DÜNYA
Qazaxıstan gələn il 86 milyon ton neft hasil edəcək
Nur-Sultan, 19 noyabr, AZƏRTAC
Qazaxıstan 2021-ci ildə neft hasilatını artırmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, Qazaxıstanın milli iqtisadiyyat naziri Ruslan Dalenov gələn il ölkədə ümumilikdə 86 milyon ton neft hasil ediləcəyini bildirib.
Nazir ölkənin 2021-2025-ci illər üçün sosial-iqtisadi inkişaf proqnozlarını qiymətləndirib. Deyib ki, gələn il ölkədə ümumilikdə 86 milyon ton neft istehsal ediləcək və 2025-ci ilə qədər bu rəqəm 100,7 milyon tona qədər artırılacaq.
“İstehsal sektoru 6,7 faiz artacaq, kənd təsərrüfatında illik artım 6,2 faiz, ticarətdə isə 5,5 faiz olacaq. Proqnozlara görə, 2021-ci ildə ölkədə ixracın dəyəri 41,4 milyard dollar təşkil edəcək və 2025-ci ildə 51,5 milyard dollara qədər artacaq. İdxal sektoru 36,3 milyard dollardan 37,8 milyard dollara qədər artacaq. Qazaxıstanın ümumi daxili məhsulunda orta göstərici ilə müqayisədə 4 faiz artım qeydə alınacaq, 2025-ci ildə isə bu rəqəm 4,6 faizə çatacaq”, - deyə nazir qeyd edib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan