CƏMİYYƏT
Qəbələdə 8 qovaq ağacını qanunsuz kəsən şəxs barədə toplanmış materiallar prokurorluğa göndərilib
Bakı, 24 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçiriblər.
Departamentdən AZƏRTAC-a bildirilib ki, reyd zamanı Qəbələ rayonunun Aydınqışlaq kəndi ərazisində diametri 40-92 santimetr olan yaşköküstə 8 qovaq ağacının kəsildiyi və təbiətə 9400 manat məbləğində ziyan dəydiyi məlum olub.
Araşdırma zamanı ağacların Qəbələ şəhər sakini Valeh Tahirov tərəfindən kəsildiyi müəyyənləşib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib edilib.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunauyğun tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.