REGİONLAR
Qəbələdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönümü qeyd olunub
Qəbələ, 21 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Müstəqil Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 28 il bundan əvvəl yaradılan Yeni Azərbaycan Partiyası (YAP) şərəfli bir yol keçib, milli ideyalara sadiqliyini daim sübuta yetirib. İyirmi səkkiz illik fəaliyyəti dövründə sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirən YAP xalqın sevgisi və dəstəyi ilə ümumxalq partiyasına çevrilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönümü münasibətilə partiyanın Qəbələ rayon təşkilatı tərəfindən keçirilən onlayn iclasda səsləndirilib.
İclasda partiyanın rayon təşkilatının sədri Abil Ağasəfov çıxış edərək, Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatındakı fəal rolundan, iqtidar partiyasının dövlətçiliyimiz qarşısındakı xidmətlərindən danışıb. Bildirilib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev bütün sahələrdə olduğu kimi, partiya quruculuğu sahəsində də Heydər Əliyev siyasi kursunu uğurla davam etdirir. Bunun nəticəsidir ki, hazırda YAP nəinki ölkəmizdə, eyni zamanda, bütün regionda ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrilib.
Onlayn formatda keçirilən iclasda YAP Qəbələ rayon təşkilatı Qadınlar Şurasının sədri Arifə Bayramova, təşkilatın Gənclər Birliyinin sədri Anar Şirinov, “Qəbələ” qəzetinin redaktoru Azad Məmmədov çıxış edərək, Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildiriblər.