CƏMİYYƏT
Qəbələ rayonunda dağlıq ərazidəki yanğının söndürülməsinə FHN-in ikinci helikopteri cəlb olunubVİDEO
Bakı, 13 avqust, AZƏRTAC
Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və qısa müddətdə söndürülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin ikinci helikopteri də yanğınla mübarizə tədbirlərinə cəlb olunub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda yanğının söndürülməsi əməliyyatları nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 helikopteri tərəfindən davam etdirilir. Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup kənd sakini də iştirak edir.
Relyefin mürəkkəbliyi və mütəmadi olaraq güclənən külək yanğınsöndürmə işlərini çətinləşdirsə də, yanğınla mübarizə tədbirləri fasiləsiz həyata keçirilir.
Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha müraciət edərək, xüsusilə havaların isti keçməsi ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.
Xatırladaq ki, yanğın avqustun 11-də qeydə alınıb. Məlumat daxil olan kimi, dərhal yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanıb.