REGİONLAR
Qaxda dahi Nəsiminin 650 illiyinə həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb
Qax, 22 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Nəsiminin yaradıcılığı Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələ təşkil edir. Altı yüz əlli il öncə yaşayıb yaratmasına baxmayaraq, şairin yazdığı şeirlər, rübailər, qəzəllər poeziyamıza aydınlıq gətirib, ana dilimizi və bədii sözü yeni-yeni zirvələrə qaldırıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə Qax rayon Mədəniyyət Mərkəzində keçirilən “Zamana və məkana sığmayan şair” adlı ədəbi-bədii gecədə səsləndirilib.
Nəsimi poeziyasının işığına toplaşanlar əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində rayon Uşaq İncəsənət Məktəbinin şagird və müəllimlərinin çəkdikləri dahi Nəsiminin həyat və yaradıcılığını əks etdirən rəsmlərdən ibarət sərgi ilə tanış olublar.
Tədbirdə şair və mütəfəkkir Nəsiminin həyat və yaradıcılığı barədə geniş məlumat verilib, “Hardasan”, “Neylərəm” və digər qəzəllərinə bəstələnən mahnılar ifa olunub, şeirlər söylənilib.
İ.Dağıstanlı adına Xalq Teatrı aktyorlarının hazırladığı Nəsiminin edam səhnəsi tamaşaçılara duyğulu anlar yaşadıb.
Gecədə rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərova çıxış edərək, Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Nəsimi ili” elan edilməsinin şairə verilən yüksək dəyər və ehtiramın göstəricisi olduğunu bildirib.
Tədbirin sonunda Nəsiminin 650 illiyinə həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb.