ELM VƏ TƏHSİL
Qəhrəmanlar unudulmurlar...
Bakı, 17 may, AZƏRTAC
Mayın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Milli Qəhrəman Şahlar Şükürovun anadan olmasının 65-ci ildönümünə həsr edilmiş “Xalq qəhrəmanları ilə tanınır” adlı tədbir keçirilib.
Tədbir muzey və Bakıdakı 39 nömrəli məktəb tərəfindən təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Bakıdakı 39 nömrəli məktəbin direktor müavini Könül Rəhimova və digər çıxış edənlər Azərbaycanın Milli Qəhrəmanı Ş.Şükürovun həyatı, keçdiyi şərəfli döyüş yolundan danışıb, onun mənalı ömür yolunun gənclərə layiqli örnək olduğunu bildiriblər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan natiqlər düşmən tərəfindən işğal edilmiş torpaqlarımızın Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə azad olunacağına əminliklərini vurğulayıblar.
Ş.Şükürovun ailəsi tərəfindən qəhrəmana məxsus “Qızıl ulduz” medalı muzeyə hədiyyə olunub.
Sonra məktəblilər Vətən, torpaq, qəhrəmanlıq haqqında şeirlər söyləyiblər, həmçinin ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.