CƏMİYYƏT
Qazaxıstan nümayəndə heyəti üçün ölkəmizin müasir sığorta-pensiya sisteminə dair təqdimat keçirilib
Bakı, 28 fevral, AZƏRTAC
Əmək və sosial müdafiə sahəsində ölkəmizdə aparılan islahatlar və bu sahədə yaradılmış müasir və şəffaf sistemlərlə tanış olmaq məqsədilə ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti üçün sığorta-pensiya sisteminə aid təqdimat keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda təşkil edilən tədbirdə qeyd olunub ki, ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi islahatlar konsepsiyasının prioritet istiqamətlərindən biri kimi, 2006-cı ilin əvvəlindən beynəlxalq standartlara tam cavab verən, sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsində funksiyaların bir-birini tamamladığı müasir sığorta-pensiya sistemi tətbiq olunur. Həmin sistem ödənilən məcburi dövlət sosial sığorta haqqı ilə pensiya məbləği arasında birbaşa qarşılıqlı əlaqəni təmin etməklə, sosial sığorta sistemində iştirak vasitəsilə vətəndaşların bazar iqtisadiyyatı şəraitində sosial risklərdən səmərəli müdafiəsinə təminat verir, onların layiqli pensiya təminatı imkanlarına malik olmasına əsas yaradır.
Nazirliyi ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, təqdimatda ölkəmizdə hazırda 1,3 milyon nəfər pensiyaçıya və ya əhalinin 13,3 faizinə tətbiq olunan çoxkomponentli sosial müdafiə sisteminin mərkəzi həlqəsi kimi pensiya ödənişlərinin aparıldığı qeyd edilib. Ötən dövrdə sığorta-pensiya sisteminin uğurlu fəaliyyətini təmin edən, əhalinin layiqli pensiya təminatının artırılmasına əsas yaradan, pensiya məbləğlərində ildən-ilə artım dinamikasını şərtləndirən məqsədyönlü sosial müdafiə tədbirləri barədə ətraflı məlumat verilib.
Təqdimatda həmçinin pensiya sistemində 2017-ci ildə həyata keçirilmiş qabaqcıl dünya təcrübəsinə söykənən köklü islahatlardan, eyni zamanda həmin sistemin elektron infrastrukturu, əhaliyə həm sığorta, həm də pensiya münasibətləri üzrə xidmətlərin elektron müstəvidə şəffaf təşkili, o cümlədən avtomatlaşdırılmış pensiya təminatı mexanizmindən geniş bəhs olunub
Ölkəmizin sığorta-pensiya sistemində aparılan islahatların, təkcə həmin sahədə deyil, əmək və sosial müdafiə sisteminin digər sahələrində müasir texnologiyaların geniş tətbiqi şəraitində qurulan səmərəli idarəetmə və şəffaf xidmət mexanizmlərinin beynəlxalq səviyyədə də qabaqcıl təcrübələr kimi dəyərləndirildiyi və təbliğ olunduğu diqqətə çatdırılıb.
Tədbir zamanı nümayəndə heyətini maraqlandıran suallara cavablar verilib, onlarla təcrübə mübadiləsi aparılıb.
Qazaxıstan nümayəndə heyəti üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər avtomatlaşdırılmış sistemlərinə, həmçinin ölkəmizdə göstərilən sosial xidmətlərə dair təqdimatların keçirilməsi, nümayəndə heyətinin nazirliyin “Çağrı mərkəzi”, “Məzun evi” sosial müəssisəsi və s. ilə yaxından tanış olması da nəzərdə tutulub.