CƏMİYYƏT
Qəsdən əmlakı məhv etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 3 noyabr, AZƏRTAC
Masallı rayonunun Bədəlan kəndi ərazisində Nicat Həsənova məxsus evdə qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 29-da baş verən yanğın nəticəsində evin 100 kvadratmetrlik hissəsi əşyaları ilə birlikdə yansa da, xəsarət alan olmayıb.
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evi qəsdən yandırmaqda şübhəli bilinən kənd sakini Taleh Həsənov müəyyən edilərək saxlanılıb. Polis əməkdaşları tərəfindən onun digər analoji cinayət əməllərinin də üstü açılıb.
T.Həsənovun oktyabrın 19-dan 31-dək olan müddətdə həmkəndliləri - qohumları Vüqar Məmmədzadənin evini və Hakim Həsənovun “VAZ-2106” markalı avtomobilini, habelə atasına məxsus yardımçı təsərrüfatı yandırdığı da müəyyənləşib.
Faktla bağlı Cinayət Məcəlləsinin 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanılıb.