REGİONLAR
Qəbələdə Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub
Qəbələ, 25 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Şanlı zəfərlə başa çatan Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni-yeni səhifələr yazıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində əzəli Qarabağ torpaqlarımızı erməni faşizmindən azad edib. Ərazi bütövlüyümüz uğrunda başlanan savaşda qədim Qəbələ diyarının qəhrəman oğulları da rəşadətlə vuruşub, şəhidlər veriblər. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qarabağ uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Qəbələ rayonunda da hər zaman ehtiramla anılır. Tariximizin ən qanlı səhifələrindən olan Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümü ərəfəsində Qəbələ Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının və digər dövlət qurumlarının rəhbərləri Vətən müharibəsində canlarını qurban vermiş qəhrəman oğulların məzarlarını ziyarət edib, şəhidlərin əziz xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzüblər.
Rayon rəhbərliyi şəhid ailələrinin üzvləri ilə görüşərək onları narahat edən problemləri dinləyib, həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib, qaldırılan məsələlərin icrası nəzarətə götürülüb.