REGİONLAR
“Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində əsgərlərlə görüş
AZƏRTAC xəbər verir ki, şagirdlər əsgər və zabitlərlə görüşüb, onların xidmət, yataq, yemək, şəraitləri, ordunun texnika və avadanlıqları ilə tanış olublar.
Şagirdlərə şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat verilib. Bildirilib ki, Azərbaycanın yüksələn iqtisadi potensialı, bütün sahələrdə gedən inkişaf ordunun da maddi-texniki bazasının möhkəmləndirilməsinə, onun müasir texnika ilə təminatına şərait yaradır. Bu gün Azərbaycan ordusu bölgənin ən güclü silahlı qüvvələrindən biridir və qarşıda duran bütün hədəflərə çatmağa qadirdir.
Qonaqlar əsgərlərlə səmimi söhbət edib, onlara bədii kitablar, istifadə edəcəkləri müxtəlif ləvazimatlar təqdim ediblər. Şagirdlər Vətənə, orduya, ulu öndər Heydər Əliyevə aid şeirlər söyləyiblər.
Əsgərlər onlarla görüşə gəldiklərinə görə qonaqlara minnətdarlıqlarını bildiriblər.
Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla AZƏRTAC-a bildirib ki, bu, Fondun xətti ilə əsgərlərlə keçirilən ilk görüşdür. Hərbi hissədə keçirilən belə tədbirlər böyüməkdə olan nəslin vətənpərvərlik hisslərinin gücləndirilməsində böyük əhəmiyyət kəsb edir. Bundan sonra da şagirdlərlə əsgərlər arasında mütəmadi olaraq görüşlər keçiriləcəkdir.