ELM VƏ TƏHSİL


“Qarabağın məşhur müəllimləri” layihəsi davam edir - Xan Şuşinski

Bakı, 27 noyabr, AZƏRTAC

Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsi davam edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin növbəti siması Xan Şuşinskidir (1901-1979). Azərbaycan muğam sənətinin korifeylərindən, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri, əsl adı İsfəndiyar olan böyük sənətkar Şuşa şəhərində anadan olub.

Görkəmli xanəndə 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində “Muğam studiyası” yaradaraq gənc xanəndələrə muğamın sirlərini öyrədib. O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs deyib, muğam ifaçılarının yeni nəslinin yetişməsində əvəzsiz xidmətlər göstərib. 1973-1979-cu illərdə A.Zeynallı adına orta ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olub.

İsfəndiyar Cavanşirov gənclikdə ona verilən “Xan” adının məsuliyyətini ömrünün sonunadək daşıyıb, Azərbaycan musiqisinin həqiqi Xanı olub. Xan çıxışlarının birində üzünü gənc xanəndələrə tutaraq vəsiyyətini edib: “Mən muğamı ulu ustadlardan öyrənə-öyrənə, illərin çətin sınağından min bir əziyyətlə keçirərək, yad nəfəslərdən qoruyaraq gənc nəsillərə, bu günümüzə gətirib çıxardım. Sizdən də bir təvəqqem var, bu ərməğanı qoruyun, gələcək nəsillərə olduğu kimi çatdırın”.

Xatırladaq ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.