REGİONLAR
Qazax-Cəfərli avtomobil yolunun yenidən qurulması işləri yekunlaşıb
Bakı, 30 iyun, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol infrastrukturunun yeniləşməsi və müasirləşməsi istiqamətində kompleks tədbirlər çərçivəsində Qazax rayonunda respublika əhəmiyyətli Qazax-Uzuntala avtomobil yolunun 7-ci kilometrindən ayrılan Cəfərli kəndinin yolu əsaslı şəkildə yenidən qurulub.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihəyə uyğun olaraq yolun qara qırmadaş örtüyü sökülüb, əvəzinə yararlı qrunt yayılaraq kipləşdirilib və yeni yol yatağı inşa olunub.
Texnoloji ardıcıllığa uyğun olaraq zəruri materiallardan istifadə edilərək yolun əsasının alt və üst layı inşa edilib, Cəfərli yoluna yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə asfaltlanma işləri 50 min kvadratmetr sahədə aparılıb.
Yağış sularının təsirindən yuyulmuş və istismara yararsız vəziyyətə düşmüş yolun çiyin hissələri optimal-çınqıl materialı ilə bərkidilib, avtoqreyderlə küvet hissələr açılıb. Bundan başqa, yolun yatağının inşası zamanı başlıqları dağılmış 3 ədəd mövcud suötürücü boruların başlıqlarının monolit-betonla təmiri işləri aparılıb, zəruri olan yerdə daha 3 ədəd müxtəlif diametrli yeni dəmir-beton boru quraşdırılıb.
Layihə çərçivəsində yolun 1-ci kilometrində yerləşən və uzunluğu 8 metr, eni 7 metr olan, həmçinin yolun 2-ci kilometrində yerləşən uzunluğu 36 metr, eni isə 5 metr olan 1 aşırımlı dəmir-beton körpülərin məhəccərləri istismara yaramadığı üçün yenisi ilə əvəz olunub, 44 ədəd yeni yol nişanı, 300 ədəd siqnal dirəkləri quraşdırılıb və 21 kilometr uzunluğunda üfüqi nişanlanma xətləri çəkilib.
Görülən işlər bütün hərəkət iştirakçıları üçün rahat və təhlükəsiz yeni və müasir yol infrastrukturunun yaradılmasına imkan verib, yük və sərnişin daşımasının asanlaşmasına şərait yaradıb.