CƏMİYYƏT
Qarabağda döyüşlərə cəlb olunmuş muzdlunun növbəti məhkəməsi keçirilib
Bakı, 14 iyul, Nicat Məmmədov, AZƏRTAC
İyulun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı Dubakov Eduard Sergeyeviç barəsində cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, ictimaiyyətə açıq və şəffaf şəkildə keçirilən məhkəmə iclasında media nümayəndələri, Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları iştirak ediblər.
Prosesə sədrlik edən hakim Samir Əliyev məhkəmə istintaqının başa çatdığını elan edib.
Dövlət ittihamçısı bildirib ki, məhkəmə istintaqında Eduard Dubakovun ittihamları təsdiqini tapıb. Prokuror təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsini, cəzasını tam çəkdikdən sonra dərhal ölkə hüdudlarından kənara çıxarılmasını istəyib.
Proses iyulun 22-də davam edəcək.
Qeyd edək ki, Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-3.1-ci (terrorçuluq, terrorçuluğu maliyyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.