CƏMİYYƏT
Qaradağ rayonunda ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
Bakı, 19 fevral, AZƏRTAC
Fevralın 19-da Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) 2019-cu ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Prezident İlham Əliyevin Nazirlər Kabinetinin cari il yanvarın 13-də keçirilən iclasında və fevralın 3-də Azərbaycan Respublikası Regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransındakı nitqlərindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.
Hesabat məruzəsi ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov dövlətimizin başçısının paytaxtın və onun rayonlarının hərtərəfli inkişafı ilə bağlı həyata keçirdiyi siyasətin növbəti hədəfləri barədə məlumat verib.
Məruzə ətrafında müzakirələrdə rayon ərazisində yol infrastrukturu sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə dair Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Bakı 10 nömrəli yol istismarı MMC-nin direktoru Mübariz Paşayev, rayon əhalisinin məşğulluğunun təmin edilməsi istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrə dair isə Qaradağ rayon Məşğulluq Mərkəzinin direktoru Kamal Hacıyev çıxış ediblər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının “Ərazi-təşkilat məsələləri üzrə şöbəsi”nin sektor müdiri Tağı Tağıyev yığıncaqda çıxış edərək 2019-cu ildə ölkəmizdə bütün sahələrdə əldə olunmuş uğurlar haqda ətraflı məlumat verib, 2020-ci ildə qaradağlılara böyük uğurlar arzulayıb.
Müzakirələrdən sonra cari ilin konkret hədəflərini əks etdirən qərar qəbul olunub. Toplantı iştirakçıları adından Prezident İlham Əliyevə ünvanlanan müraciətdə rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ifadə olunub.