REGİONLAR
Qaxda dən qarğıdalı istehsalı 421 ton artıb
Qax, 6 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun təsərrüfatlarında qarğıdalı yığımı başa çatıb. Fermerlər builki mövsümdə 1720 hektar qarğıdalı sahəsindən 12 min 758 ton məhsul əldə ediblər. Dən qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 421 ton artıb. Hər hektardan orta hesabla 74,2 sentner məhsul götürülüb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.
Qurum rəsmisi bildirib ki, cari təsərrüfat ilində Qax rayonu üzrə ən yüksək məhsuldarlıq “Ulu Aqro” MMC-nin Qax Aqroparkında və Ləkit kəndinin təsərrüfatlarında qeydə alınıb. Bu təsərrüfatlarda hər hektar qarğıdalı sahəsindən 100 sentnerədək məhsul götürülüb. Cari ildə Aqroparkın ərazisində 170 hektar qarğıdalı sahəsindən 1700 ton, Ləkit kəndində isə 270 hektar sahədən 2700 ton dən qarğıdalı tədarük olunub.
Eyvaz Aslanovun sözlərinə görə, taxıl biçini başa çatdıqdan sonra təsərrüfatlarda 805 hektarda yaşıl yem üçün təkrar qarğıdalı əkini də aparılıb.