərnişin daşınıb. Prosesə 442 sərnişin avtobusu cəlb edilib. Bununla yanaşı, oyun günü “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən (saat 21:30-dan 00:00-dək müddətində) 31 sayda marşrut xətti üzrə 10 min nəfər sərnişinin daşınması təmin edilib.
M.Ağayev qeyd edib ki, Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma prosesinin həyata keçirilməsində göstərdikləri dəstəyə görə Daxili İşlər Nazirliyinə, eləcə də müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə təşəkkürünü bildirir. Eyni zamanda, göstərdikləri səbir və anlayış üçün azarkeşlərə minnətdarlıq ifadə edir.