İQTİSADİYYAT
Qəzalar zamanı yol təsərrüfatına 24 min manatdan artıq ziyan dəyib
Bakı, 4 iyul, AZƏRTAC
İyulun 3-də respublikanın bir neçə magistral avtomobil yollarında yol nəqliyyat hadisələri zamanı yol təsərrüfatına ciddi şəkildə ziyan dəyib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən açıqlama verilib.
Məlumata əsasən, M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 56-cı kilometrliyində, “Mercedes Benz” markalı, 99-FE-818 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yol-nəqliyyat hadisəsi törədilərək 100 poqonmetr metal təhlükəsizlik səddi və 1 ədəd işıq dirəyi yararsız hala salınıb. Dəyən ziyanın miqdarı 8440 AZN-dir.
Bundan başqa, M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 108-ci kilometrliyində, “Kamaz 53229” markalı, 99-HN-592 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yol-nəqliyyat hadisəsi törədilərək 112 poqonmetr metal təhlükəsizlik yararsız hala salınıb. Dəyən ziyanın miqdarı 7212.80 AZN-dir.
M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 76-cı kilometrliyində, “Howo” markalı, 99-ED-343 dövlət qeydiyyat nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi törədilərək 136 poqonmetr metal təhlükəsizlik səddi yararsız hala salınıb. Dəyən ziyanın miqdarı 8758.40 AZN-dir.
M-3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci kilometrliyində, “Kamaz” markalı, 10-CP-082 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yol-nəqliyyat hadisəsi törədilərək 30 metr mühafizə çəpəri yararsız hala salınıb.
Ümumilikdə isə baş vermiş hadisələr zamanı yol təsərrüfatına 24 min manatdan artıq ziyan dəyib. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyəti üzrə göndərilib.