SİYASƏT
Qazax hərbi ekspert: Qarabağ müharibəsinin dünya hərb elminə strategiya baxımından böyük dəyişikliklər gətirdiyini gördük
Nur-Sultan, 14 oktyabr, AZƏRTAC
Azərbaycanın bugünkü reallıqları, ötən ilin müharibəsi ilə bağlı həqiqətləri qazax və digər türk dillərində dünyaya yaymağa dəstək göstərməkdə davam edəcəyik.
Bunu AZƏRTAC-a müsahibəsində qazaxıstanlı jurnalist və hərbi ekspert Amangeldi Kurmet bildirib.
Qazaxıstan cəmiyyəti 44 günlük müharibənin nəticəsi olan Zəfər Gününü böyük coşqu ilə, öz qələbəsi kimi qarşıladı. Bilirik ki, 1920-ci ildən sonra türk dövlətlərinin belə parlaq qələbəsi olmayıb. Bu, türk dövlətlərinin ikinci ən böyük zəfəridir.
Hərbi ekspert Qarabağda gedən müharibənin Qazaxıstanda da hər zaman gündəmdə olduğunu qeyd edərək deyib: “Ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan 30 ildir işğal altında qalan torpaqlarını düşməndən azad edib. Bir il ərzində bu Zəfərin Qazaxıstana nə qazandırdığına baxsaq, hərbi ekspert olaraq düşünürəm ki, Qarabağda Azərbaycan Ordusunun tətbiq etdiyi hərbi taktika, əks-hücum əməliyyatlarına maraq daha da artdı. Qarabağda gedən döyüşlər təkcə türk dövlətlərinin deyil, dünya ölkələrinin hərb elminə strategiya baxımından böyük dəyişikliklər gətirdiyini gördük”.
Azərbaycan Ordusu XXI əsrin tarixinə öz imzasını ataraq yeni hərbi taktika nümayiş etdirdi və müasir silahlarla Qarabağ müharibəsində Qələbə qazandı.
Ermənistan tərəfinin həm işğal, həm də müharibə dövründə Azərbaycan torpaqlarına yüz minlərlə mina basdırdığını bildirən hərbi ekspert deyib ki, Azərbaycana səfəri zamanı uzun illər işğal altında qalmış torpaqlarda məscidlərin, kilsələrin, ziyarətgahların, digər dini, tarixi və mədəni abidələrin vəhşicəsinə dağıdıldığının şahidi olub.
O sonda bildirib ki, Qazaxıstanda xüsusi xidmətləri ilə seçilən memar və mühəndislər Qarabağda aparılan quruculuq işlərində birlik və dəstək göstərmək niyyətindədirlər.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan