DÜNYA
Qırğızıstan-Tacikistan sərhədində atışma nəticəsində iki nəfər həlak olub
Bakı, 16 sentyabr, AZƏRTAC
Qırğızıstan-Tacikistan sərhədində baş verən silahlı münaqişə nəticəsində biri 15 yaşlı qız olmaqla, iki nəfər həyatını itirib.
AZƏRTAC “Kabar” agentliyinə istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qurumun məlumatında bildirilir ki, yerli vaxtla saat 18:00-a (Bakı vaxtı ilə 16:00) olan vəziyyətə əsasən, silahlı toqquşmalar zamanı yaralanan 55 nəfər xəstəxanalara gətirilib. Yaralılar arasında yeddi qadın və beş uşaq da var.
Son məlumata görə, sərhədyanı kəndlərindən 19 min nəfərə yaxın sakin təxliyə edilib.
Bu arada Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd Sammiti çərçivəsində Qırğızıstan Prezidenti Sadır Japarov və Tacikistan Prezidenti Emomali Rahmon arasında görüş olub. Görüşdə dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində yaranmış vəziyyət müzakirə olunub. İki ölkənin liderləri atəşin dayandırılması, həmçinin qüvvə və vasitələrin təmas xəttindən uzaqlaşdırlması üçün müvafiq strukturlara tapşırıq vermək barədə razılığa gəliblər.
Hazırda Bişkekdə Prezident Sadır Japarovun iştirakı ilə Qırğızıstan Təhlükəsizlik Şurasının iclası keçirilir.