REGİONLAR
Qəbələdə sənaye məhsulu istehsalı 36,8 faiz artıb
Qəbələ, 21 may, Mustafa Dadaşov, AZƏRTAC
Bu ilin yanvar-aprel aylarında Qəbələ rayonunda fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 23 milyon 460,4 min manatlıq məhsul istehsal olunub. Sənayedə məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,8 faiz və ya 6 milyon 317 min manat artıb. İstehsal olunan sənaye məhsulunun 12,6 faizi dövlət, 87,4 faizi qeyri-dövlət sektorunun payına düşür.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
İdarənin rəisi Ayaz İsgəndərovun sözlərinə görə, Qəbələ rayonunun sənayesi əsasən, qida məhsulları və tikinti materiallarının istehsalı, elektrik enerjisi və qazın bölüşdürülməsi və təchizatı, suyun təmizlənməsi və paylanması sahələrini əhatə edir.
Dörd ayda rayonda 2 milyon 565,6 min manatlıq sənaye məhsulu ixrac olunub. İxrac ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz və ya 230,8 min manat artıb.