REGİONLAR
Qazax şəhərinin su-kanalizasiya sisteminin yenilənməsi layihəsi gələn il başa çatacaq
Qazax, 11 iyul, Rauf Hacıyev, AZƏRTAC
Artıq bir neçə aydır ki, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Qazax şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi icrası olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, su və kanalizasiya xətlərinin tikintisinin paralel olaraq həyata keçirildiyi küçələrə podratçı təşkilat tərəfindən lazımi texnika və avadanlıqlar, mal-material ehtiyatları gətirilib.
Layihənin sifarişçisi "Azərsu” ASC, maliyyə mənbəyi Azərbaycan hökuməti və İslam İnkişaf Bankı, podratçı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, məsləhətçi şirkət isə "Gentek Consult” şirkətidir. İki il müddətində davam edəcək bu layihə çərçivəsində şəhərin su-kanalizasiya sistemi yenidən qurulacaq. Əsasən 3 mərhələdə həyata keçiriləcək layihənin 2020-ci ilin sonlarına kimi başa çatdırılması nəzərdə tutulub.
Hazırda şəhərin Bakı, Azadlıq, N.Gəncəvi, Ə.Süleymanov, Ə.Seyidov, S.Vurğun, M.V.Vidadi, M.Carçıyev və M.Hüseyn küçələrində, N.Nərimanov qəsəbəsində su-kanalizasiya xəttinin çəkilişi layihədə nəzərdə tutulduğu qaydada icra olunur. Belə ki, istər kanalizasiya borularının çəkilişi, istərsə də su təchizatı borularının quraşdırılması işlərinin keyfiyyətinə dəqiqliklə nəzarət edilir.