REGİONLAR
Qazaxda məktəb binası əsaslı təmirdən sonra istifadəyə verilib
Qazax, 20 sentyabr, AZƏRTAC
Qazax rayon Çaylı kənd 1 nömrəli tam orta məktəb binasının əsaslı təmirdən sonra açılışı olub.
AZƏRTAC xəbər verir ki, mərasimdə rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Prezident İlham Əliyev tərəfindən ölkəmizdə təhsilə yaradılmış yüksək şəraitdən danışıb. Qeyd edib ki, respublikamızın bütün bölgələrində yeni məktəb binaları tikilir, müəllim və şagirdlərin təlim-tədris şəraiti daha da yaxşılaşdırılır. Yaradılmış bu yüksək şərait böyüməkdə olan gənc nəslin elmin sirlərinə daha dərindən yiyələnməsinə, savadlı və bacarıqlı olmasına imkan verir. Bu gün ali məktəblərə qəbul zamanı məzunların yüksək bilik nümayiş etdirməsi bu diqqət və qayğının əyani şəkildə göstəricisidir.
Milli Məclisin deputatı Ülviyyə Ağayeva çıxış edərək yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagirdləri, valideynləri təbrik edib.
Rayon icra hakimiyyəti başçısının müavini Gulaya Həsənova, təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, məktəbin direktoru Çəməngül İsmayılova, kənd ağsaqqallarından Qəzənfər Qocayev, Göyçə Göyüşov, valideynlərdən Felyura Adıgözəlova çıxış edərək məktəb binasının əsaslı şəkildə təmirinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.