REGİONLAR
Qəbələ Dövlət Tarix-Bədii Qoruğu turizm şirkətlərini əməkdaşlığa dəvət edir
Qəbələ, 27 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeçiliyində fəaliyyət göstərən Qəbələ Dövlət Tarix-Bədii Qoruğu rayon mərkəzindən təxminən 18 kilometr cənub-qərbdə, indiki Çuxur Qəbələ və Tövlə kəndləri ərazisində yerləşir. Bu ərazi ölkəmizə səfər edən xarici, həmçinin yerli turistlərin üz tutduğu tarixi məkanlardan biridir. Tarixi sirlərlə zəngin olan Qoruq və ərazidəki Qəbələ Arxeoloji Mərkəzi mədəniyyət, memarlıq, etnoqrafik, arxeoloji abidələrin, tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan xatirə yerlərinin və onların əşyalarının yerləşdiyi məkanı əhatə edir.
Qoruğun direktoru Zahir Kərimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, eramızdan əvvəl IV əsrdən eramızın V əsrinədək 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhər mərkəzinin qalıqlarının olduğu bu ərazi arxeoloji tədqiqatların aparılması baxımından, həmçinin mədəniyyət və turizmin inkişafı üçün böyük əhəmiyyət daşıyır. Qoruğa gələn turist və qonaqlar ərazidə aparılmış arxeoloji qazıntı işləri və Qəbələ Arxeoloji Mərkəzində sərgilənən arxeoloji materiallarla yaxından tanış edilir, onlara ətraflı məlumatlar verilir. Turistlərə Azərbaycan, rus və ingilis dillərində ekskursiya xidməti göstərilir.
Direktorun sözlərinə görə, turistlərin istirahətinin səmərəli təşkili məqsədilə onlara “Gülüstan”, “Gülbuta” və “Zopu-Zopu” etnoqrafik folklor qruplarının, musiqi və rəqs kollektivlərinin çıxışlarının izləmək, rəssamların və peşəkar fotoqrafların əl işlərindən ibarət sərgilərə baxmaq, meşə və göl ətrafında gəzinti, ailəvi piknik, tarixi tapıntılarla bağlı kitab mütaliəsi, böyük ekranda yerli və xarici filmləri seyr etmək imkanı yaradılıb. Bundan əlavə, ziyarətçilər üçün nərd, dama və şahmat yarışları təşkil edilir, turistlər milli xörəklərin hazırlanması, təndir çörəyinin bişirilməsi prosesini əyani şəkildə izləyirlər. Ziyarətçilərə, həmçinin milli suvenirlərin, “Qəbələ” futbol klubunun geyim və digər aksesuarlarının satışı və digər xidmətlər də göstərilir.
Zahir Kərimov ölkə ərazisində fəaliyyət göstərən 70-dək turizm şirkətinə əməkdaşlığa dair təkliflərin göndərildiyini diqqətə çatdırıb.