DÜNYA
Qırğızıstan-Tacikistan sərhədindəki qarşıdurmada ölənlərin sayı artıb
Bişkek, 30 aprel, АZƏRTAC
Qırğızıstan-Tacikistan sərhədində vəziyyət gərgin olaraq qalır. Leylek rayonunda atışmalar fasilələrlə davam edir.
AZƏRTAC Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son məlumata görə, Qırğızıstan tərəfdən 13 nəfər ölüb, 134 nəfər yaralanıb. Tacikistan tərəfi “Mi-24” helikopterindən Batken rayonunun Tort-Koço və Çır-Dobo kəndlərini atəşə tutub. Tacik hərbçilər sərhəddəki zastavaları və postları aramsız atəş altında saxlayırlar.
Tacikistan mətbuatı yazır ki, qarşıdurmada 8 tacik ölüb, 110 adam yaralanıb.
Qırğızıstan Baş nazirinin birinci müavini Artyom Novikov və Dövlət Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev, digər əlaqədar qurumların rəhbərləri münaqişə zonasındadırlar.
Qırğızıstan parlamenti-Joqorku Keneşin bir qrup deputatı da münaqişə zonasına gedib, hərbçilərlə və evlərini tərk edən yerli sakinlərlə görüşüb.
Qarşıdurmanın tam tənzimlənməsi hələ ki, mümkün olmayıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek