MƏDƏNİYYƏT
Qazaxda “Turizmin inkişaf perspektivləri” mövzusunda “dəyirmi masa” keçirilmişdir
Bakı, 11 oktyabr (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə “Qazax rayonunda turizmin inkişaf perspektivləri” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin, rayon mədəniyyət və turizm şöbəsinin, “Avey” Dövlət Qoruğunun əməkdaşları, həmçinin turizm sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak etmişlər.
“Dəyirmi masa”da turizm obyektlərində xidmətlərin beynəlxalq standartlara uyğun təşkili üçün kadrların peşə hazırlığının artırılmasının, praktiki əmək vərdişlərinin formalaşdırılmasının, tanınmış turizm şirkətləri ilə təcrübə mübadiləsinin aparılmasının zəruriliyi qeyd olunmuş, xidmətlərin müasir tələblərə uyğun təşkili, kənd turizminin formalaşdırılması və s. barədə ətraflı məlumat verilmiş, bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində təkliflər səsləndirilmişdir.
Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.