CƏMİYYƏT
Qaradağ rayonunda dənizdə balıq tutarkən batan ikinci şəxsin cəsədi aşkarlanıb VİDEO
Bakı, 30 iyul, AZƏRTAC
İyulun 28-də axşam saatlarında paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində dəniz sahilində balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı bildirilən ikinci şəxsin – Lökbatan qəsəbə sakini 1971-ci il təvəllüdlü Zöhrabov Sübhan Yədulla oğlunun cəsədi batdığı yerdən təqribən 20 kilometr aralıda aşkar edilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, meyit FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, digər şəxsin - 1992-ci il təvəllüdlü Allahverdiyev Nicat Hüseyn oğlunun cəsədi isə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən bu gün səhər saatlarında tapılaraq dənizdən çıxarılıb.
Qeyd edək ki, balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı bildirilən hər iki şəxsin axtarışında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin 13 nəfər şəxsi heyəti və 3 ədəd texnikası iştirak edib.