CƏMİYYƏT


“Qarabağ qaziləri” amputant futbol federasiyasının nümayəndə heyəti Türkiyənin daxili işlər naziri ilə görüşüb

Bakı, 5 yanvar, AZƏRTAC 

Türkiyədə səfərdə olan Azərbaycanın “Qarabağ qaziləri” amputant futbol federasiyasının nümayəndələri və milli komandanın üzvləri qardaş ölkənin daxili işlər naziri Süleyman Soylu ilə görüşüblər.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, görüşdə S.Soylu Azərbaycanın və Türkiyənin “Bir millət, iki dövlət” olduğunu vurğulayaraq, qardaş ölkələrimizin müstəqilliyinə, azadlığına və iqtisadi inkişafına mane olmaq istəyən qüvvələrin öz məkrli niyyətlərini həyata keçirməyə can atdıqlarını bildirib. Vurğulayıb ki, buna görə də qardaş ölkələrimiz inkişaf etməli, öz güclərini artırmalıdırlar. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin ən yüksək səviyyədə olduğunu vurğulayan nazir bütün sahələrdə səmərəli əməkdaşlığın gündən-günə inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Qardaş Azərbaycanın “Qarabağ qaziləri” amputant futbol federasiyasının nümayəndələri və idmançıları ilə görüşdən məmnunluğunu ifadə edən nazir Süleyman Soylu onların qələbə əzmini yüksək qiymətləndirərək deyib: “Futbol təkcə ayaqla deyil, ürəklə oynanılır. Siz də futbolu ürəklə oynayırsınız. Buna görə də Allah sizdən razı olsun”.

Söhbət zamanı “Qarabağ qaziləri” amputant futbol federasiyasının prezidenti Rövşən Akifoğlu səfərin təşkilinə və görüşə görə qardaş Türkiyəyə minnətdarlığını bildirərək, səfər barədə məlumat verib.

“Qarabağ qaziləri” amputant futbol federasiyasının nümayəndələri və milli komandanın üzvləri Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün Ankarada dəfn olunduğu məqbərəni - Anıtqəbiri də ziyarət ediblər.

Xatırladaq ki, komandamız səfər çərçivəsində Türkiyənin veteranlardan ibarət “Türk Silahlı Qüvvələri” amputant futbol komandası ilə yoldaşlıq görüşü keçirib. Oyun 4:4 hesablı heç-heçə ilə başa çatıb.

Oyundan əvvəl Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu hər iki komandanın futbolçuları ilə görüşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.