ORDU
“Qəhrəmanlar unudulmur” mövzusunda hərbi vətənpərvərlik tədbiri keçirilib
Bakı, 4 noyabr, AZƏRTAC
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin təşkilatçılığı ilə “Qəhrəmanlar unudulmur” mövzusunda hərbi vətənpərvərlik tədbiri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə TTM-in müəllim və zabit heyəti, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları, Milli qəhrəmanların ailə üzvləri və yaxınları iştirak ediblər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Çıxış edənlər tədbirin məqsədinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanılması, Vətən uğrunda döyüşlərdə şücaət göstərmiş Milli qəhrəmanların tanıdılması, onların həyatı, keçdiyi şərəfli döyüş yolları, göstərdikləri müstəsna xidmətləri təbliğ etməkdən ibarət olduğunu vurğulayıblar.
Tədbirdə iştirak edən Milli qəhrəmanlar - Zabit Quliyev, Bəxtiyar Allahverdiyev, Vahid Quliyev və hazırda ordu sıralarında xidmət edən polkovnik-leytenant Fariz Qəhrəmanov gənc kursantlara keçdikləri döyüş yolundan, qəhrəmanlıqlarından danışaraq, xatirələrini bölüşüblər.
Tədbir iştirakçılarına Müdafiə Nazirliyi Sənədli və Tədris Filmləri Kinostudiyasının hazırladığı, ordu quruculuğundan və şəxsi heyətin fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin dəstəyi ilə işıq üzü görən, ölkəmizin ərazi bütövlüyü uğrunda mərdlik və şücaət göstərmiş, Azərbaycanın Milli Qəhrəmanı kimi şərəfli ada layiq görülmüş 211 qəhrəmanımızın həyatından, keçdiyi döyüş yolundan bəhs olunan “Azərbaycanın Milli Qəhrəmanları” kitabı kursantlara hədiyyə olunub.
Sonda Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin üzvləri hərbi vətənpərvərlik mahnılarını ifa ediblər.
Tədbir iştirakçıları Milli qəhrəmanlarla xatirə şəkilləri çəkdiriblər.