ELM VƏ TƏHSİL


Qədim əlyazmaların elektronlaşdırılması işi davam etdirilir

Bakı, 22 fevral, AZƏRTAC

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan qədim əlyazmaların 2014-cü ildən başlayan rəqəmsal formata keçirilməsi işi uğurla davam etdirilir.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, Əlyazmalar İnstitutunun fondlarında mühafizə olunan 12000-dən çox ərəbdilli, farsdilli və türkdilli əlyazmanın böyük bir qismi artıq elektronlaşdırılıb. Hazırda 5000-dən çox əlyazma xüsusi skanerlər vasitəsilə elektronlaşdırılaraq institutun elektron kitabxanasının bazasında daxil edilib. Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Nəsirəddin Tusi, Əbu Əli ibn Sina kimi böyük Şərq mütəfəkkirlərinin əsərlərinin əlyazmalarının rəqəmsal variantları elektron kitabxanaya yerləşdirilib. Ötən ildən etibarən tədqiqatçılar institutun qiraət zalındakı kompüterlər vasitəsilə lokal serverə qoşulub elektron əlyazmaların kataloqu və rəqəmsal surəti ilə tanış ola bilirlər. Yaxın gələcəkdə Əlyazmalar İnstitutunun elektron kataloqunun və elektron kitabxanasının internet üzərindən də oxucuların istifadəsinə verilməsi nəzərdə tutulur.

İnstitutun elektron kitabxanasına daxil edilmiş əlyazmaların ilkin kataloqu ilə tanış olmaq istəyənlər elmi müəssisənin rəsmi saytında təqdim edilmiş keçidlərdən istifadə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.