CƏMİYYƏT
Qida təhlükəsizliyi sahəsində çalışmaq istəyən məzunlarla görüş olub
Bakı, 24 iyun, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qida təhlükəsizliyi sahəsində çalışmaq istəyən universitet məzunları ilə görüşüb.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan Tibb Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və Azərbaycan Dövlət Aqrar Universitetinin məzunları iştirak ediblər.
Görüşün keçirilməsində məqsəd bacarıqlı kadrların seçilərək agentlik və onun tabeliyində fəaliyyət göstərən qurumlarda işə cəlb edilməsindən ibarət olub. Qeyd edilib ki, peşəkar kadrların yetişdirilməsi üçün tələbələr Qida Təhlükəsizliyi İnstitutu və tabeliyində fəaliyyət göstərən laboratoriyalarda müxtəlif təcrübə proqramlarına cəlb olunublar.
Sədr məzunlarla söhbət aparıb, onların bilik və bacarıqlarını qiymətləndirərək müvafiq struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verib. O, ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması və bu sahəyə peşəkar mütəxəssislərin cəlb edilməsi istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.